Kimindir

Vikimənbə saytından
Kimindir
Müəllif: Çoban Əfqan
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014.

 
Səndən xəbər alım, ay Çoban Qara,
Bu var, dövlət, qızıl pullar kimindir?
Kim çəkir bu fani dünya keyfini,
Bu əziyyət çəkən qullar kimindir?

Gəlib gəlməyəli biz bu cahana,
Nökər olduq gah ağaya, gah xana.
Evdə uşağımız həsrətdir dona
Bəs ətlazlar, üstəgüllər kimindir?

Xoş gəlmir bizlərə bu qanlı dövran,
Alır da, satır da insanı insan.
Dözmür bu dərdlərə heç Çoban Əfqan,
Bizə nə var, bu xoş illər kimindir?!.