Kitabi-tarixi Qarabağ/Altıncı fəsil
←Kitabi-tarixi Qarabağ/Beşinci fəsil | Kitabi-tarixi Qarabağ Altıncı fəsil |
Kitabi-tarixi Qarabağ/Yeddinci fəsil→ |
"Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950) "Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989) Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, |
ŞUŞA QALASINI TƏMİR ETMƏYİ VƏ
BƏZİ İLAT-MAHALATINA İTAƏT EDİB,
XİDMƏTİNƏ GETMƏYİN VƏ PAREYİ
Çün mərhum Pənah xan 1162-ci il hicridə [1] Bayat qalasını təmir edib [2], dörd-beş il orada sakin olmuşdular. Baxıb gördülər ki, aran zəmindir, həmişə orada oturub dolanmaq mütəəssir olur. Yay fəsli olanda ilat əhli dağlara gedib, uzaq olurlar. Zərurət olanda onlara əl yetişmir. Ona görə məsləhət bilib Tərnəküt qalasını ki, indi Şahbulaq adlanır, bina eylədilər. Pəs böyük çeşmə başında bir bala tülənnək üstündə məzənnə edib, yaxşı mühəndis, peşə adamları ilə bir böyük hasari-vəsi tərh edib uca yerdə qala tikib bazar və hamam və çarsu və məscid təmir etdirib və tamam ilat böyüklərinin sükunəti üçün evlər bina etdirib. 1175-ci il hicridə [3] öz evini və tamam mülazim və məxsuslarının evlərini və mahal böyüklərinin evlərini cəm qılıb qələyi-Şahbulaqda sükunət qılıb mütəməkkin oldular və üç-dörd ildə orada istiqlali-təmam ilə əyləndilər. Pənah xanın avazəsi və istiqlah və şöhrəticəmiyyət və tərəqqisi və calalı günbəgün iştihari-təmam bulub ətraf və əknafın cümləsində məşhur oldu və tamam Gəncə, Şəki, Şirvan, Qaradağ, Naxçıvan və İrəvan xəvanini rəsəl və rəsail və mürasilat və peşkəş və töhəf və sovqatlar Pənah xana göndərib, izhari-xüsusiyyət və məvəddət və dusti və yeganəki və ülfət qoyardılar və əksəri xəvaninin övladlarından zəval rəsmi ilə Pənah xan öz yanına götürüb, qəleyi-Şahbulaqda saxlardı və bir parası ilə qövmlük edib və bəzilərilə dostluq və ülfət edib və bəzilərinə zor qılıb. Qərəz ki, Məğri, Günay və Çuldur mahallarını, ta Bərgüşad çayınadək Qaradağ hakiminin təsəllütündən və Tatif və Sisiyan mahallarını Naxçıvan hakimindən əxz eylədi və Zəngəzur və Qapanatı Təbriz bəylərbəyisindən intiza etdi və Tərtər çayı (sahilindəki) Uşacıq günbəzindən yuxarı, ta Göyçə sərhədinədək ki, Kolanı məskənidir və İrəvana tabedir, İrəvan hakimindən zəbt eylədi və Xudafərin körpüsündən, ta Gəncənin Kürək çayınadək xəvanini-Gəncənin əlində olardı. Gəncə xəvanilərindən əlinə keçirdi və bunlardan maəda Kəngərli dəstəsi ki, bir minbaşıya tabe idilər və Naxçıvan elidir, Naxçıvandan gəliblər və Dəmirçi Həsənli ki, Gürcüstan Dəmirçi Həsənlisindən gəlmədir və bir minbaşıya mütəəlliqdir və Cinni tayfası yenə bir minbaşıya tabe idilər. Onlar da Gürcüstandan gəlmədir və Gürcüstan elidirlər. Təmamən Pənah xanın avazeyi-hörmət və məhəbbət və riayəti səbəbinə və yaxşılığına görə ətraf vilayətlərdən gəliblər onun yanına və məcmuinə Qarabağda yurt və məskən və məkan və məhəlli-təiş və güzəran, yaylaq və aran verib və izzətlər edibdir. Hamı ona müti və mənqad olublar və xidmət və təbəiyyət edib, yanında qalıblar ki, şimdi təmamisi Qarabağ əhli cümləsinə mülhəq olub Qarabağ hesab olunurlar. Əlqissə üç-dörd il var idi ki, Tərnəküt qalasında sakin olmuşdular ki, Qacar Məhəmməd Həsən xan validi -Ağa Məhəmməd xan Mazəndəran, İraq, Fars və Azərbaycan məmləkətlərində