Məzmuna keç

Knyaz/Beşinci pərdə

Vikimənbə saytından
Dördüncü pərdə Knyaz. Beşinci pərdə
Müəllif: Hüseyn Cavid

Berlində bir kafe-restoran… Sağda, solda birər qapı… ucda küçük bir səhnə… Səhnənin bir tərəfində beş-altı nəfərlik orkestra. Ən ortada rəqsə məxsus yer… Ətrafda müştərilərə məxsus masa və sandaliyələr… Mayısın ilk günü…
Solomon bir yanda, bufet qarşısında qəzetə oqur. Xidmətçi q a d ı n l a r və q ı z l a r masaları silib təmizlər. Qadınlar şişman ikən qara gündən avurdları batmış, qızlar isə zəif solğun görünürlər.

K n y a z
(içəridən dəhşətlə bağırar)
Onlar, yenə onlar, yenə onlar!..

S о l о m о n
(xidmətçi qızlardan birinə)
Çıldırdımı Knyaz, nə xəbər var?
Get, Lenaya anlat ki, usandıq,
Susdursun о divanəyi artıq.

(Qız sağ tərəfdən çıqar. Solomon yerindən qalqıb masaları silib təmizləyən qadınlara.)
Diqqət edəlim, hər şeyə diqqət!
Pək başqadır almandakı xislət,
Bir yerdə əgər yoqsa nəzafət,
Yaqlaşmaz, edər bəlkə də nifrət.

Bu sırada saçları ağarmış K n y a z bir əldə əsa, bir əldə ağ qalpağı, əski ağ milli qiyafədə qapıdan girər. Bahar olduğuna baqmayaraq boynu xəzli qalın paltosu da üstündə bulunur. Hənuz görünmədən səsi eşidilər. İçəri girincə əlini köksünə vurub komanda edər kibi gürlər.

K n y a z
Knyaz! Bu nasıl ad?
Hər seyhəsi isyan, acı fəryad!..
Yoq şübhə ki, dünya dolu knyaz.
(Əli ilə köksünə işarət edər.)
Lakin bana derlər, ulu Knyaz!
Hər, baldırı çıplaq bəni duymaz,
Yoq, anlayamaz qartalı hər qaz.
(Birdən-birə mütəəssir)
Nəslim ulu bir nəsl idi əvvəl,
Bən şimdi nəyim? Bir quru heykəl!
Hər an gəmirir qəlbimi bir kin,
Gündən-günə dəhşət daha kəskin.
(Ətrafındakılara.)
Lə’nət, bana lə’nət, sana lə’nət, ona lə’nət!
(Nifrətlə ətrafa tükürür.)
Kor şeytana lə’nət!
Bir vulkan idim, mum kibi söndüm,
Bir aslan ikən tilkiyə döndüm.
(Qadınlara şaşqın baqıb.)
Bir bənmi? О qızla şu qadın da
Bambaşqa yaşarlardı yaqında.
(Birinə hücum edər kibi.)
Dün sən nə idin? Sahibeyi-tac!
Ya şimdi nəsin? Ətməyə möhtac.
(Bir başqasına.)
Dün göydə uçan cilvəli tavus,
Baq şimdi tavuqdan belə mənhus.
(Xidmətçi qadınlara hücumla tükürür.)
Fu! Kirli böcəklər!..
Azğın kələbəklər.
(Bir başqasına.)
Gəl, gəl bana, vurğun sana Knyaz,
Sən yağlı bir ördək, о da bir qaz.
(Təkrar gülər, ansızın halı dəyişərək.)
Eyvah! О nə? Dəhşət!..
İnsanları sarmış qara vəhşət.
Dünya yanıyor, sarsılıyorkən,
Yalnız gülərim bən.
(Qəhqəhələrlə gülər, sonra mütəəssir.)
Ha-ha-ha-ha!..
Yalnız onu, yalnız о gözəl Jasmeni görsəm.
Bilsən о nə sərsəm;
Bir hiçlə bir aqşam bəni atdı,
Əğyarə uyub yarını satdı.
Ah, qalmadı bir kimsədə hörmət və sədaqət.
(Göyə doğru)
Ya Rəb, bu nə zillət, nə rəzalət?!
Artıq yetişir bunca fəlakət,
Dinsizləri qəhr et!
(İsyan və həyəcanla.)
Yoq, yoq, о da aciz, о da xamuş…
Yoq, Tanrı da həp onlara uymuş.
Anton, qara bayquş!..
Jasmen nə çiçəkdir onu duymuş…
(İstehzalı qəhqəhə ilə)
Kərtənkələnin zevqi də varmış!..
(Kinli və sinirli)
Ah, bəslədiyim bir quzu azğın canavarmış.
Yoq, həzm edəməm bən bunu əsla.
Knyaz yaşıyor, ölmədi hala.
Ölmək yaşamaqdır,
Sərsəm yaşayış ömrə yamaqdır.
(İçəri qapıya doğru yürür və geri çəkilər. Gözünə qorqunc yanğınlar görünərək şiddətlə bağırar.)
Eyvah, о nə dəhşət?! Dəhşət!
Dəhşət və fəlakət.
Yanğın!
Yanğın!.. Tutuşub yandı bütün var-yoqu xalqın.
Həp çökdü saraylar.
Ah, nerdə alaylar?
Kaşanələrim yandı kül oldu,
Jasmen belə atəşdə, dumanlarda boğuldu.
Yardım!.. Ona yardım!..
Yardım!.. Bana yardım!..
(Həmən gözünə yanğın görünər, sağ qapıdan dışarı fırlar.)

