Məzmuna keç

Knyaz/Üçüncü pərdə

Vikimənbə saytından
İkinci pərdə Knyaz. Üçüncü pərdə
Müəllif: Hüseyn Cavid
Dördüncü pərdə


Tiflisdə gürcü zevqinə uyğun xalça və mebellərlə süslü bir salon. Ortada yarıaçılmış ipək pərdəli qapıdan misafir dolu ikinci oda görünür. Içəridə kamançada "şur" çalınar. Şubat gecəsi… Ş a k r о yarımsərxoş olaraq içəridən salona keçər. Digər qapıdan dalğın M a r q о əlində boş təpsi gələr.

Ş a k r о
Marqo! Sən pək kədərlisin bu gecə.

M a r q о
Bana matəm gəlir bu əyləncə.
Könül ağlarsa üz gülərmi, düşün!
Qanlı məhbəsdə Antonum çürüsün,
Siz ziyafət yapıb da sərxoş olun.

Ş a k r о
Neyləyim, həp inad edər oğlun.
Ona çoq yalvarıb-yaqardım bən,
Bəhs edər daim əski məsləkdən.

M a r q о
(kinayəli)
Siz ki, məsləkcə birdiniz?!

Ş a k r о
Nə yalan!
Bunu kim söylüyor?

M a r q о
Rəzil insan!
Səndə bir zərrə yoq şərəf, əxlaq.

Ş a k r о
Bənim ən doğru məsləkim ancaq
Yaşamaq zevqi… Başqa şey bilməm,
Dəyişir məsləkim zərər görsəm.
Bən sanırdım ki, inqilab er-gec
Saracaq yurdu… Sonra baqdım heç…
(Əli ilə rədd edir.)

M a r q о
Gündə bir rəngə, gündə bir yola gir,
Batsa dünya, düşünmə…

Ş a k r о
Sus, yetişir!..
Çabuq ol, haydı, boş qədəhləri al.
Şimdi Knyaz qızar…
(İçəri girər.)

M a r q о
(onu izləyərək)
Səfil, abdal!..

K n y a z
(pək sərxoş olaraq Solomonla qol-qola içəridən çıqar. Daşqın və coşğun qəhqəhələrlə)
Bunu kim zənn edərdi, hey, gidi, hey!
Dəyişərmiş cihanda, baq, hər şey…
İştə gördünmü, qəhrəman ordu
Güldürür sətvətilə şən yurdu.
Bolşevik ordusilə çarpışaraq
Göstərir, bizdədir zəfər ancaq.
(Məğrur və həyəcanlı.)
Yaşasın gürcü xalqı! Bin yaşasın!..

S о l о m о n
Daha dur, gürləyib öyünmə, saqın!

K n y a z
Nə demək?!

S о l о m о n
Kim bilir, yarın nə olur?!

K n y a z
Nə olur?

S о l о m о n
Başqa bir xəbər duyulur.

K n y a z
(istehzalı qəhqəhəylə)
Nə xəbər? Gürcü xalqı iştə cəsur,
Çarpışıb hər hücumu dəf’ ediyor,
Səndə lakin nədənsə yoq iman.

S о l о m о n
Nə yaparsın ki, sisli bir böhran
Daima bəndə şübhələr doğurur,
Sən fəqət həp fərəhli, həp məğrur.

K n y a z
(şən gülüşlərlə)
Bunca bədbin olub da sızlama, dur,
Kim sinirdən qəvisə, qalib olur!
Yan odaya keçərlər. Bu sırada yarımsərxoş bir halda bir kinto əlində böyük bir gül dəməti salona soqulur. Onu izləyən Ş a k r о isə mane olmaq istər.

Ş a k r о
Dur da, sərsəm hərif!..

K i n t о
Bıraq!

Ş a k r о
Rədd ol!

K i n t о
Dəli şeytan diyor, bu tükləri yol.
(Şakronu saqalından yaqalamaq istər.)

Ş a k r о
Dəf’ ol artıq.

K i n t о
(gülərək)
Yoq orda bir qopacaq,
Həpsi üç tük ola ya yoq ancaq.

Ş a k r о
Haydı, çıq, haydı!

K i n t о
Nerdədir Knyaz?
Ona bən gül gətirmişim.

Ş a k r о
(mane olur)
Yaramaz!

K i n t о
(yan baqaraq)
Kösə gördüm, fəqət sənin kibi yoq.

Ş a k r о
Sus da, azğın hərif!

K i n t о
Sayıqlama çoq.

Ş a k r о
(gül dəmətini göstərir)
Bu niçin? Burda yoq düyün, bayram,
Bir gəlin köçmüyor…

K i n t о
(ətrafa)
Sarsaq adam!..
(Şakroya)
Knyazın halı bəllidir, daim
Ona bən güllər etmişim təqdim.
О da bol-bol hədiyyələr vermiş,
Olma əngəl, saqın, bu pək güc iş.

