Komsomol poeması

Vikimənbə saytından
Jump to navigation Jump to search
Komsomol poeması (1931)
Müəllif: Səməd Vurğun

Qış gecəsi
Ayazlı, şaxtalı bir qış axşamı,
Yeddi yoldaş olub yola düzəldik,
Qarlarla örtülü bir düzə gəldik.
Ayazlı, şaxtalı o qış axşamı,
O, ay dediyimiz göylərin şamı.
O qarlı düzlərə baxıb yanırdı,
Yolçular getdikcə yol uzanırdı...


Bəxtiyar qabaqda quş kimi səkir,
Murad bir tərəfdə papiros çəkir,
Cəlal da zil səslə deyir bayatı,
Tutub qışqırığı bütün elatı.
Gecənin qoynunda bir zümzümə var,
Ən arxadan gələn xəstə Şahsuvar.
Tövşüyə-tövşüyə durub bağırır,
- Bir dayanın! - deyib bizi çağırır.
Qüvvəsi qalmamış artıq yeriyə,
Tələsik fırlanıb döndük geriyə.
Aldıq ortalığa Şahsuvarı biz,
Zəif qollarından tutub ikimiz:
- "Aya, yorulmusan, gəl otur!" - dedi
Ancaq o yenə də dayanmış dimdik sanki bir taxta,
- İşləmiş qanına bu quduz şaxta.
Qalın dodaqları gömgöy kəsilir,
Canından istilik uçub əskilir.
Taqəti yoxdur ki, bir söz söyləsin,
Təbibsiz, davasız xəstə neyləsin?
Buludlar oynadı, gecə qaraldı,
Gecənin gizli bir həsrəti vardı...
Gəzdi qaranlığı barmaqlarımız,
Sadə biyanlardan döşürüb dərdik;
Qarların üstündə tonqal qalayıb,
Xəstəni tonqalın yanına sərdik.
Canına keçdikcə odun istisi,
Qolları tərpənir, qımıldanırdı.
Bu sadə tonqalın yaşıl tüstüsü,
Gecənin qoynunda dumanlanırdı...
Uzaqdan birisi - rüzgar qanadlı,
Gəlir baş götürüb işığa doğru.
Dedik, kim olmalı bu vaxtsız atlı?
O bəlkə quldurdu, bəlkə də oğru!
Hər halda ehtiyat gərəkdir - deyə,
Bəxtiyar tüfəngi doldurub qalxdi,
Zilləyib gözünü bir az da baxdı.
O, ilk gülləsini boşaltdı göyə,
Hər halda ehtiyat gərəkdir - deyə.
- Ay Allah bəndəsi, nə oldu sana!
Bir kim olduğulnu xəbər alsana!
- Dağıldı atlının bu qışqırığı,
O can qorxusunun can hıçqırığı...
Bizsə çaxnaşaraq, dedik:
- Bir dayan! Bəlkə bizimkidir o gələn insan...
Qoy bais olmayaq onun qanına.
Bəxtiyar tüfəngi saldı yanına.
Atlı çaparaq, yoldan saparaq,
Gün batan tərəfə çapdı atını,
Üfüqlər gizlətdi o qaraltını...

Atışma
Açıldı bir zaman sabahın gözü,
Göründü dağlarda günəşin üzü.
Qışın səhərində bu qarlar düzü
Günəşdən qızınıb xumarlanırdı,
Quşlar qanadından tumarlanırdı...
Bir qədər özünə gəldi xəstəmiz,
Düzəldi mənzilə yenə dəstəmiz.
Ətəkiəyib yolu, vardıq bir başa,
Şər qarışan zaman gəldik Dikdaşa.
Bir dağ ki, daşları dəmirdir, tuncdur,
Dəlik-deşikləri xeyli qorxuncdur.
Baxanda insanın bağrı yarılır,
Yanından hər yana yollar ayrılır;
Bir dağ ki, hər zaman haqsızı haqlar
Qaçağı, qulduru gizləyib saxlar.
Top-tüfəng səsinin kasilməz ardı,
Olub "Qançanağı" bu dağın adı;
Ellərin yağısı olmuş əzəldən,
Alıb qarğışını min bir gözəldən,
Daşları sapsarı, çiçək bitirməz,
O qədər arsız ki, bir şey itirməz...
Dağın ətəyindən ayrılır bir qol
Peykanlı kəndinə aparır bu yol.
Enişdən, yoxuşdan keçib düzəldik,
Haman söylədiyim bu yola gəldik;
Demək ki, az qalır kəndə çatmağa,
Uşaqlar can atır bir az yatmağa.
Bəxtiyar: - Tez olun!
Cəlal: - Nə var ki?
- Dağların qucağı o qədər dar ki,
İtər bu yerlərdə bir ordu belə.
- Eh, elə Sən dinib, danışıb qara tökürsən...
- Cəlal, bu qeyrətlə, bu hünərlə sən.
Keçərsən bir zaman lap Napalyonu
Deyib məsxərəyə qoyarkən onu,
Göründü qarşıda bir top qaraltı,
Bir çoxu piyada, bir çoxu atlı...
- Kimsiniz?
- Yolçuyuq!
- Tərpənməyiniz!
Yaraqdan, yasaqdan varsa nəyiniz
Atın yol üstünə!
- Bacarmazsınız!
Çünki milyonlardan yüz qat azsınız!
– Deyərək Bəxtiyar bir nişan aldı,
Gülləsi dağlara gurultu saldı.
O düşmən dəstənin başçısı Gəray
Tüfəngi üzünə tutduğu zaman
Cəlal qaranlığa sıxdı naqanı,
Töküldü yəhərə Gərayın qanı.
Yataraq birtəhər atın yalına,
Səyirdib dolandı dağın dalına.
O gündən bir qolu topal yaşadı,
Topal Gəray - deyə çağrıldı adı.
Sonra atışmanın uzandı ardı,
Qabaqda üç nəfər nişançı vardı.
Niyaz bəy tələsik qalxıb atına,
Soxulmaq istərkən yolun altına,
Qabağı kəsmişdi yoldaş Şahsuvar,
Qışqırdı: - Qaçmağın nə mənası var?!
Al, yağı, birgüllə!
Olmadı fəqət...
- Al, bu ikincisi!
Tutmadı... Dəhşət...
- Al, bu üçüncüsü!
Yıxıldı Niyaz...
Keçmədən bir az
Bir də qalxaraq,
İki, üç daraq
Şahsuvar tərəfə patron boşaltdı,
Qüvvədən düşərək gözləri batdı...
O yanda Bəxtiyar, yanında Cəlal:
- Olsun inqilaba qanımız halal,
- Deyib vermişdilər elə baş-başa,
Onları meydanda qoyub Mirpaşa
Qaçıb soxulmuşdu qaranlıqlara...
Bəxtiyar tüfənglə vermədən ara:
- Ya mən ölməliyəm, ya siz! - deyirdi
Cəlal qürurlanıb nəşə yeyirdi.
Beləcə, cəbhələr atışdı xeyli,
Ölüm səngərində yaşamaq meyli
Onların qəlbini hey dindirirdi,
Bəzən Bəxtiyarı diksindirirdi...
Mətləbi qurtaraq, gəldi bir zaman,
Gecənin ahəngi dəyişdi haman,
Uzaqdan göründü bir bölük atlı,
Atları quşlardan iti qanadlı,
Havada parladı qızıl bir nişan...
Gərayın dəstəsi olub pərişan:
- Arxadan gələn var, - deyə qaçdılar,
Atlılar gəlincə dağdan aşdılar.

