Kirpi (hekayə)
Kirpi Müəllif: Qriqori Qorin (1940-2000) Tərcümə edən: Firuzə Nəsibli |
Ruscadan tərcümə |
Atanın qırx yaşı, Slavikin isə on yaşı var idi, kirpi isə hələ balaca idi.
Slavik kirpini papağının içinə qoyub divana tərəf qaçdı. Atası divanda uzanıb böyük əhvali-ruhiyyə ilə istirahət edirdi, qəzet oxuyurdu. Slavik qışqırdı:
– Ata, bax!
Ata qəzeti kənara qoydu və kirpiyə baxdı. Kirpi fındıqburun və sevimli idi. Bir də ki, ata oğlunun heyvanlara olan sevgisindən həvəslənmişdi. Bundan başqa, ata özü də heyvanları sevirdi.
– Qəşəng kirpidir! – ata dedi, – sevimlidir! Haradan çıxdı bu?
– Bunu mənə bir oğlan həyətdə verdi, – Slavik cavab verdi.
– Deməli, hədiyyə eləyib? – ata dəqiqləşdirdi.
– Yox, biz bir-birimizlə dəyişmişik, – Slavik dedi, – O, mənə kirpini verdi, mən də ona bileti.
– Nə bilet?
– Lotereya bileti, – Slavik cavab verdi və kirpini döşəmənin üstünə qoydu, – ata, ona süd vermək lazımdır….
– Nə süd? – ata ciddi şəkildə dedi. – Lotereya bileti səndə haradan idi?
– Mən onu almışdım, – Slavik dedi.
– Kimdən?
– Küçədə bir dayı satırdı, ondan….. Belə biletlərdən o, çox satırdı. Otuz qəpiyə…Oy, bax, ata, kirpi divanın altına girdi….
– Burax görüm o kirpini! – ata əsəbi halda dedi və Slavikin yanında oturtdu.
– Sən öz lotereya biletini oğlana necə verdin?! …Bəlkə birdən elə oldu ki, o bilet uduldu?
– Udulubdur, – Slavik dedi və kirpiyə nəzarət elədi.
– Bəs o, nece uduldu? – ata yavaşca dedi və onun burnunu azacıq tər basdı.
– Nə uddular?
– Soyuducu! – Slavik cavab verdi və gülümsədi.
– Nə?! – ata çox təəccüblə baxdı. – Soyuducu?! Sən nə eləmisən?!… Haradan bilirsən bunu?!
– Necə yəni haradan? – Slavik dedi. – Mən onu qəzetlə yoxladım… Orada ilk rəqəmlər üst-üstə düşürdü… və qalanları da həmçinin…Seriya da eyni idi!… Artıq onları yoxlaya bilirəm, ata! Mən artıq böyümüşəm!
– Böyümüsən?! – ata dedi və bunu deyən kimi kirpi divanın altından çıxdı və qorxudan yumrulanıb büküldü. – Böyümüsən?! Soyuducunu kirpi ilə dəyişirsən?!
– Ancaq mən fikirləşdim, – Slavik qorxmuş vəziyyətdə dedi, – mən düşündüm ki, bizim soyuducumuz onsuz da var, amma kirpimiz yoxdur…..
– Sus! – ata qışqırdı və divandan durdu. – Kimdir? Kimdir bu oğlan?! Haradadır o?!
– O, qonşu evdə qalır, – Slavik dedi və ağladı.
– Adı Senyadır…..
– Gedirik! – ata yenə qışqırdı və kirpini əlinə aldı. – Tez ol, gedirik!
– Gəlmirəm… – Slavik dedi. – Soyuducu istəmirəm, kirpini istəyirəm!
– Tez gedirik, zırrama! – ata qışqırdı, – əgər bileti geri alsaq, mən sənə daha qəşəng kirpi alaram…..
– Yox…– Slavik bağırdı, – alma…. Senka da dəyişmək istəmir, mən onu güclə razı salmışam…..
– Bax elə indi də fikrindən döndərərsən! – ata istehza ilə dedi, – di tez ol!…
Senyanın səkkiz yaşı var idi. O, həyətin ortasında dayanmışdı və qorxa-qorxa bir əli ilə Slaviki dartıb gətirən, o biri əlində isə kirpini tutan və acıqlı görünən ataya baxdı.
– Hanı? – hərəkət etməkdən yorulan ata Senyadan soruşdu, – hanı bilet? O tikanlı heyvanını götür, bileti də qaytar!
– Məndə bilet-zad yoxdur, – Senya cavab verdi.
– Bəs onda hanı? – ata qışqırdı, – onu neylədin, sələmçi? Satdın?
– Mən ondan kağız quş düzəltdim… – Senya başını aşağı saldı və hönkürdü.
– Ağlama! – ata dedi və bir qədər rahat oldu.
– Ağlama, oğlum… Deməli, sən ondan kağız quş düzəltdin. Bəs bu kağız quş hanı?… Haradadır o?…
– O, evin damına – karniz tərəfə düşdü…. – Senya dedi.
– Hansı tərəfə?
– Bax o tərəfə! – Senya ikinci mərtəbənin karnizini göstərdi.
Ata paltosunu soyundu və su dirəyinin üstü ilə dırmaşmağa başladı. Uşaqlar isə aşağıdan heyranlıqla onu seyr edirdilər. İki dəfə ata sürüşdü, ancaq karnizə tam qalxa bildi və balaca sarı kağız quşu götürdü, hansı ki artıq su olduğundan bir az cırılmışdı. Ata aşağı endi və dərindən nəfəs aldı, bileti açdı və oxudu. Bilet iki ildir ki, çıxmışdı. Ata Slavikdən soruşdu:
– Sən bunu nə vaxt almışdın?
– Hələ ikinci sinifdə oxuyanda.
– Bəs nə vaxt yoxlamışdın?
– Dünən.
– Bu, o tiraj deyil…… – ata yorğun halda dedi.
– Nə olsun? Rəqəmlər ki eynidir….
Ata sakitcə səmtini dəyişdi və skamyada oturdu. Hirsindən sinəsində ürəyi döyünməyə başladı. Gözlərinin qabağında qırmızı çevrələr fırlanırdı… O, yavaşca başını aşağı endirdi.
– Ata, – Slavik yavaşca dedi, atasına yaxınlaşdı.
– Qanını qaraltma! Senka deyir ki, hər halda o, kirpini bizə verir…
– Çox sağ ol! – ata dedi, – çox sağ ol, Senya…..
O ayağa durdu və evlərinə getdi. Ata çox kədərlənmişdi. Başa düşmüşdü ki, tərəddüd etmədən soyuducunu kirpi ilə dəyişməklə heç vaxt gözəl sandığın anları geri qaytarmaq olmur.