Bu sırada şaşqın, bənzi uçmuş bir m i s a f i r gələr. Şakroya

M i s a f i r
Zənn edərsəm bizim xanım burada.
Onu lütfən çağır…

Ş a k r о
Nə var, əcəba?

M i s a f i r
Vacib işlər var evdə…

Ş a k r о
Hiç yaramaz,
Hiç bıraqmaz, əmin olun, Knyaz.

K n y a z
(çıqar)
Buyurun, pək gecikdiniz.
Əl verərlər.

M i s a f i r
(təlaşla)
Müdhiş…
Duyduğum pək fəna xəbər.

K n y a z
Nə imiş?

M i s a f i r
Vaz keçin siz bu eyşü işrətdən.

K n y a z
Nə için pək təlaş edərsin sən?

M i s a f i r
Nə qadar inqilabçı varsa; bütün
Toplayıb şimdi etdilər sürgün.
Sanki Tiflisdə yoqdu yer, ancaq
Kutais məhbəsində saqlanacaq.

K i n t о
(arqadan)
Ya hökumət nə istiyor, daha хoş.

K n y a z
Öylə ya, doğru söylüyor…

M i s a f i r
(Kintonu süzərək)
Sərxoş!

K n y a z
Nə zərər var sürülsə azğınlar.

M i s a f i r
Hiç zərər yoq, bıraq asılsınlar,
Daha əngəlli bir xəbər var, əvət.
Bizi sarmış da kinli bir qüdrət.
Söylənənlər həqiqət olsa, yarın
Bolşevik pəncəsindəyik, aydın.
Söylüyorlar uzaqda dəhşət var,
Arabir patlayıb durur toplar.

K n y a z
(qolundan tutaraq)
Gəl canım, kim nə dersə həpsi yalan,
Bunu uydursa, uydurur düşman.

K i n t о
Həp çürük, boş laqırtı… Doğrusu az.

K n y a z
İştə gördünmü, afərin!

K i n t о
Knyaz!
Sizə güllər gətirmişim…

K n y a z
(Şakronu göstərərək)
Ver ona.
(Kinto gül dəmətini Şakroya verər.)
İştə al, keyf için yarar bu sana.
(Para verər.)

K i n t о
(paraları alar)
Knyazın əskik olmasın kərəmi,
Var olun!..
(Knyazın verdiyi paraları Şakroya göstərər.)
İştə, çatla, öl, eyimi?
(Gedər.)

K n y a z
(misafirə)
Gəl, canım, ordu var, hökumət var,
Keyfə baq, boş quruntudan nə çıqar?
Şakro qurnaz, gedər də doğru-yalan,
Hər nə var, öyrənib gəlir əl’an.

Şakro çıqar. Dışarıda, pək uzaqda iki top atılar. L e n a ilə J a s m e n salona keçər. Bə’zi m i s a f i r l ə r də onları izlər.

B i r i n c i m i s a f i r
Bu nə? Düşmanmı?

İ k i n c i m i s a f i r
Bolşevik topumu?

K n y a z
Sanırım bir manevra olmalı bu…

S о l о m о n
Xayır, əsla, saqın, inanma, xayır…

K n y a z
(istehzalı təbəssümlə)
Dur, canım…

S о l о m о n
Yoq, lətifə sanma, xayır.

Knyaz Solomonla bərabər çıqar. Salondakılar da dışarı fırlar. Içəridə çalqı ilə bərabər gənclər tərəfindən "Corciaşvili" nəğməsi oqunur. Bir az sonra Jasmenlə Lena geri dönər.

L e n a
(həyəcan və təlaşla)
Bu nə?!

J a s m e n
Corciaşvili.

L e n a
Ah, Jasmen!
Gir də, susdur bu sayğısızları sən.

J a s m e n
Nə için?

L e n a
İnqilabçı nəğməsi bu.

J a s m e n
Sadə bir şeydir, istəməz qorqu.

L e n a
Sadə bir şeymi?!

J a s m e n
Get də, sən söylə.
(Geri dönən Şakroya.)
Bir xəbər bildinizmi?

Ş a k r о
Yoq, öylə
Bəlli, aydınca bir xəbər yoqmuş.
(Oquyub-çalanlara işarətlə.)
Bu nasıl nəğmə?

J a s m e n
İştə həp sərxoş…

Ş a k r о
Görsə, yoq şübhə, çıldırır Knyaz.

L e n a
Durma, gir söylə, böylə şey yaramaz.
Şakro içəri fırlar. Jasmen və Lena da çıqar.

K n y a z
(Solomonla bərabər gələr. Şaşqın və qızğın)
Nə rəzalət, nədir bu azğınlıq!?
Başqa bir nəğmə yoqmu?
(Girib susdurmaq istər.)