O, bizdən ayrılarkən
Şahsuvar gecənin qoynunda sakin,
Qəlbində intiqam, gözlərində kin,
Son dəfə toplayıb yazıq özünü,
Astaca söylədi bu son sözünü:
- Gözləri yoldadır anamın, şəksiz,
Vaxtsız ölməyimi xəbər verin siz!
Deyin ki, arxamca ağlamasınlar,
Yas tutub, qaralar bağlamasınlar.
Bir də ki, Gülcamal...
Ah, onu, bilsən,
Bütün varlığımla sevmədəyəm mən.
Nə olur son dəfə görsəydim onu,
Yaxşı gətirmədi ömrümün sonu.
Mən hələ cəbhələr, toplar almamış,
Onların yurduna tufan salmamış
Ölürəm...
Dünyada nə qaydadır bu?..
Qabaqda düşmənin sağdır ordusu.
Sizsə tüfəngləri doldurub gedin,
Cəbhədən çəkilib dönməyin geri!
Haydı, dayanmayın, tez durub gedin,
Düşmənlər almasın öldüyüm yeri!
Cəbhədən çəkilib dönməyin geri!.
- Deyib vidalaşdı o ömrü yarı,
- Bir daha baxmadı Günəşə sarı...

Sahildə
Kürün qumsal sahilində
qaşlarını çalaraq,
Qamçısını döyür suya
hiddətindən
Gəray bəy...
Üç aydır ki, ormanların
arasında yataraq
Əl üzmüşdür vətənindən,
Millətindən Gəray bəy.
Qamçısını döyür suya
hiddətindən Gəray bəy!
- Nədən mənim qabağımdan
artanları yeyənlər,
Köhnə-köşkül paltarımı
öz əyninə geyənlər
İndi mənə ağ olsunlar?..
Xanimanım dağılır,
Qızı yelin inəklərim
yad əllərdə sağılır...
Kürün sahilində var əski bir köy
Üstündə hər zaman çılpaq olur göy.
Salahlı kəndidir bu kəndin adı,
Hər yerdə sahilə söykənir ardı.
Dalğalar qudurub daşdığı zaman
Sahilə ən yaxın evləri haman
Kökündən qoparıb alır qoynuna,
Odur ki, ən köhnə zamandan ona
Deyirlər: "Qadalı-qanlı Kür çayı",
Keçidlər qarışır hər aprel ayı.
Bir axşam günəşin batdığı zaman
Sizin bildiyiniz o topal Gəray
Qalın bir ormanm arasında tək,
Ağacdan-ağaca göz gəzdirərək,
Kürün sahilində gəlib dayandı,
Gözləri hirsindən alışıb yandı.
Onun xatirindən keçdi doyunca
Haman bu ormanda, sahil boyunca
Bir zaman kükrəyib at oynatdığı,
Turaca, kəkliyə tüfəng atdığı...

