Məzmuna keç

Kitabi-tarixi Qarabağ/On yeddinci fəsil

Vikimənbə saytından
Kitabi-tarixi Qarabağ/On altıncı fəsil Kitabi-tarixi Qarabağ On yeddinci fəsil

Kitabi-tarixi Qarabağ/On səkkizinci fəsil
"Qarabağnamə" (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006,


SƏRDAR SİSİANOVUN İRƏVAN SÖVBİNƏ

HƏRƏKƏT ETMƏYİN VƏ ORADA FƏTƏLİ
ŞAH VƏ NAİBÜSSƏLTƏNƏ ABBAS MİRZƏ
GƏLİB, DAVALAR OLUB, İRƏVANDAN
Bİ NEYL-MƏRAM QAYIDIB, GÜRCÜSTANA

MÜRACİƏT ETMƏYİN BƏYAN EDƏR

Çün İrəvan hakimi Məhəmməd xan və Naxçıvan hakimi Kəlbəli xan hər ikisi Fətəli şahdan xaif və harasan var idilər, o səbəbə şahdan qaçıb İrəvanda sakin olurdular. Oradan 1804-cü ildə hər ikisi sərdar knyaz Sisianovun hüzuruna elçi və qasid göndərib, sığınacaq təmənnası edib, öhdəsinə götürmüşdülər ki, hərgah sərdar bu tərəfə təşrif gətirib, bizlərə kömək və yarlıq edə, biz qəleyi-İrəvanı ona təslim edib və özümüz dövləti-Rusiyaya itaət edib, xidmətgüzar oluruq. Zira ki, Fətəli şah o dəmlərdə öz oğlu və vəliəhdi olan naibüs-səltənə Abbas Mirzəni məmur etmişdi ki, onların tənbehi üçün İrəvan üstə gələ. O da, tədarükdə idi ki, gəlsin. Lihaza sərdar knyaz Sisianov Gəncə şəhərini zəbt və kütləvi qırğın və sakit edəndən sonra qayıdıb o qışı Tiflisdə qalıb, yaz açılanda İrəvan səmtinə hərəkət elədi. Köç bir köç gəlib, ta ki, Üçkilsəyə yetişənədək. O tərəfdən Abbas Mirzə naibüssəltənə ki, o zamanlarda tifli-Səğir idi, şah tərəfindən məmur olub, çox sərkərdələr ilə və çoxlu əsgərlərlə İrəvan üstünə və sərdar Sisianovun müqabilinə gəlməkdə idi. Gəlib yetişib Üçkilsədə təlaqiyi-fariqin və təqabülü-əsgərin vaqe oldu. Dava düşüb bir əzim cəngi-sultani baş verdi ki, tez torpağın göyə qalxmasından hər tərəf və göy üzərində günəşin də rəng və rüxsarı gecə zülməti kimi tirə və tar oldu. Rusiya əsgərləri o günü üç tip olmuşdular. Qızılbaş qoşunu onlara bir növ həmləvər və bir şiddət ilə hücum avər oldular ki, işıqlı dünya onların gözlərinə tirə və siyah olub, bir-birlərindən bixəbər oldular. Hər birisi belə xəyal eylədilər ki, o biri dəstələri məğlub və mənkub ediblər. Sərasimlik onlara üz verib ta bir vaxtadək ki, toz-torpaq yatıb, hava açıldı. Rusiyalılar nəzzarə qılıb gördülər ki, məcmusu sağ-salamatdırlar. Qızılbaş dəxi bu əhvalı gördülər ki, hər nə tələf olubdursa, bunlardan imiş. Heyrət edib, oradan köçüb, gedib İrəvanın dağ səmtində Kənəkir adlı məhəllədə ki, bir mömən, müstəhkəm idi, orada düşüb, ordu bazar edib əyləndilər. Sisianov orada qalıb bir neçə gün istirahət etdi. Vəqti ki, qoşun aram və ağayiş qıldı, ondan qalxıb onların dalınca və canibə yola düşdülər. İttifaqən axşamçağı idi. Onlara yetişib qəflətən həmlə elədilər. Qızılbaş ləşkəri bu halı müşahidə edərək, hərasan olub, sərreşteyi-intizamı buraxıb, qaçdılar. Tamam ordu bazarları cabəca qalıb, tamam qəni-mətlərini, xeymə və xərgahlarını Rusiya qoşunu ələ keçirdi. Bəd əz an oradan köçüb İrəvanı mühasirə etmək bina etdilər. Bu əsnada Fətəli şah özü sipahi-əzim və ləşkəri-kəsir ilə gəlib, Dəvəli nam məhəldə [1] yolboyu Abbas Mirzəyə birləşib, birlikdə Rusiya qoşunu İrəvanı mühasirə etmiş ikən onları mühasirə elədilər. Bir növ ilə onları əhatə qıldılar ki, rahi-tərəddüd qət olub