S о l о m о n
(qolundan tutaraq)
Dur azacıq,
Görüyorsun dumanlıdır qafalar…
Bu halda içəridəkilər susar.
İştə baq, susdular.

K n y a z
Fəqət nə çıqar…
Sayğısızlıq bu, həm də bir təhqir,
Kimdir onlar?

S о l о m о n
Bıraq, canım yetişir.

Marqo əlində qırıq qədəhlərlə dolu bir təpsi misafir odasından çıqar.

L e n a
(onu tə’qib və təsəlli edərək)
Marqo can, hiç sıqılma, hər qırılan
Qədəh olsun… Deyil bu öylə ziyan.

K n y a z
(onu görüncə qızğın)
Gözlərin kormu? Sayğısız bayquş!

M a r q о
(sarsılmış və sinirli)
Kor deyil, bəlkə, bəlkə bir sərxoş…

K n y a z
Sus, ədəbsiz, kinayə söyləmə, sus!
Sən də Antonmu oldun, ah, mənhus!
Sana artıq bu evdə yoq ikram,
Yediyin əkmək iştə fəzlə, haram…

M a r q о
(dolu təpsiyi hiddətlə yerə çırparaq)
Gedərim, girsin ətməyin gözünə.
(Acı və yaralı səslə.)
Yavrum, ah, Antonum! Sənin sözünə
E’tina etməyib də etdim inad.
Bana insan göründü hər cəllad.
(Knyaza kəskin və həyəcanlı.)
Ya bu saçlar! Ağartdığım saçlar!
Düşünüb bir utan, qızar, canavar!..

S о l о m о n
Daha kafi!..

L e n a
(ətrafa)
Rəzalət, ah, dəhşət!..

M a r q о
Sizə nifrət! Yığın-yığın nifrət!..
(Çılğınca adımlarla çıqıb gedər.)

Ş a k r о
(Jasmenlə bərabər gurultuya çıqar)
Bu nə səsdir?

J a s m e n
Aman, nə oldu, nə var?

M a r q о
(içəridən)
Mərhəmətsiz, şərəfsiz alçaqlar!

Şakro Lena ilə bərabər yerdəki qırıqları təpsiyə toplar. Marqo çıqdığı qapıdan çıqarlar.

S о l о m о n
(yerində büt kibi dona qalmış Knyaza)
Umulur şey deyil, bu, əlbəttə,
Baxüsus böylə bir ziyafətdə.

J a s m e n
Nə imiş?

K n y a z
(kinayəli)
Əkdiyin toxumlardan
Yeşərir tazə-tər çiçəkli fidan.

J a s m e n
Bənim əkdiklərimmi?

K n y a z
Bəlli… yetər!

S о l о m о n
Susalım, duymasın misafirlər.
Knyazla Solomon içəri girər. Musiqi dəyişərək "Tamara" rəqsi ahəngi çalınar. B i r q ı z , b i r о ğ l a n oynayaraq salona keçər. M i s a f i r l ə r də onları izlər. İ k i c ü t daha rəqsdə iştirak edər. Anton yarımsaqallı olaraq dış qapıdan gələr. Jasmenlə yaqlaşar.

J a s m e n
(diqqət və heyrətlə)
Sənmisin, Anton!?

A n t о n
İştə gəldim, əvət.

J a s m e n
Kim xilas etdi, kim?

A n t о n
(məğrur)
Silah, qüvvət!

J a s m e n
Knyaz olduqca kinlidir bu gecə,
Çıldırır, badə sərsəm etdikcə…
Sən çəkil, görsə saldırıb duracaq.

A n t о n
(yumruğunu göstərər)
Ona qüvvət verir cəvab ancaq.

J a s m e n
Durma artıq, çəkil.

A n t о n
Anam nerdə?

J a s m e n
Şimdi burdaydı.

A n t о n
İstəməz pərdə.
Onu Knyazmı qovdu? Ah, alçaq!
(Məclisi əyləndirən Şakronu süzərək, kinli və qızğın.)
Sərsəri, şarlatan, dəni, yaltaq!..

Ş a k r о
(məclisi əyləndirir, ona-buna soqularaq oqur)
Hər aqşam keyf içində gülür Müctəhid bağı,
Quş qanilə qızarmış xanımların dodağı,
Bənim nazlı yarımın pudralı cəmalı var,
Boyalıdır saçları, iki yapma xalı var.
Həm cavan, həm gözəldir: əlli səkiz yaşında?
Dərman için bir tük yoq kirpiyində, qaşında.
Хoşlanmadım bən əsla bülbülün nəğməsindən,
Məst olur dəli könlüm qarğaların səsindən.