İlk təslim
Azacıq keçmədən sular qaraldı,
Sahildə bir dərin səssizlik vardı.
O taydan bu taya işıqlar gəlir.
Tüstülər burulub göyə yüksəlir
Gəray bəy gözünü zilləyib ona,
Varlığı daş kimi qalmışdır dona...
Üçüncü gündür ki, qolunda yara
Karıxıb, vurnuxur dord bir diyara.
Gurultu qopduqca ac mədəsindən,
Diksinir, suların oynaq səsindən.
Nələr keçdiyini o duya-duya,
Özünü tullamaq istərkən suya,
Qalıb pəncəsində namusla arın,
At kimi sıçrayan ağ dalğaların
Qoynuna gözləri dikilib qalır,
Qəlbində həsrəti, kini çoxalır...
Sonra gozlərinə görünür birdən
Sahilə göz çəkən gəmiçi Bəhmən.
- Sənmisən, ay Bəhmən?
- Kimdir soruşan?
- Mənəm, bir bari gəl, söyləyir Gəray.
- Bu ki, tanış səsdir, - deyərkən Bəhmən
Fırlanıb geriyə, yönəlir həmən:
- Vay, səni xoş gördük, haradan belə?
Bu namərd vətənə... Bu namərd elə
Yenəmi üz qoyub, salam verirsən?
- Haqlısan, ay Bəhmən, sözlərində sən
Fəqət nə etmək ki, belədir insan,
Əziz dostlarına küsər bir zaman,
Sonradan qövr eylər əski yaralar...
- Yoxsa, bu gəlməkdə bir fikrinmi var?
- Onsuz olurmu heç... Vardır, şübhəsiz...
Bu el, bu güzəran, bu mən, bu da siz,
Gəlin köməkləşək görək nə olur?
Axtaran dünyada hər haqqı bulur -
Demişlər babalar,
- Bu doğru, lakin
Bir az hövsələniz olmasa sakin
Yenə də günahsız qanlar axacaq,
Burax bur tərsliyi, gəl Allaha bax! –
Gözaltı süzərək qoca Bəhməni:
- Sonra danışarıq... Hələlik məni,
Duz-çörok eşqinə keçir sahilə! -
Deyib, gəmiçini tutaraq dilə...
- Keçərsən!.. - deyərək qışqırdı birdən
Dünəndən Gorayın izilə gələn.
Komsomol Bəxtiyar, yanında Cəlal,
- Olsun inqilaba qanımız halal -
Deyib vermişdilər yenə baş-başa...
Gəray öz yerində dönmüşdü daşa.
İstədi əlini atsın naqana,
Gördü ki, naqanı batmışdır qana.
Hirsindən bozarıb gözləri doldu,
Ömründə ilk dəfə o təslim oldu.

Humay
Humay düşündürür, Humay ağladır...
O nə Tatyanadır, nə Ofelyadır.
Həyata gəldiyi o gündən bəri
O küskün baxışlı qara gözləri
Nələr düşündürür...
Onun həyatı,
Sevgisi, taleyi, müqəddəratı
Hər zaman andırır vərəmli bir qış,
Bütün diləkləri gözündə qalmış.
İcazə versəniz danışaram mən
O, qız xəyalının incəliyindən:
Daldığı musiqi - sazların səsi,
Ya da ki, quşların vəhşi nəğməsi...
Dağların döşündə gəzinən çoban
Dərdlənib neyini çaldığı zaman,
Yaşarır Humayın qara gözləri,
Həyata gəldiyi o gündən bəri.
Bilirəm dərdini, bilirəm nədir,
Humay, tək ayaqlı bir qərinədir...
Əlinə ömründə kitab almamış,
Böyük şəhərlərdə qonaq qalmamış,
Nə bir dəmir yolu, nə də bir qatar
Görməmiş... Gecələr o qatar-qatar
Uzanan durnalar nələr andırar?
Humayın qəlbini niyə yandırar?
Bəzən qonşuluqda ağlaşma səsi,
Kəndli qadınların ediləşməsi.
Dil deyib ağlayan yaslı gəlinlər,
Qanadlı nalələr, ahlar, əninlər,
Qızın xəyalını qaldırıb yenə
Uçurur göylərin dərinliyinə...
Bəzən də göylərdə qızartı varsa,
Üfuqdə bir qızıl şimşək çaxarsa,
Qorxub təbiətin hikmətlərindən
Humay ahu kimi ürkərək həmən
Soxulur çadırın küncünə sarı,
Gözaltı seyr edir ta uzaqları.
Dünyanın sirrini nə bilir Humay;
Bəzən də göyləri gəzən sülğun ay
Yarıb buludları hücuma çıxar,
Onun səngəridir sıx-sıx buludlar.
Humay bu lövhədən maraqlanır pək,
Ayın arxasınca fikirləşərək,
Nəhayət yorulur, kütləşir başı,
Donub kölgələnir məyus baxışı.
Bilirəm dərdini, bilirəm nədir,
Humay təkayaqlı bir qərinədir...
O hər gün oyanır quşlardan qabaq,
Yaxın bir təpənin üstdən aşaraq,
Tərpənir sahilə - bulaq başına,
Qoyub səhəngini sahil daşına,
Seyr edir səslənən ormanlıqları,
Pozur saçlarını səhər ruzgarı...
Bir az da Humayın axşamlarından:
Qaranlıq döşünü gərdiyi zaman
Onun da ruhuna qaranlıq çökür.
Çırmayıb qolunu, itə yal tökür;
Qapının ağzında paltar-palazdan,
Nə varsa içəri götürür asta,
Cehiz sandığına bir qıfil vurur;
Humayın gündəlik işləri budur.
Əl-ayaq yığışır, hamı əyləşir,
Ağlına gələni danışır bir-bir.
Kişilər dəm vurur pəhləvanlıqdan.
Güləşdən, güllədən, ölümdən, qandan.
Qocalar qızışır, danışır hərdən
Zal oğlu Rüstəmdə olan hünərdən.
Sonra Koroğludan, bir də Qıratdan...
İnsan yorulmadı bu xatiratdan...
Molla Nəsrəddinin məzhəkələri
Ellərin ağzına düşəndən bəri,
Uşaqlar da onu sevərək oxşar,
Dünyanın qəribə macərası var...
Sonra qadınlar da növbəylə bir-bir
Qohumdan, qonşudan qeybət eləyir : -
Ay qız, Gülcamalın tutarı yoxdur,
Bu qoca vaxtında heç arı yoxdur.
Yenə sırğalanır, sığallanır, bax;
Deyən, ər axtarır bu qoca sarsaq:
Rəng alıb, rəng verir, gözlərin aydın.
Bu saxta sözləri deyən bir qadın.
Oynadır qaşını, süzür gözünü,
Gülünc bir şəkilə salır özünü.
Altmış ildir ki, sənəti budur,
Səhər dediyini axşam unudur...
Humay xoşlamayır bu söhbətləri
Əyrini, doğrunu seçəndən bəri.
Sonra süfrə gəlir, oturub yerdən,
Qatıqdan, qaymaqdan, yağdan, pendirdən
Nə varsa yeyilir, üstündən də çay...
Hamıdan az yeyir, az içir Humay.
İştahı olsa da, hey çəkinərək:
"Qız olan bəndələr az yesin gərək".
Humay düşündürür, Humay ağladır...
O nə Tatyanadır, nə Ofelyadır.
Həyata gəldiyi o gündən bəri
O küskün baxışlı qara gözləri
Nələr düşündürür...
Onun həyatı,
Sevgisi, taleyi, müqəddəratı
Hər zaman andırır vərəmli bir qış,
Bütün diləkləri gözündə qalmış...
Bilirəm dərdini, bilirəm nədir,
Humay təkayaqlı bir qərinədir.