S о l о m о n
(Qapını kilidlər. Xidmətçi qızlardan birinə)
Durma, qoş doktora, söylərsən ki,
Bağçadan gəlsin… о görmüşdür evi.
Qız çıqar. Son moda ilə geyinmiş alman müştəriləri… Qadın və erkək olaraq ikişərüçər gəlir, oturarlar. Kəndilərinə yanaşan xidmətçilərinə ufaq-təfək yemək, çay, qəhvə, bira, limonata kibi şeylər ısmarlayar, öz aralarında qonuşarlar. Bu sırada Anton yolçu qıyafətində gəlir, boş bir masa qarşısında oturub cağara yaqar. Bütün xidmətçilər məşğul olduğundan S о l о m о n ona külqabı gətirir. Anton onu görüncə tanır, həmən qalqar, əlini sıqaraq.

A n t о n
Əfv edərsin, Solomon, ah, Solomon!
Pək dəyişmişsin…
(Bir-birinin əlini sıqaraq bərabər oturarlar.)

S о l о m о n
(başını sallayaraq)
Əzizim, Anton!
Bən deyil, sən də dəyişdin… hətta
Ulu Knyaz da dəyişmiş… Lena
Naz edər, sıqmaz ikən göylərə dün,
Hər kəsin nazını çəkməkdə bu gün.
Bir yıl əvvəl onu oqşardı qürur,
Şimdi ac… Ətmək için rəqs ediyor.
(Bir qadın qəhvə gətirir, Solomon onu və masaları silib düzəldən digər iki qadını göstərər)
Şu qadınlar da dəyişmiş hətta,
Həpsi keyf əhli ikən Moskovada;
Çıqdı sərvət və səadət əldən,
Şimdi xidmətlə yaşarlar… şu gedən
Bir qraf zevcəsi!.. Baq, onlar da
Milyoner ailəsindən…

A n t о n
Əcəba!?
Knyazın halı nasıldır, nerdə?