istiqlal behəm yetirib, şöhrət və avazəsi iştihar buldu və çün həmə övqat Pənah xanın kargüzarları və hüzurunun xəvasları və ixtiyarları hökumət fikrindən qafil olmazdılar, fikr və tədbirlər əndişə edib Pənah xanın səlah və işarəsilə məsləhəti bu növ gördülər ki, “çün Nadir şahın vəfatından sonra müddətlər ki, Əliqulu xan və Əmiraslan xan ilə müdara edib və rəbti-dostluq və ittihad var idi. Ola bilər ki, Məhəmməd Həsən xan ilə şöylə süluk və rəftar məqdur olmaya və o gunə müvafiqəti qəbul qılmaya və xəvanini-ətrafdan dəxi o qədər xatircəmliyimiz yoxdur və batində bəzilərinin bizimlə həsəd və ədavəti çoxdur və şayəd ki, onlar Məhəmməd Həsən xanı təhrik edələr və onunla ittifaq olub gəlib bizimlə dava və münaziə başlayalar və Qarabağın əmval və əhşamı Qızılbaş qoşunlarının paymalı ola. Bizlər bu Şahbulaq qalasında oturub şöylə qəvi olan düşmənə və
xəvanini-ətrafa cavab verə bilmərik. Bilmərrə müstəsil oluruq”. Pəs əlacı vaqiə piş əz vüqu bayəd kərd [4] babından lazımdır ki, bir yaxşı möhkəm və münasib məkanda bir yaxşı məstəhkəm qala bina edək ki, əbədi və həmişəlik ola və ortalıq ola ki, aran və yaylaq, hər ikisi əldə ola. Bir tərəfi güşad ola ki, yaylaqda onların qaladan xəbərdarlığı və əlləri üzülməyə və mütləğa qəvi olan düşmənlər onu təxir etməyə qadir olmayalar və bu məsləhəti Məlik Şahnəzər bəygilə həmişə sədaqət və xeyirxahlıqda var idi, eylədilər. Onun məsləhəti və rəhnümalığı və səvabdidi ilə bu Şuşa qalasının binasına müsəmməm oldular. Pəs əvvəla neçə nəfər əhli-vüquf və kardan kamil və aqil əşxaslardan göndərdilər ki, ətraf və cəvanibdən şöylə qala binası üçün yer tapsınlar. Pəs gedib gəzib və baxıb həmin Şuşa qalasının yerini ki, şul vaxtda Şuşa kəndinin sakinlərinin cüzvü otlaq və biçənək yerləri idi tapıb, gördülər ki, hər babda layiqdir. Nəhayət, içində bir cari suyu yox idi, məgər inki iki-üç balaca çeşməsi var idi ki, şöylə cəmiyyətikamil və şəhri-qabil üçün kifayət edən deyildi. Pəs səlah və məzənnə olan yerlərdən sudan ötrü quyu bina etdilər, gördülər ki, su çıxar. Məlum əksər məkanlarından su çıxandır. Gəlib mərhum Pənah xanı hali eylədilər və xan özü də neçə nəfər xəvasları ilə gəlib baxıb, bu növ qabil gördülər. Bəd əz an təmirinə ağaz edib 1170 hicridə mütabiqa səneyi məsahiyə 1753-cü ildə qalanı qayırıb [5] tamam Şahbulaqda olan evlərin və əyan və əşxas məliklər və ilat kəndxudaları və böyüklərinin və mülazimlərinin evlərini oraya gətirib və əlavə kəndlərdən və ilatın bəzilərindən çox evləri köçürüb gətirib qala içində onlara yurd, məqam və mənzil verib mərqub olan şəhər və abadanlıq qayırdı. Adını Pənahabad qoyub o ism ilə pullar məskun etdilər ki, avazası iqlimlərdə məşhur oldu. Ondan irəli heç bir əsrdə orada abadanlıq olmamışdı. Həmin ki, qalanın altı verstliyində vaqe olan Şuşa kəndinin otlaq yerləri idi ki, Pənah xan mərhum abad edibdir. Çün qala tamam oldu və orada möhkəmlənib aram və qərar və tədarükat əmələ gəlməkdən bir il müddəti keçmişdi, Məhəmməd Həsən Qacar ki, Ağa Məhəmməd şahın atası idi, İraq və Azərbaycan sipahından cəmiyyəti-mövhur və əsakiri-naməhsur götürüb Pənah xanın tənbehi və Şuşa qalasının təsxiri üçün Qarabağa azim oldu. Gəlib Arazı keçib, qalanın dörd ağaclığında vaqe olan Xatun arxı mənzilində