Şairim! Yaxanı bir qurtar da sən
İnsana dərd verən hadisələrdən.
Bizə yaşamaq da, ölmək da tanış,
Bir az da başqa bir aləmdən danış!
Ömür dedikləri dalğalı bir su...
Acdır insanların fikrı, duyğusu.
Həyatı güldürən dastanlar yarat,
Varsın da qədrini bilməsin həyat!
Ağardı saçların, ömrün də yarı;
Kasadlıq keçirir şeirin bazarı.
Gərək sinirlərin heç dincəlməsin,
Gecələr gözün? yuxu gəlməsin!
Hanı əsrimizin böyük Bayronu!
Qüdrətin varsa da, sən yarat onu!
Hanı Füzulinin ağlar qəzəli,
Vaqifin gözaltı gülən gözəli.
Söndümü duyğular, öldümü sənət,
Küsdümü şairə, şeirə təbiət?..
İndi gül dəmidir, fəsli-bahardır,
Hər gülün, çiçəyin bir sirri vardır.
Əsrimiz nə qədər böyük olsa da,
Çoxları möhtacdır bir təmiz ada.
Qüdrətin varsa da, bunlardan danış,
Bizə yaşamaq da, ölmək də tanış...
Mən bu xəyal ilə xeyli zamandır
Söykənib dururam yazı masama,
Könül viran qalan bir xanimandır,
Gözümdən kağıza yaş dama-dama
Söykənib dururam yazı masama,
Nədən şeirlərim ağıza düşüb,
Dağların çobanı məni anmasın?
Nədən karvanıyla quşlar ötüşüb,
Başımın üstündə havalanmasın?
Dağların çobanı məni anmasın?
Nədən bu torpağın şirin ləhcəsi
Şairəm deyənə biganə qalsın?
Niyə gurladıqca suların səsi
Ondakı qüvvəti ruzqarlar alsın?
Şairəm deyənə biganə qalsın?..
Nədən söyləməsin ana dililə
Öz odlu nitqini yoldaş komissar?
Türkcə danışmasın sevgilisilə...
Bu mənhus adətdo böyüklükmü var?
Məndən inciməsin yoldaş komissar!
Nədən şeirimizin baş qəhrəmanı
Gah Turandan gəlir, gah da İrandan?
Bəs mənim ölkəmin varlığı hanı?
Böyük bir şairin yazdığı dastan
Gah Turandan gəlir, gah da İrandan!..
Budur mən açdığım yarış meydanı! –
Gəlsin Verxarinı yamsılayanlar!..
Çoxdan danışmayan sevgilim hanı?
Gəlsin Verxarini yamsılayanlar!..
Kimindir sabahdan axşama qədər
Yağışda, yağmurda çalışan əllər?
Kimindir ğecələr yuxusuz qalan,
Səhvlər buraxan, töhmətlər alan,
Fəqət hər ağrıya köksünü gərən,
İşıqlı bir günə yollar göstərən,
Günəşin altında, suyun içində,
Əkində, tarlada, suda, biçində
Dərisi çatlayan, gönü qaralan,
Torpağın bağrını təpiklə yaran,
Tərlan səhərlərin laçın övladı?
Şeirə yaraşmazmı onların adı?
Kimindir bu oba, bu söhbət, bu saz?
Kimindir bəzəkli gəlin kimi yaz?
Baxın cərgələnib keçən əsgərə,
Səsinə səs verir hər dağ, hər dərə.
Baxın o növbədə duran süngüyə,
Baxın bu torpağa, baxın bu göyə.
Kainat qurğusu, canlı bir əsər...
Bəşər yaşadıqca yaşamaq istər!
Qanadlan ilhamım, havalı könlüm!
Daşlı, tikanlıdır uğurlu yolum.
Böyük bir ölkənin vətəndaşısan,
Çiynində torpaq da, daş da daşısan,
Ağ günlər sərinə çox görmə bunu...
Həyata, insana ödə borcunun.