S о l о m о n
(yan qapını göstərər)
Burda bir qülbəsi var: pəjmürdə…
Qara saçlar ağarıb bir yılda,
Şimdi görsən tanımazsın əsla!
İştə çılğın kibi bir xastadır о,
Onu məhv eylədi nankör Şakro…

A n t о n
(gülərək)
Knyazın sərvəti zəhr olmuş ona,
Biri İsveçrədə anlatdı bana.
Uyaraq işvəli bir aktrisə,
Buradan gizli savuşmuş Parisə.
Qız aşırmış da bütün var-yoqunu,
Tam səfalətdə bıraqmışdır onu.
Ac, ümidsiz qalaraq bir aqşam
İntihar eyləmiş…

S о l о m о n
Ah, sərsəm adam!..
(Başını mə’nalı bir tevrlə sallar.)
Məhv edən məhv olur, əlbət, bir gün,
Bəncə Anton da bir az suçlu… düşün,
Şakro çaldıysa onun sərvətini,
Sən də saydın hiçə heysiyyətini.

A n t о n
Bən nə yapdım ona?

S о l о m о n
Jasmen, Jasmen!?
О küçük şeymi?

A n t о n
İnan, köydə ikən
Biz bərabər sevişirdik… heyfa
Bən çalışmaqda ikən fabrikada,
İştə altın, para saçmış da bir az,
Onu bəndən çalı vermiş Knyaz.
Sonra həp sərvəti əldən getdi,
Çıldırıb Jasmeni təhqir etdi.
О da ayrıldı həmən nifrətlə,
Bunda bən suçlumuyum, sən söylə?

S о l о m о n
Əcəba nerdə о afət, nerdə?

A n t о n
Gələcək şimdi, yaqın bir yerdə…

S о l о m о n
Yoq, saqın, gəlməsin əsla, yaramaz,
Çıldırır bir daha çılğın Knyaz.

A n t о n
Knyazın bildiyi Jasmen başqa,
Onda yoq əski kokotluq əsla.
Atılıb şimdi əmək cəbhəsinə,
Səs verir həp əzilənlər səsinə.

Lena səhnədə görünür, musiqi ilə həmahəng olaraq şərqi söylər.

L e n a
Ey sallana-sallana
Uçan qərib durnalar!
Bən doydum şirin cana,
Binlərcə həsrətim var:
Uğradınız bəlkə bizim ellərə,
Bəndən səlam edin coşqun sellərə,
Sorsa bəni Gürcüstanın ipək telli qızları,
İncə belli qızları,
Şirin dilli qızları…
Dersiniz ki, bən qurbanım süzgün, ala gözlərə,
Yosma, dilbər yüzlərə,
Şux ədalı sözlərə.
Ey süzülüb oynaşan,
Mini-mini yolçular!
Bənim sizlərdən aşan
Küçük bir diləyim var;
Uğradınız bəlkə çoq uzaqlara,
Səlam edin bizim şən ırmaqlara.
Sorsa bəni Gürcüstanın səfalı ormanları,
Yeşil xiyabanları,
Vəfalı ceylanları…
Dersiniz ki, bən qurbanım sarı, vəhşi güllərə,
Sevdalı bülbüllərə,
Çırpınan könüllərə.

Lena çəkilər. Hər tərəfdən alqışlar. Təkrar görünər, şərqi söylər.

L e n a
Bilmədim də gönül verdim hər gülə,
Yaraladı acı dikənlər bəni.
Yan baqıb süzdülər bin bir naz ilə
Həsrətlə nazımı çəkənlər bəni.
Ömrümün baharı matəmlə doldu,
Diləklərim sərab içində soldu,
Halımdan ürkərək tanımaz oldu,
Uğrumda göz yaşı dökənlər bəni.
Boğdu ümidimi ıssız bir gecə,
Hilalə bənzədim[1] dərd içə-içə,
Taleyim dönüncə saydılar hiçə,
Hər gün önümdə diz çökənlər bəni.

Şiddətli alqış… Lena son iki misrayı təkrar edər, "ah" deyə bayğınca bir halda arqadakı sandaliyəyə oturur. Içəridən gələn bir xidmətçinin yardımı ilə qalqıb gedər. Kafedəki seyrçiləri acı bir sükut qaplar.

A n t о n
(təlaşla qalqar)
Görünür pək acıdır halı onun.