A n t о n
(Şakronu süzərək)
Gah "sağ" ol, gah "sol", iştə tatlı oyun,
Sana layiq, denilsə buqələmun…

K n y a z
(səsə çıqaraq)
Sayğısızlıq yetər, yetər həzyan,
Çıq, ədəbsiz, həmən çəkil buradan.

A n t о n
Nerdə annəm?

K n y a z
О dəf’ olub getdi,
Sən də dəf’ ol ki, hevsələm bitdi,
İkiniz bir yılansınız, nankör.

A n t о n
(acı qəhqəhəylə)
Nankör olduqsa əfvə layiq gör.

K n y a z
Həp bu həzyan içinmi gəldin sən?!

A n t о n
Хoş xəbər vermək istədim sana bən.

K n y a z
Nə xəbər?

A n t о n
Durma, yol tədarükü gör,
Bil ki, Anton deyil də pək nankör.
Bu sırada pək uzaqda iki zəif top patlar.

M i s a f i r l ə r
Ah…

B i r i n c i m i s a f i r
Aman, gəldilər.

İ k i n c i m i s a f i r
Nə çirkin hal…

S о l о m о n
(başını sallar)
Həp xəyal oldu, getdi istiqlal.

A n t о n
(cibindən teleqraf xəbərlərinə məxsus qəzetə əlavəsi çıqarıb verər)
Burda sən zevq içində məst-xumar,
Gurluyor hər tərəfdə, baq, toplar.
Var ikən əldə qaçmaq imkanı,
Savuşur həp hökumət ərkanı.
Iştə fürsət!.. Nə varsa topla da qaç!
Qafil olsan qalırsın ac-yalavac.
Yarın artıq öyündüyün sərvət,
Sana yalnız qazandırır lə’nət.
Qüdrətin varsa çıq vuruş, çarpış!
(Məğrur qəhqəhəylə.)
Nə için, anlamam, bu kinli baqış?
Bəlli, yoq sizdə öylə bir cür’ət,
Burda yalnız yigitlik istər, əvət.
Həpiniz sayğısız, rəzil, alçaq,
Həpiniz tilki, tilkidən qorqaq,
İştə meydan! Ər ol, ya əz, ya əzil!
(Cibindən məndilini çıqarıb uzatar.)
Ağlamaq istəsən, buyur məndil!
Başqa bir qurtuluş yoq… Ən eyi yol
Qaçmaq…

K n y a z
(oquduğu xəbərdən mütəəssir olaraq çılğın)
Ah, sus, yetər, çəkil, dəf’ ol?
(Cibindən revolveri çıqarır.)
Söylənib durma, haydı, çıq, yoqsa
Çıqarırlar həmən cənazəni…

A n t о n
Ya…
Hanı, göstər də bir cəsarətini,
Görəlim barı son məharətini.
(İki-üç adım ilərilər)

K n y a z
İştə al!..
Revolver patlar.

A n t о n
Ah, şərəfsiz, ah, cəllad!..
(Aldığı yaradan bihal olub düşər.)

K n y a z
Baq, nasıl susdun?

A n t о n
(son nəfəsilə)
Ah…

J a s m e n
Aman, imdad!..
Əllərini dəhşət və heyrətlə qaldırıb Antonun üzərinə qapanmaq istər. Knyaz qolunu yaqalar. Durduğu yerdə dona qalar.

M a r q о
(şən və həyəcanlı adımlarla gələr, qapı yanında duran Jasmenə)
Söylə, ah, nerdə Antonum?

J a s m e n
(Həzin və müztərib)
Marqo!
Onu hiç sorma…

M a r q о
Nerdə, nerdədir о?
(Ətrafa baqıb Antonu görür, sarsılır.)
О nə!? Ah, sənmisin!?

A n t о n
Zavallı ana…
Bana gəl!

M a r q о
(acı fəryad ilə)
Yavrum, ah, nə oldu sana?
Sana kim qıydı?

A n t о n
(Knyaza işarətlə)
Ən dəni məxluq!..

M a r q о
(pək sinirli və çılğın)
Antonum! Yavrum, ah zavallı çocuq!
Yaralı hıçqırıqlarla üzərinə qapanır. Bu sırada iki top daha atılar, içəri salonun pəncərəsindən baqıldıqda uzaqlarda yanğın əlaməti görünər.

K n y a z
Yenə toplar!..

Ş a k r о
Aman, böyük yanğın!

B i r i n c i m i s a f i r
Gedəlim, iştə hərb…

İ k i n c i m i s a f i r
Əvət, dağılın!
Misafirlər qarışıq halda salonu tərk edər.

S о l о m о n
(pəncərədən baqar)
Ah, alev dalğa-dalğa yüksəliyor…

A n t о n
(dirsəyinə dayanıb iztirab və sevinc ilə)
İştə… onlar!.. Bizimkilər… gəliyor!..
(Yenə arqası üstə düşər.)

Pərdə