Maraqlı bir hadisə
Heyrət içindədir komsomolçular,
Deyirlər maraqlı bir hadisə var:
Mirpaşa məscidə bağlamış köpək.
Kəndlilər qızışıb qeyzlənərək –
Qarılar, qocalar qiyamət edir,
Kəndin arasında danışıq gedir.
Vicdan götürməyir bu haqsızlığı,
İştə Mirpaşanın əxlaqsızlığı
Dillərdə söylənir cinayət kimi,
Söylənir Allaha xəyanət kimi.
Toylarda, yaslarda, ağlaşmalarda,
Əgər kimin qüvvəti qalırsa darda,
Hər kimin taxılı susuz yanırsa,
Kimin qonşusuna həsədi varsa,
Deyir: "Bu kafirlər üzə gələli
Bizdən uzaqlaşdı Allahın əli".
Bu qara fürsəti fövtə verməyən,
Ömrrındə doğruluq, düzlük görməyən
Axund Şirəlinin uzanmış dili...
Cibindən çıxarır islaq məndili1,
"Ağlayır" məscidin minarəsində;
Onun qulaqları "oxşar" səsində
İnsanlar yaralı bir ahəng duyur,
Könül duyduğuna bilmədən uyur...
Budur, bir varlının ehsan yerində
Axund pişik kimi atılıb yenə
Ayələr gətirir "böyük" Qurandan,
Söyləyir: - İyrənin ölümdən, qandan.
Tanrı unudulur, din gedir əldən –
Dedikcə ağlaşma səsləri hərdən
Onun səsindəki qüvvəti alır.
Çəkir nərəsini o agır-ağır...

Qapalı iclas
Aparır iclası yoldaş Bəxtiyar –
Mənim dastanımın baş qəhrəmanı.
Onun gözlərində bir iztirab var,
İştə, düşündürür hər bir insanı
Mənim dastanımın baş qəhrəmanı.

Birinci səs
- Mirpaşa doğrudan bir yaramazdır,
Elə bir alçağa ölüm də azdır!
Nə qədər kömsomol olsaq da, yenə
Gərək sataşmayaq Allah evinə! –
Dedikcə alışıb yanır gözləri,
Qabardıb döşünü verir irəli.

İkinci səs
- Eh... canım, buraxın! Bizə nə var, eh!
Hər kəs tutduğuna özü cavabdeh...
Doğrusu, bunlara qarışmıram mən.
Bir zaman gələr ki, o, qıl körpüdən
Günahkar keçərkən yıxılıb qalar,
Məhşər ayağında bir toxmaq alar...

Üçüncü səs
- Yoldaşlar, məscidə köpak bağlamaq
Bəlkə zarafatdır, oyundur, ancaq.

Dördüncü səs
- Məncə, zarafatdan ayrıdır bu iş...
Mirpaşa doğrudan bir səhv eyləmiş,
Bu qədər üstünə düşmək də olmaz.
Bunun da qeydinə qalalım bir az.
Azacıq danlayıb, tapşırsaq əgər,
Gördüyü işlərdən artıq əl çəkər.
Mirpaşa
- Çox haqq eyləmişəm!.. Hə!.. Sözünüz nə?
Yoxdur etiqadım molla deyənə,
Oğru ki deyiləm. Tutduğum bu iş
Lap bn əllərimin içindən gəlmiş!
- Afərin başına!
- Mən ölüm əl çək!
- Əlindən gələni iki qaba çək!
Ay canım, biz hara, minarə hara?
Yenəmi inanaq bu alçaqlara?..
Hələ bir dayanın, dələduzam mən
Mollanı yıxmasam o minarədən! -
Deyib, xoruzlanır yenə Mirpaşa,
İclas az qalır ki, coşub çaxnaşa.
- Bir buna bax, buna!
Bir az sakit ol!
- Allahsız!
- Afərin!
- Qoçaq komsomol!

Bəxtiyar
- Əsrlər boyunca o əzan səsi,
İnsanın insanla mübarizəsi
Sizə əfsanələr kimi gəlməsin,
Göydən tökülməmiş nə Tanrı, nə din.
Bəşər bu yolları keçəydi gərək,
Böyük addımlarla gəlir gələcək...
O məscid, o əzan, ordakı insan,
Onların ən gizli sirrinə dalsan,
Hər biri vaxtında yeni bir xəbər,
Hər biri vaxtında canlı bir əsər...
Bəşər vicdanını bağlamış ona,
İnanmışdır onun haqq olduğuna.
İştə, o zamandan, o gündan bəri
Gəlib dolandıqca ömrün illəri.
Hər könül olmuşdur ibadətxana,
İşləmiş ürəyə, qarışmış qana.
Yalan deyirlər ki: "uçmuşdur İsa",
Bu fikri uydurur, məncə, kəlisa.
Yalan deyirlər ki, "Məhəmməd göydən
Yerə nazil olmuş" - düşündükcə mən
Bunlara gülməyim gəlir, doğrusu,
Tarixdə bir qara şayiədir bu!
Onlar da adi bir insan imişlər,
Onlar da vaxtında fikir deınışlər.
Onların da canı sümükdür, ətdir,
Bütün şayiələr bir siyasətdir.
Onlar da yaşamış, ölmüş sonradan,
Belədir hər canlı, belədir insan...
Bunların hamısı bütün hiylədir,
Sadə həyat üçün bir vəsilədir.
Bəşər bu yolları keçəydi gərək,
Böyük addımlarla gəlir gələcək...
Fəqət dəyişdikcə həyatın səsi,
İnsanın insanla mübarizəsi
Bunların hamısı kölgədə qalır...
Onun sözlərinə iclas əl çalır.
Salonu doldurur alqış və hörmət.
Fəqət bir çoxunun baxışları sərt,
Süzür Bəxtiyarı. Bəxtiyar yenə
Cumur xəyalının dərinliyinə: -
Məncə, bu üsyanda bəşər haqlıdır,
Bu haqda yeni bir dünya saqlıdır!..
Lakin mübarizə, inqilab, üsyan
A yoldaş Mirpaşa, deyildir asan!
Yaxından anlasan həyatı əgər,
Daşlar atılanda meyvə kal düşər.
İnsanın qəlbində əsrlər boyu
Özünə yer tutub, yurd salan duyğu
Əmrlə insanın çıxmaz canından
Bir də, komsomolçu deyil xuliqan
Ki, onun ağlına nə gəlsə tutsun.
Ar olsun, doğrudan, sana ar olsun!
Mırpaşa çatmışdı iki qaşını,
Sallamışdı yerə yekə başını...
Deyesən, qaçmışdı rəngindəki qan,
Peşiman kimiydi tutduqlarından...