S о l о m о n
(qolundan tutaraq)
Hiç məraq etmə, bu hər günkü oyun…

A n t о n
Əcəba, xastamı?

S о l о m о n
Qansız, cansız…

О çalışmazsa bütün ac qalırız.

A n t о n
Ona yardım edəlim… Ah, nə yazıq!..
(Antona yemək gəlir.)

S о l о m о n
Sən ye, iç!.. Şimdi keçər bayğınlıq.
(Sağ qapıdan çıqar.)

İ х t i y a r a l m a n
(öksürür, qalın səslə, yanındakı qadınla sarışın qıza işarətlə)
Qızcığaz bir daha çıqmaz, gedəlim.

Q a d ı n
Kim bilir, bəlkə çıqar, səbr edəlim.

İ х t i y a r a l m a n
(öksürür)
Bəlli şey, halı pərişan, çıqamaz.

Q a d ı n
(sarışın qızı göstərir)
Qızımız rəqs edəcək, bəklə bir az.

İ х t i y a r a l m a n
(öksürür, soğuqqanlı)
Nə çıqar? Rəqs edəcəkmiş qızımız!?

Q a d ı n
Siz gedin, biz də bir azdan çıqarız.

İ х t i y a r a l m a n
Pək gözəl… Siz deyən olsun, qalınız,
Hoplayıb rəqs edərək, zevq alınız.

Bu sırada yalnız olaraq çalğıçılardan birisi fleytada təcrübə için bir "çarlston" çalıb susar.
Nə rəzalət, nə rəzalət!.. Ən son…
Xalqı həp sapdıracaq "çarlston".
(Qalqıb gedər)

S a r ı ş ı n q ı z
İştə əmcəm darılır, annəciyim,
Gedəlim biz də…

Q a d ı n
Düşün bir, çiçəyim!
Baban ölmüş də cihan hərbində.
Qolu yoq… İştə səqət əmcən də.
Məmləkət etdi də iflas… Artıq
Yeyəcəksiz, geyəcəksiz qaldıq.
Qız da pək bol… sana bir ər lazim…
Rəqsdən məqsədimiz iştə bizim,
Eyi bir eş bulalım yavrumuza,
Borcumuz çıqdı bu günlər boğaza…

S a r ı ş ı n q ı z
Bilirim… Ah, nə qadar miskin rol!..

Q a d ı n
Sıqılıb durma, saqın, nəş’əli ol!

Bu sırada bütün orkestra "çarlston" çalmağa başlar. Salondakı erkəklər qomşu masalardakı qızlara yanaşır, baş əyib rəqsə də’vət edərlər. О cümlədən sarışın qız da kəndisinə yanaşan bir gəncin qoluna girib iştirak edər. Rəqs getdikcə canlı və həyəcanlı bir hal alır. Səhnədəki kamançı rəqs dəvam etdikcə həm ayaq üzərində kaman çalar, həm də rəqs edənləri komikcə hərəkətlə təqlid edər, məclisi nəş’ələndirməyə çalışır. Kənar masada oturmuş şişman bir alman narin hərəkətlərlə omuzlarını, əl-qolunu oynatır, nəzərləri cəlb edər. Solomon geri qayıdır.

S a r ı ş ı n q ı z
(orkestra susarkən sinirli və sarsılmış bir halda anasına yaqlaşır)
Gedəlim…

Q a d ı n
Söylə, nə olmuş?!

S a r ı ş ı n q ı z
Artıq
Həzm olunmaz qaba əxlaqsızlıq…

Q a d ı n
Qız! Nə olmuş, nə demişdir о sana?

S a r ı ş ı n q ı z
Gedəlim, ah, gedəlim, sorma bana…

Q a d ı n
Föhşə də’vətmi?

S a r ı ş ı n q ı z
Yetər, sorma, yetər!
Bu həyat iştə ölümdən də betər…

Nifrətli adımlarla dışarı çıqar, qadın da gələn xidmətçiyə para verib kəndini izlər. Çalğıçılar səhnədən çəkilir. Digər müştərilər də ikişər-üçər hesab kəsib salonu tərk edərlər. Le n a gələr. Solomon ciğarasını yaqaraq ayaqda gəzinir.