azuqə və başqa ehtiyaclar Rusiya qoşununa heç bir tərəfdən gəlmək məqdur olmadı. Pəs çarə və güzəran yolunu onlara şöylə məsbud etdilər ki, Gürcüstan knyazlarından Sisianov ilə o səfərdən həmrah və həmsəfər olanları o girdabdan qaçmaq istərkən qaçmaq yolu da tapmayıb, Qızılbaş qoşununa düçar və giriftarikəməndi üsar olmuşdular. Bu halda Fətəli şah oradan Pirqulu xan sərdarı, valiyi-Gürcüstan Aleksandr mirzə ilə Tiflisə yola saldı ki, gedib orada zəbti-vilayətə məşğul olalar. Onlar dəxi müstəcilən gedib Gürcüstana əzim şurim və inqilab saldılar. Tamam Qazax, Borçalı ilatını Rusiya dövlətindən rugərdan edib, bircə məhz Tiflis şəhərindən və Şəmsəddinlidən savayı məcmuən Gürcüstanın ilat və dihatının dönüklük edib, hətta Başıaçığa gedən valizadələr dəxi qayıdıb gəlib valiyə mülhəd olub, üsyan və tüğyan təbilini bülənd avaz elədilər. Qarakilsə kəndində bir qəlil soldat var idi. Kəndin əhli ilə onları dəxi mühasirə etmişdilər. Təngnayi-mühasirədə qalıb, müddəti-mütəmadi əsarət çəkirdilər. Əlqissə, müqəddimə bu növ olub: Sərdar Sisianovun qoşunundan azuqə və zəxirə qurtarıb və kəmyab olub. İrəvandan mayor Kondratovu ki, qara mayor xitab edirdilər, 150 nəfər soldat ilə yola saldılar. Sisianov məlik Əbu oğlu Rüstəm bəyi dəxi öz təvabeləri ilə onlara qoşub, göndərdi ki, gedib Gürcüstan tərəfindən zəxirə gətirsinlər. Qızılbaş qoşunlan xəbərdar olub onların dalınca gedib, üç gün dava-gunan apardılar. Pəmbəkə vüsal olacaq, valizadələr Pirqulu sərdara elan etdilər ki, üç gün müddəti bunlar ilə cəng etmişik. Nəinki bunlar, bəlkə özümüz də cana yetişmişik. Gərəkdir ki, bizə kömək edəsiniz. Pirqulu sərdar və valizadələr dəxi onların müavinətinə gəldilər. O camaata mülhəq oldular. Sübh çağından, ta axşamadək müharibə etdilər. Çox adamlar tələf oldular. Nə qədər ki, mayor zəxmdar olmamışdı, bazari-girudvar kərimdi, elə ki mayor üç yerdən güllə ilə zəxmdar oldu, döyüş meydanı söndü, mayor öldü və əsgərlər əzildi və soldatlar pərakəndə olub, ermənilər dəxi fərar edib bir mağarı özlərinə məlcə və məskən qıldılar. Axırül-əmr giriftar və əsir oldular. Pəs haman qoşun oradan qurtarıb qayıdıb Qarakilsəni mühasirə etdilər və orada qübari-fıtnə və fəsadi-çərxi-fəvvarə yol verdilər. Qubernator Tiflisdən iki yüz araba zəxirə bir az soldat ilə serdarın qoşununa irsal etdirdi. Onlar dəxi gəlib, yaylaqda Cığı [2] adlı mənzildə düşdülər. Pəs haman dəm orada sakin olan ilatlar gəlib onların keçidlərini tutdular. Onlarlın qitalına müntəzir və mühəyya oldular. Elə ki, o soldatlar übur və çarə yolunu məsdud gördülər, haman arabaları özlərinə səngər qayırıb oturdular. Bir sürü qoyun onların əhşamından götürüb, daxili-səngər edib, sərf qıldılar və məşquli-xudadari və müdafiə oldular. O camaat dəxi nə qədər səy və ehtimam elədilər, təsxiri səngərlərdən aciz olub, müstəqir qaldılar. Axır əhvalı Pirqulu sərdara məlum və hali qıldılar. Pirqulu sərdar dəxi tez hərə-kət edib oraya gəldi. Nə qədər ciddi-cəhd ilə tədbirlər əmələ gətirdisə, onları və səngəri almaq məqdur və müyəssər olmayıb, aciz qaldılar. Axırül-əmr zəfər bulmayıb, bineyi-məram, həsrəti maləkəlam ilə hirsindən və həyəcandan xəcalət çəkib ağlarmış. Bu əhval