İməclik
Yerliyi üç metrə dərin qazılmış
Bir daxma, görməmiş nə bahar, nə qış...
Nəmli divarlan məzar kimi dar,
Duyan ürəkləri sıxıb ağladar.
Kərəm, pərdisi hörümçək toru,
Deyirlər kasıbın bilınməz goru.
Hisli buxarısı kömürdən qara,
Qaranlıq qapısı küsüb dağlara...
Burda ömr eləyir Qızyetər qarı,
Əvvəlki qüvvədən düşüb qolları.
Çoxdandır kiriyib əyri cəhrəsi,
Atılıb bir yana odun dəhrəsi,
Nə od var, nə ocaq, nə urvalıq un.
Bürüşüb bir küncdə yamaqlı xurcun.
Həsrətli gözlərlə boylanır qarı
Külləri soyulmuş ocağa sarı.
Onun gözlərində qalıb son arzu
Qatığa tamarzı, südə tamarzı.
Qadın dünyasında altmış ildir
Kəndi qapı-qapı dolanır gəzir.
Sənəti yağ tutub, nəhrə çalxamaq,
Zərli xanımlara uşaq saxlamaq,
Taleyinin suyu bulanıb başdan...
Qohumdan, qonşudan, yaxın yoldaşdan
Etibar gorməyib bu yazıq qarı,
Nökərin canıdır ağanın varı.

  • * *

Qızyetərin qəlbini dönə-dönə dağlayan,
İşığını söndürub qapısını bağlayan
Uğursuz bir xəbərdən, bir qara faciədən
Əziz oxucularım, sohbət, açım sizə mən:
Bütün həyatı boyu onun əkib-biçdiyi,
Yerişinə fəxr edib, boyuna and içdiyi
Həsrət adlı oğlunu apardılar "dabravol"
O gedəndə dalınca tozlandı getdiyi yol...
Aylar, illər dolandı, keçdi o gündən bəri;
Hələ də yollardadır yorğun ana gözləri –
Bir xəbər yoxdur ondan... Görən nə oldu sonu,
Gəzdiyi qarlı dağlar görmədi bir də onu.
"Qızıl gül olmayaydı.
Saralıb solmayaydı,
Bir ayrılıq, bir ölüm,
Heç biri olmayaydı".
Bu bayatı düşməyir anasının dilindən,
Damcı-damcı göz yaşı tökülür məndilindən.
Gözüylə odlar görən bizim sonsuz Qızyetər
"Arsız-arsız dünyada yenə yaşamaq istər".
O kimsəsiz, o yurdsuz, o paltarsız, o acdır,
Fəqət həyat yenə də ölməz bir ehtiyacdır.


Səhərdir... Darayır saçlarını gün,
Tərləyir Qafqazın qarlı dağları.
Qapının ağzında Qızyetər qarı
Əlləri qoynunda oturub bu gün.
Xəyalı dağınıq, fikri qarışıq,
Zəif gözlərinə düşdükcə işıq Qamaşır...
Kim bilir qəlbində nə var?
Uzaq göyə doğru boylanır naçar.
Uçur nəzərləri boşluğa sarı,
Gəzir buludlarda pərvərdigarı..,
Bu dərdi qəlbinə o yaza-yaza
Dəstəmaz alaraq durur namaza,
Bükülmüş belilə əyilib-qalxır,
Bir göyə boylanır, bir yerə baxır.
Lakin o boşuqda yoxdur bir xəbər,
Hava dalğalanıb, küləklər əsər...
Pozur bu ahəngi uzaqdan gələn,
Buluda yüksələn, günə yüksələn
Azad bir dünyanın azad nəğməsi –
Sağlam insanların mübariz səsi:
"Günəşdə bərkimiş əzələlərdən
Bir yeni qüvvətlə sıçradıqca sən
Dağlar da səslənir, daşlar da bəzən.
Hücuma tanklarla keçir komsomol,
Təbiət, təslim ol! Düşmən, təslim ol!
Dalğalan bayrağım, qayna, dalğalan!
İgidlər qanıdır rəngindəki qan!..
Sabahın qoynunda borular çalan
Hücuma tanklarla keçir komsomol,
Təbiət, təslim ol! Düşmən, taslim ol!..
Atın üşəngləri, dağılsın göyə,
Azğın ürəklərə budur "hədiyyə"
Sulardan qan izi kəsilsin deyə
Hücuma tankiarla keçir komsomol,
Təbiət, təslim ol! Düşmən, təslim ol!..
Bu dəstənin başçısı komsomolçu Bəxtiyar
Deyir: - Bu xırça boylu daxmacığa hücum var
Gərək sovrulsun göyə onun da torpaqları,
Bu köməksiz Qızyetər, günlər görmüş bu
Ağ suvaqlı bir evdə ayağını uzatsın!
Beş - on günlük ömrü var, şirin bir yuxuya
O da bilsin dünyanın ləzzətini, dadını,
Ona təzə ad qoyaq: Şərqin azad qadını!
O hisli daxmacıq söküldü o gün,
Zəif qüvvətilə əyildi bütün,
Ağacı bir yana, daşı bir yana –
Arxası üstündə baxır insana.
Uçur təpiklərdə qara buxarı,
Ağzını açmayır bir də yuxarı,
Qaralır daxmanın kalafa yeri,
Dəstə şərqisilə çəkilir geri.
Onları seyr edir kənardan Cəlal,
Birinci dəfədir ömründə bu hal
Ki, yoldaşlarından geriyə qalmış,
İçini göynədir boranlı bir qış...
Rəngi bozarmışdır, baxişları sərt,
Soyutmuşdur onu işdən məhəbbət
Gecəni uyqusuz keçirmiş bütün,
Cəlalın duyğusu ağlından üstün, -
Onun nəzərində kainat boşluq...
Keçir xatirindən hətta sərxoşluq.
Lakin ümidini kəsməyir Cəlal,
Bəlkə güləcəkdir ona istiqbal,
Bəlkə babasından keçəcək Humay,
O sevimli Humay, o göyçək Humay.
O vaxt açılacaq Cəlalın üzü,
Doğacaq ruhuna bahar gündüzü,
Yenə bərkiyəcək varlığı işdə,
Hücumda, cəbhədə, yolda, yürüşdə
Coşub qaynayacaq qəlbinin qanı,
Qaçacaq qorxudan dağın dumanı...
Yazıq... Bu arzular dönsə tərsinə,
O öz hisslərinə qarışıb yenə
Həyatdan, nəşədən kənar qalacaq,
Sadədil olmağın nəsibinə bax!
Düşündükcə, bu dərin,
Bu sarsaq fikirlərin
Cəlal bir əsiridir,
O qəlbini əridir
Şamdandakı mum kimi,
Həyat bir zəqqum kimi
Zəhərləmiş qanını;
Eşqin ərməğanını
Dost əlindən almamış,
Yara qonaq qalmamış...