A n t о n
Lena!

L e n a
Ah, Anton!
(Düşünərlər.)

A n t о n
Əzizim, gəl, gəl!
Səni görmək nə səadət, nə gözəl…

Lenanın əlini sıqar. О bir az soyuq və e’tinasız görünər. Solomon cığara içərək düşüncəyə dalar.

L e n a
Kim bilir, bəlkə!?

A n t о n
Müəmmalı sual!?
Pək dəyişdin, bu nə surət, bu nə hal?

L e n a
İnqilab iştə dəyişdirdi bizi,
Ayırıb durdu həmən cümləmizi.

A n t о n
Sadə bir bizmi?.. Dəyişməkdə cihan,
Qaçıyor şimdi oğullar babadan.
Ana qızdan, bacı qardaşdan uzaq…

L e n a
(onun sözünü kəsərək)
Həp qarın qavğası, yoq başqa məraq.

A n t о n
Doğru, hər qavğa qarından doğuyor,
Bilərək qardaşı qardaş boğuyor.
Masqalar yırtılaraq; hər məslək
Sönüyor, hakim olan yalnız əmək…
Bir düşün, sən nə idin şimdi nəsin,
Bu gözəl, tatlı, məhabətli səsin
Bir əməkdir ki, verir ruhə qida,
Sən bu sən’ətlə əgər yurdunda
Oqşasan zevqini şən gürcülərin,
Daha məqbul olur, əlbət, hünərin.

L e n a
Bən gedərsəm nə olur xəstə babam?
Bən ki, bir an belə onsuz duramam.

A n t о n
Nə olur, sən get, о qalsın burada,
Öylə sərxoşlara yer yoq orada.

L e n a
(sarsılaraq)
Ah, nə çirkin, nə çəkilməz qabalıq!
О ki, yapmış sana az-çoq babalıq.
(Sinirli adımlarla içəri odaya keçər.)

S о l о m о n
О təsəlli umuyorkən səndən,
Müztərib qəlbini qırdın yenidən.

A n t о n
(yarımqəhqəhə ilə)
Bəndə zənnimcə qüsur yoqdu, xayır,
İncə bir tərbiyə!.. Hiçdən darılır.

Bu sırada dışarıda beynəlmiləl marşı çalınar, Anton pəncərəyə qoşub dinlər.

İştə beynəlmiləl ahəngi…

S о l о m о n
Əvət.

A n t о n
Nə gözəl!?

S о l о m о n
(ona yaqlaşaraq)
İştə budur hürriyyət,
Burda hər məsləkə vardır hörmət.

A n t о n
(onun sözlərini aldırmayaraq, məczub bir halda)
Bu nə sətvət, nə şətarət!
(Solomona)
Seyr et!
İşçilər, iştə qızıl cəbhəçilər!..
"Bir mayıs"dır deyə parlar, gürlər,
Qadın-erkək gülərək, rəqs edərək,
İzləyib durmada bir şanlı dilək.
Bəni əfv eyləyin, azcıq gedəyim.
Yeni dünyayı tamaşa edəyim.

Şapkasını alaraq sol tərəfdən çıqar. Lena ürkək bir halda geriyə dönür, həyəcan və təlaşla Solomona.

L e n a
Ah, gəldi bıraqma,
Çıldırmış, о pək qorqulu sima…

Bu sırada K n y a z pərişan bir halda içəri girər. Paltosunu atmış, bir əlində parıparçalanmış qalpağı, bir əlində də əsa gürləməyə başlar. Didilib parçalanmış əlbisəsi, dağınıq saçları, qorqunc qıyafəti çıldırmış olduğuna şübhə bıraqmaz.