ordu əylədi və xatirindən keçirdi ki, bəlkə Pənah xan itaətə gəlib bilamünaziə qalanı təslim edə. Müddəti-bir ay orada oturub hay-huy etdi. Baxıb gördü ki, Pənah xan məhəlgüzar olmaz çəndan mənzuruna olmaz, hənuz qalaya yavuq gəlməmiş ki, Qarabağın əhli və quldurları, ordu əhlinin at və qatır və çarpalarına küllü qarət və zərərlər həm yetirmişdilər. Bu əsnada daldan Məhəmməd Həsən xana xəbər yetişdi ki, Kərim xan Zənd Şiraz və Fars məmləkətlərində istiqlal bulub və sahibi-dayə olub iddiai-səltənət ilə əsakiri-firavan cəm edib Şiraz şəhərindən İran və Mazandaran təsxirinə müsəmməm və azim olubdur. Pəs bu əhvalata görə Məhəmməd Həsən xan qala almağı, Gəncə və Şirvanatı müsəxxər qılmaq ki, məqsudi-zəmiri idi, mövquf edib çox istecal ilə müraciət qılıb Mazandaran və İraqi-Fars tərəfinə mütəvəcceh oldu. Belə ki, gedəndə təcilindən öz qalakub olan topların dəxi Xatun arxında qoyub getmişdi ki, haman toplar ilə 1826-cı ildə qızılbaş qoşunu gəlib, qalanı mühasirə edən zamanda imnayi-dövləti-Rusiya onlardan istifadə edirdilər. Əlqissə, Məhəmməd Həsən xan buradan qayıdıb, təcili-tamam ilə İraq məmləkətinə gedib yetişənədək Kərim xan Zənd tamami-Fars və Mazandaran vilayətlərini və İraq məmləkətindən əksərini təsərrüfə gətirib Məhəmməd Həsən xanın müqatilə və müdafıəsinə amadə olmuşdu. Pəs Məhəmməd Həsən xan dəxi bu tərəfdən, Azərbaycandan və sairlərdən əsakiri-şayan və ləşkəri-külli münəcid edib Kərim xanın dəfinə əzmi tamam üə mütəvəcceh oldu və çün bəxtü dövlət və fəthü nüsrət xudavəndi-aləmin ətiyyeyi-üzmalarından və məğadiri-kübralarındandır. Neçə nəfər adam Məhəmməd Həsən xanın öz xəvas və məhrəmlərindən xəyanət fikrinə düşüb Məhəmməd Həsən xanı qətlə yetirdilər və başını kəsib ənam və mənsəb təmənnası üçün Kərim xanın hüzuruna apardılar. Əz anca ki, nəcib və böyük kəslərə görə şöylə böyük və əzim sərdarlarının təəssübü şöylə məzmum və şəni işlərdə sərdarlara yetişir. Kərim xan Məhəmməd Həsən xanın qatillərini tutub lazımeyi-siyasəti-kamil edib ənam və mərhəmətdən məhrum eylədi ki, qeyrilər üçün ibrəti-nazirin olub, bundan sonra heç kimsə dəxi öz vəli ünnemətlərinə ağ olub, bir də şöylə şeni olan əfala mürtəkib olmasınlar, bir şəxsin nəməkpərvəri olub, nəfsü həva və iblisi-bihəya əğvasilə ona fikri-xəyanət qılmasınlar.
Qeydlər
[redaktə]- ↑ Miladi tarixi ilə 1749-cu il. Mirzə Camala görə Bayat qalası 1161 (1748)-ci ildə tikilmişdir (Mirzə Camal. Qarabağ tarixi, səh.15). Mirzə Adıgözəl bəy də qalanın 1161/1748-ci ildə tikildiyini, səngər, sığnaq və qərargah saldırıldığını bildirir (Mirzə Adıgözəl bəy. Qarabağnamə, səh.56).
- ↑ 2 Burada və aşağıda təmir sözü tikmək, inşa etmək mənasında işlədilir.
- ↑ Hicri 1175-ci il miladi 1761/1762-ci ilə uyğundur. Fikrimizcə, bu tarix səhvdir. Mirzə Adıgözəl bəy və Mirzə Camal tikinti işlərinin 1165/1751-1752-ci ildə sona çatdığını yazırlar (Mirzə Adıgözəl bəy. Qarabağnamə, səh.58; Mirzə Camal. Qarabağ tarixi, səh.17).
- ↑ Tərcüməsi: Hadisə baş verməzdən əvvəl çarə qılmaq lazımdır.
- ↑ Hicri 1170-ci il miladi 1756-1757-ci ilə təsadüf edir. Şuşa qalasının tikintisi, Mirzə Adıgözəl bəyin “Qarabağnamə”sinə şərh yazanlar qeyd edirlər ki, 1752-ci ildə başa çatmışdır. (Mirzə Adıgözəl bəy. “Qarabağnamə”, səh.65-66).