Anladıqca səni pozulur halım,
Komsomol Cəlalım, şair Cəlalım...
Söylə, bir nə üçün döyüşlərdə sən
Qızğın dəmir kimi soyudun birdən?...
Gözəldir sevişib murada çatmaq.
Sevgi bu yerlərdə deyildir yasaq;
Fəqət qüvvətinlə cahana bildir:
Yaşamaq sadə bir sevgi deyildir!
İndi də sən dinlə, mənim oxucum!
Cəlalın üstünə açdığım hücum
Bəlkə də gəncliyə bir hörmətimdir,
Duyan ürəklərə məhəbbətimdir.
Nə qədər sevsəm də Cəlalı, əfsus,
O bir qurbanıdır vaxtına məxsus
Adi duyğuların, düşüncələrin...
Hər kiçik zərrədə dərindən dərin
Mənalar gizlənir, Cəlal boş deyil,
Ayıq olmasa da, bir sərxoş deyil;
O, canlı insandır, o insanı mən
Keçinmək istərəm hadisələrdən,
O zaman aydınca görərsən onu,
Bilərsən nə olur Cəlalın sonu.
Bir ayın ərzində tamamlanmış iş,
Daxmanın yerində ağ ev tikilmiş –
Düzülmüş yan-yana pəncərələri,
Qızyetər bu evə köçəndən bəri
Öpür saçlarını günün işığı,
Dəyişib büsbütün yar-yaraşığı;
Elə bil dünyaya yenidən gəlmiş;
Yoxsulluq keçirən heç bu deyilmiş.
Bəylərin dövləti-malı talandı,
Onların yurdunda ocaq qalandı,
Aldı öz payını Qızyetər qarı,
Onunla birlikdə kənd yoxsulları.
İndi gümüldənib1, sızlayıb hərdən,
Şikayət etməyir öz taleyindən
Bir parça çörəyə çatmışdır əli.
Komsomol Bəxtiyar kəndə gələli
Toplayıb başına yoldaşlarını,
Daşıyır çiynində yol daşlarını;
Gündə hər əlsizə bir yuva qurur.
Odur bax, özüdür, o gələn odur.
Araba boynunda ot daşıyır, bax...
Səhraya çıxmışdır günəşdən qabaq
O, mədən yavrusu sizdənəm, deyə
Qaynayıb-qarışıb yoxsul kəndliyə,
Gah kərənti çəkir, gah odun qırır,
Gah da ki, dağlara çıxıb hayqırır
Qaçaqlar dalınca əldə tüfəngi,
Hirsindən bozarıb qızarır rəngi.
Nə qədər qüvvə var, nə qədər maraq
Bu insan oğlunda hünərə bir bax!
Əlində top kimi oynayır həyat,
Onun dövlətidir bir tüfəng, bir at,
Bir də əynindəki yamaqlı şinel,
Doğma vətənidir hər oba, hər el.
Bəxtiyar arzular öylə bir dünya –
Ağalıq, köləlik olmasın orda.
Güldürür ömrünü bu şanlı əməl,
Sadə bir insandır hər şeydən əvvəl

  • * *

Gecədir... Kənd yuxulu,
Nə işıq var, nə tüstü,
Ətraf bir az qorxulu,
Sakit durur yol üstü;
Nə işıq var, nə tüstü.
Ala-seyrək, arabir,
Gəlir köpək səsləri.
Yaxından eşidilir,
Kür çayının ləngəri,
Bir də köpək səsləri.
Hərdən yağış səpələr –
Gözəldir bu tamaşa,
Yastı-yastı təpələr
Yatışırlar baş-başa,
Gözəldir bu tamaşa.
Bulud qara, göy qara
Bu qaranlıq gecədən
Gözə gəlir göy qara;
Çox keçdim ömrümdə mən
Bu qaranlıq gecədən...
Səhər, obaşdan durub,
Yerində bardaş qurub,
Təsbeh çəkir Qızyetər,
Alnındakı soyuq tər
Bəlkə cana faydadır,
Qocaldıqda qaydadır...
Çıxdığı ağ günlərin
Anlaya bilmir dərin
Mənasını bu qarı;
Baxıb altdan yuxarı
Bu rahat yatmağını,
Ağ günə çatmağını,
Yenə Allahdan görür,
Çəkdiyi ahdan görür...