K n y a z
(Lenanı qolları arasına alır)
Jasmen! Gözəl afət,
Jasmen! Bu nə halət, nə qıyafət!..
Gəl, gəl, nə səadət!
Gəl, qəlbimə gir, ver bana rahət.
Bilsən nə mələksin,
Bilsən nə gözəlsin, nə çiçəksin.
Anlat, sana kim eylədi yardım?
Ah, bən səni məhv oldu sanırdım.
(Lenanı öpmək istər, о geri çəkilir.)

S о l о m о n
(Lenaya)
Doktor hanya?

L e n a
Yoq, gəlmədi hala…

K n y a z
Doktormu? Saqın gəlməsin əsla!
Yoq bəndə bir ağrı…
Təyyarə verin, bir uçayım bən,
Allahı bulub sirr açayım bən.
Yoq, yoq, о da ölmüş,
Ölmüş də fəzalarda gömülmüş…
(Pəncərəyə yaqlaşır, şiddətlə vurub açar, şaşqın qəhqəhələrlə göyə doğru baqar.)
Bir baq, nə dərindir, nə genişdir də məzarı!?
Yoq, uyquya dalmış, ayılıb gülsə də barı…
Ah, gülsə о pək şən
Binlərcə günəş parlayacaq hər gülüşündən…

L e n a
(mütəəssir)
Knyaz, ulu Knyaz!
Halın nə fəna, gəl, uyu bir az.

K n y a z
(qızı yaqalar, başdan-aşağı süzər, sərsəmcə bir gülüşlə)
Sənsiz uyumam, ah, nə qadar işvəli dilbər!
Aqşam uyuruz, həm də bərabər.

L e n a
(sarsılıb geri çəkilər, ətrafa)
Ya Rəb, nə olur kəndinə gəlsə,
Fırlatdığı hər saçmayı bilsə!?
(babasına sarılaraq)
Bir kərrə düşün, ah, qızınım bən,
Bən Lenayım, əfsus!..

K n y a z
Ah, sus!
Aldatma xayır, sən qaçıyorsun yenə bəndən.

L e n a
Knyaz!
Ulu Knyaz!
Yoq, Lena yalan bilməz, əmin ol.

K n y a z
(qızğın və çılğın)
Dəf’ ol! Bu da bir rol…
Sən baldırı çıplaqlara uydun.
Hər kəs sana məftun…
Bəklər, yenə bəklər səni oynaşların əlbət.
Qaçmaq, yenə qaçmaqmı?.. Rəzalət!
Şakro hanı? Altınları versin,
Versin də gəbərsin!..

L e n a
(mütəəssir)
Knyaz!
Ulu Knyaz!

K n y a z
Yoq, getmə, bıraqmam səni əsla!
Knyaz seviyor Jasmeni hala.
Zənn etmə ki, Berlindəki Knyaz
Tiflisdəki Knyaz kibi qurnaz…
Bən şimdi о sapqınlığı atdım,
Çapqınlığı atdım.
Gönlüm yeni məfkurələr özlər.
(Qızının saçlarını oqşar, gözlərini süzərək heyrətlə.)
Gözlər, hələ gözlər, hələ gözlər!..
Göylər kibi xamuş,
Göylər kibi əsrar ilə dolmuş…
Sən bir düri-saf, iştə gözəllik sana heyran,
Sən heykəli-naz!.. İştə sənin hər baqışından,
Hər şən gülüşündən deyil insan,
Quşlar belə zevq almada hər an.
Ah, nazlı gövərçin!
Dilbər hərəmim, sən nə gözəlsin.
(Niyaz ilə.)
Yoq, yoq, bəni atma,
Gəl, Knyazı satma!

L e n a
(titrək səslə)
Knyaz,
Ulu Knyaz!

K n y a z
Bən gönlümü verdim sana ancaq,
Gəl, işvəli afət, bəni sən etmə oyuncaq.
Bir busə ver ancaq şu dodaqdan,
Güldən daha nazik о gözəl pənbə yanaqdan.
Aqşam da bərabər uyuruz, nazlı gövərçin,
Əlbət, bu хoş əyləncə səninçin.
(Qaba və möhtəris bir tərzdə qucaqlayıb öpmək istər.)