Tiflisdə müntəşir olub, bir general ilə üç yüz soldat və dörd arabada top göndərdilər ki, təcili-təmam ilə özlərini onların köməyinə yetirsinlər. Birlikdə o ehtiyatı sərdarın qoşununa gətirsinlər. Çün general məzkur səngərdə olan qoşuna mülhəq oldu, dəxi bir kimsə cürət edib, səmtlərinə gəlmədi. Pirqulu sərdar dəxi döyüş meydanına əzm qılmadı. Zəkirəni səhih və salamat oradan götürüb, Qarakilsəyə yetirdilər. Əlqissə, o döyüşdə şah özü bir tərəfdən və naibüssəltənə bir tərəfdən, Məhəmməd xan və Kəlbəli xan dəxi öz əhdlərindən nigül edib, qalanı sərdara verməyə qoymadılar. Ətraf və əknafı tamam Qızılbaş qoşunu tutub, mütləqa azuqə və zəkirə gəlməyə qoymadılar. Dəfələrlə davalar olub, hər iki canibdən çox qoşunlar tələf oldu. Küllü zərərlər hasil buldu. Sərdar Sisianov baxıb gördü ki, zəxirə gəlmədi, qala dəxi ələ keçmədi, qızdırma və qeyri naxoşluq dəxi qoşuna tari oldu. Şöylə hal ilə İrəvanda məks etməyi dəxi məsləhət bilməyib, pəs oradan müraciət edib Qarakilsəyə gəldi. Orada zəxirəni qoşununa təqsim qıldı. Elə ki Pirqulu xan sərdar və müxalifətçi valizadəgan bu əhval və ətvan mülahizə qıldılar, xaib və xasib olub naçar öz əşhəbi-müraciəti tez rəftar edib qayıdıb Gürcüstandan çıxıb, yenə Qızılbaş ordusuna qoşuldular. Çün Məhəmməd xan İrəvanlı və Kəlbəli xan Naxçıvanlı öz əhdlərini sındırıb, qalanı sərdara məsdub edib, Qızılbaş qoşununu qalaya daxil etmişdilər. Naibüssəltənə Kəlbəli xanı məcmu əhli və əyah ilə köçürüb Tehrana yolladı. Məhəmməd xanın dəxi hökumət və xanlığını qət edib. Qacar Mehdiqulu xanı İrəvanda hökumət əmrinə mənsub elədi. Şul əhdü xəyanətin əvəzində xəsarət və nədamətdən qeyri bir səmərə və mənfəət görmədilər. Əlqissə, sərdari-əzəm knyaz Sisianov elə ki İrəvandan qayıdıb, qoşun ilə Qarakilsəyə varid oldu, ilati Borçalı və sair camaat əhaliyü-Gürcüstan ki, dövləti-qəvibünyan Rusiyadan, rukərdan olub, həvayi-Qızılbaşiyə ilə havalar başlamışdılar. Sərdarın gəlməyini eşidəndə öz napəsənd əməllərinə binaən xahiş etdilər ki, dəxi Gürcüstanda durmayıb, köçüb Qarabağa gedələr. Fərarı qərara ixtiyar edib üstün tutub qədim vətənlərini tərk edələr. Mayor Lisaneviç xəbərdar olub, Nəsib bəyin ittifaqı ilə gəlib, onlara çox möizələr və xoşagələn nəsihətlər edib, niyyətlərindən dönməyi dedilər və təsəlli-verici sözlərlə onları xatircəm edib, qərini aramiş qılıb əyləndilər, ta ki, sərdar Gürcüstan torpağına varid olub, şul ilat ağalarını izhar edib, onlara bir para tünd və tələx hədə-qorxular gəldi. Sonra dəxi cəhalət və nabələdlikləri səbəbinə, təqsiratlarını əfv və güzəşt edib, haman buyurdu ki, gərək hər nə qədər əmvali-mənhubə ki, Gürcüstandan qarət edib, aparıbsınız tamamilə öz sahiblərinə qaytarasız. Ondan sonra daxili Gürcüstan oldu. Bir neçə gün asayişdən sonra Gürcüstanın kuhnəşinlərindən yağı və tağı olanların istimalına gedib onları qəriniaramiş və ətraflara asayiş verəndən sonra qayıdıb daxili-şəhri-Tiflis oldu. Və qış mövsümünü keçirəndən sonra yaz fəslində Gəncəyə gəldi.

Qeydlər

[redaktə]
  1. Qədim adı Dəvəli olan bu şəhərin adını sovet dövründə ermənilər dəyişdirib “Ararat” qoymuşlar.
  2. Mirzə Adıgözəl bəy “Qarabağnamə”sində (səh.106) Cılğı kimi göstərilmişdir.