Kirvə məni qonaq eylə

Vikimənbə saytından
Kirvə məni qonaq eylə
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Salam Əleyküm, Məşədi,
Məşədi bir ağa kişidi.
Kişi, əl- ayağım üşüdü,
Kirvə, məni qonaq eylə.

Gəlirdim Güllübulaqdan,
Boran da qaxdı qabaqdan.
Utan bizim kirvalıqdan,
Kirvə, məni qonaq eylə.

Bozqaladan qaxdı duman,
Şalvar altda yoxdu tuman.
Məşədidən qaçır iman,
Kirvə, məni qonaq eylə.

Görüm səni burda tək qal,
Qonaq eylə məndən haqq al.
Boynu yoğun, özü çaqqal,
Kirvə, məni qonaq eylə.

Boran imkan vermir əsir,
Maşqı da amanımı kəsir.
Aşıq Heydər tir- tir əsir,
Kirvə, məni qonaq eylə.