L e n a
(geri çəkilir, nifrətlə)
Knyaz!..

K n y a z
Bu nasıl naz?

S о l о m о n
(ortaya girir, sinirli)
Knyaz, yetişir köklədiyin saz,
Yoq, yoq, buna əsla dayanılmaz.
Bir kərrə düşün, baq nə diyorsun,
Hər an qızı təhqir ediyorsun?!

L e n a
Bir Knyaza layiqmi bu rəftar!?

K n y a z
(istehzalı təbəssümlə)
Zənnində xəta var.
(Bu sırada dışarıda alman milli marşı çalınır. Knyaz heyrətlə dinlər. Məğrur və möhtəşəm bir baqışla qızını üstdən aşağı süzər, çılğın qəhqəhələrlə.)
Knyazmı dedin sən bana… Sərsəm, dəli, axmaq,
Knyaz nə imiş sanki! О bir rütbə ki, alçaq…
Haylaz qızı, haylaz!
Bir qeysərə Knyaz demək olmaz.
(Qalpağını yırtıb atar, saçları dağılır. Qarşıdakı pəncərəyi yumruqla qırıb açar, gürləyən marşı və xalqı seyr edir, məğrur qəhqəhələrlə)
Əsgər keçiyor, orduya gəl, baq!
Qeysər kibi həp şanlı və parlaq…
Baq, baq! Mədəniyyət buna derlər!
Millət və cəsarət buna derlər!
Gəl baq, nə yigitlər, nə tosunlar!
Əmrimlə girər atəşə onlar.
(Əlindəki qırıq əsasını havaya qaldırır, komanda ilə.)
Dəhşət!.. О nasıl marş,
Qoş, durma, yürü, arş iləri, arş!
Sağdan-sola, soldan-sağa kəs, parçala,
Yaq, yıq,
Top patlasın artıq,
Top patlasın, əflakı donatsın,
Evlər yıqılıb yerlərə batsın.
Onlar, əvət, onlar,
Qeysərdəki dəhşətləri görsün, qurusunlar.
Qeysər adı bəlli!..
Basdımsa ayaq hər yerə ən şanlı təsəlli…
Bu sırada marş susar.
Həp susdular, iştə!
Bəsbəlli, səbəb var bu gedişdə…
Bənsiz bütün aləm susar, əlbət,
Yoq kimsədə bir zərrə cəsarət.
Onlar kimi bəklər?
Yoq şübhə, bənim əmrimi bəklər.
Vilhelmi zaman etdi oyuncaq.
Qeysər, ulu qeysər bənim ancaq!
Bən qeysərim amma,
(S о l о m о n a)
Hiç kimsəyə bildirmə, saqın, kimsəyə açma!
(Birdən halı dəyişər, Solomonu şiddətlə silkələr.)
Vilson, gidi Vilson!
Bir söylə, nədir bunca fırıldaq, bu nə olsun?
Ah, sən nə inəksin,
Qorqaq və dönəksin.
(Dəhşətlə bağırır.)
Tacım hanı, ver tacımı?!

S о l о m о n
(yerdəki parçalanmış qalpağı göstərər.)
İştə!
(Sinirli.)
Tacınla bərabər yerə keç bə!..

K n y a z
(qalpağı yerdən alar)
Bir qeysərə layiqmi bu? Haşa!
(Təkrar yerə çırpar…)

S о l о m о n
(ətrafa)
Dəhşətli tamaşa!..

Lena yüzünü qapayaraq şiddətlə ağlar, Knyaz ona yaqlaşaraq.

K n y a z
Yoq, ağlama əsla!
Söz verdi dəmin Həzrəti-İsa,
Annən dirilib şimdi məzardan çıqacaqdır,
Göylərdə günəşlər yaqacaqdır.

L e n a
(Solomona sarılaraq)
Məhv oldu babam, ah, ona yardım, ona rəhm et.
(Çocuqca hönkürtülərlə ağlar.)

S о l о m о n
(qolundan tutub qapıya doğru aparır)
Yavrum, üzülürsün, bəni dinlə,
Sən get!
Doktor gəlicək gəl bana söylə.

Lena çıqmaq istərkən, Jasmen sadə yolçu qıyafətində Antonla bərabər gəlir. Knyazı о halda görüncə dona qalar.

L e n a
Heyrət!

A n t о n
Nə qıyafət!?

S о l о m о n
(Knyaza)
Jasmen dediyin iştə şu afət!

K n y a z
(nifrət və həyəcanla)
Yoq, yoq, о süpürgə,
Ağ bir ləkə… yaxud qara kölgə!..

J a s m e n
(ətrafa)
Ya Rəb, bu nə halət, nə qıyafət!
(Knyaza)
Knyaz, bəni əfv et!

K n y a z
Sən kimsin? Əcayib şu nə xilqət!?
Dəf’ ol da, çəkil get!

A n t о n
Jasmen!

J a s m e n
Gedəlim…

K n y a z
Dur!
(Hər ikisi şaşırır. Knyaz tatlı gülüşlərlə Antona yanaşır, omuzlarını oqşar.)
Şakro bana istəkli oğuldur
Хoş gəldin, əzizim, nə xəbər var?
Onlar hanı?

A n t о n
Kimlər?

K n y a z
Canavarlar!
Anton… о vəfasız Klopatra[2]
Xırsızla о nazəndə dilara…

A n t о n
(sarsılmış və kinli)
Knyaz! Bizi təhqir ediyorsun.

K n y a z
(hiddətlə bağırır)
Sus!.. Qeysərə knyazmı diyorsun!?

A n t о n
(acı qəhqəhəylə)
Qeysər qara qaplan…
Knyaz da onun kölgəsi əl’an…
Bu sırada dışarıda beynəlmiləl marşı çalınır.

K n y a z
(geri çəkilərək, qorqaq və həyəcanlı)
Dəhşət! Yenə dəhşət!
Onlar gəliyor, iştə, fəlakət!
(İçəri tərəfdə açıq qapıdan yanğın əlaməti görünür, təlaş ilə.)
Yanğın savurur aləmə vulkan!
Sarmış didişən yüzləri al qan.
(Cibindən revolverini çıqarır. Hücum ilə.)
Yoq, yoq, duramam, getməliyim bən,
Düşmanları qəhr etməliyim bən.
(Yanğına doğru bir qurşun atar.)
Al, iştə!.. Bu atəş sizi uslandırır ancaq!
Qeysər sizə olsunmu oyuncaq?
Atəş!..
Yenə atəş!..
Yenə atəş!..
(hücum əmri verir kibi bir qurşun daha atar, içəri fırlar, içəridə üçdörd qurşun açılır. Lena başını əlləri arasına alıb ağlar.)

J a s m e n
Heyrət!

S о l о m о n
Bu nə zillət!

A n t о n
Nə səfalət!..

S о l о m о n
Yardım, ona yardım?

K n y a z
(çıqar)
Lazım deyil əsla bana yardım,
Məhv olsa da Jasmen…
Yoq, onlara təslim olamam bən.
(Əlindəki revolveri süzərək.)
Atəş!..
Yenə atəş!..
Yenə atəş!..
(kəndi alnını nişan alır, qurşun açıldığı kibi düşər.)

L e n a
Eyvah!..
(Acı göz yaşları ilə cənazənin üzərinə qapanır)

S о l о m о n
Nə dəhşət!?..

J a s m e n
Nə fəlakət!?

K n y a z
(can çəkişərək son nəfəsində)
Ah, onları… məhv etməli…

S о l о m о n
Heyhat!..

A n t о n
(məğrur)
Qeysərlərə, knyazlara ən şanlı mükafat!!!

Pərdə

SON

Xarici keçidlər

[redaktə]
  1. Yeni aya döndüm
  2. Əsli Kleopatra