Qaravul
Dumanlar dağların üstündə bir yük,
Dağların bu dərdi özündən böyük.
Havalar qat tutub, gecə darısqal,
Belə bir səhnəni xatirinə sal.
Bu sıx qaranlıqda keşikçilər var,
Körpünün altını kəsib Bəxtiyar.
Qarşısında nəhr, arxasında yol,
Yanında on nəfər igid komsomol,
Qaçaqlar bu kəndə dolmasın deyə,
Bir də qılınc-qırğın olmasın deyə.
Ayaq üstündədir axşamdan bəri,
Süzülür yuxulu, yorğun gözləri.
Çalpapaq Kərəm də gəlib arabir
Onların üstünə özü baş çəkir.
Bu qoca kommunist, bu kənd rəhbəri
Bəxtiyarla tanış olandan bəri
Artır məhəbbəti ona günbəgün,
Onunla başqadır rəftarı bütün.
Bəxtiyar tüfəngə söykənib durur,
Gözlərində həyat, alnında qürur.
Azca xışıldasa ağacda yarpaq
Yerindən quş kimi cəld sıçrayaraq,
Hazırdır... Yanında uzanıb daşa,
Yatıb fısıldayır yenə Mirpaşa.
yeyib, içib,
Dünyadan keçib...
İnan ki, növbədə dayanıb naçar...
Bu daş parçasına gülür Bəxtiyar.
Və sonra Mirpaşa səksənsin deyə,
Havayı bir güllə buraxır göyə.
Azca qımıldanır onun bədəni.
Bəxtiyar deyinir: -
Öləsən səni!

Kənddə teatr
Bir aydı Gərayın evi alınmış,
Orada başqa bir həyat salınmış.
Leninin əksidir divarda duran,
Tarixdə ən böyük, ən canlı insan.
Könüldən-könülə gəzir əməli,
Onun tribunadan yüksələn əli
Çağırır üsyana əzilənləri,
Günlər baş götürüb axır irəli.
Axşamdan bəridir o əksə sarı
Dayanıb diqqətlə baxır bir qan.
Hələ gözlərinin var işıqları,
Darısqal alnının qırışıqları
Tarixdə ən qara günlər andırır,
İnsanın fikrini dalğalandırır...
Əynində paltosu, başında şalı,
Onun ruhunda da dəyişmiş halı.
O, artıq keçirir özgə bir həyat:
Bəylərin malından üç inək, bir at
"Yoxsul komitəsi" vermişdir ona.
Ömrünün sonunda Qızyetər qarı
Gülüb şadlığından qol-qanad açır,
Zığlı gözlərindən yorğunluq qaçır...
O, əksə baxdıqca dayanıb durur,
Deyir ki:"dünyada peyğəmbər budur!"
Yoxsa bu bəylərin, qansoranların
Taxtı tarac olsun, görüm, onların..."
Üfüqlər qaraldı, el rahat oldu,
Bizim kənd klubu yenə də doldu.
Taxtadan qurulmuş adi səhnədə
Bu axşam tamaşa vardır yenə də.
Burada bir çoxu düşəcək dərdə...
Zırınq... Zəng vuruldu, açıldı pərdə:
Nökər paltarına girmişdir Cəlal,
Bəyin rolundadır bu gün Bəxtiyar.
Onun qollarında nə ki qüvvə var,
Hey döyür Cəlalı, o isə bihal
Yıxılıb torpağa zarıyır əlan,
Belədir acizlik, belədir İnsan...
- Sən oğurlamısan!
- Vallah yalandır...
Bağışla Tanrıya, öldüm, amandır!..
- Gör necə yalvarır, İtin balası!
Elə bil itkidən xəbəri yoxdur!
- Vur, köpək oğlunu,- günahı çoxdur! -
Deyib qızışdırır bəyi kirvəsi,
Muzdurun getdikcə kəsilir səsi...
Şaraqhaşaraq, Yumruq, şapalaq
Boyamış qana
Ağız, burnunu,
Görənlər bunu
Qorxudan çəkilib uzaqda durur,
İrva qızışdırır, boy yenə vurur,
Vurduqca qamçısı qırılır birdən,
Daha da hirslənib durduğu yerdən
Bir daş parçasını əyilib alır,
O "məhkum insanın" başına salır.
İkinci pərdədə bir özgə hal var:
- Siz xoş gəlmişsiniz, əziz qonaqlar!
Deyərək, Gəray bəy açır məclisi,
Ona cavab verir başqa birisi:
- Gəray bəy!
Deyərək gözlər süzülür
Əllərdə titrəyən qədəhlər gülur.
- Yaşasın parlaman!
- Yaşasın millət!
Açılır ortada bir rəsmi söhbət,
Ayağa qajxaraq ministr Elxan:
- Siz bilirsiniz ki, dəyişir zaman,
Dəyişir hər şeyin əvvəlki halı.
Belə bir zamanda ayıq olmalı!
Hərçəndi məhv oldu iyirmialtılar,
Yenə də Bakıda o izdiham var.
Bu bir axındır ki, baş alıb gedir,
İndi kəndlərədə sirayət edir.
Deyirlər kəndliyə verilsin torpaq,
- Arpa yeyənlərın iştahına bax!
Gəray bəy hirslənib yerindən durur.
Əlini stolutı üstünə vurur:
- A kişi, bir dayan! Mən Ölüm, bir dur!
Torpağı neyləyir öküzsüz muzdur?
- Öküz də istəyir, qoyun da, at da.
- Yox, bir arvad da!
- Yox, birməni də...
- Bəli, səni də!..
Hətta deyirlər ki, parlaman gərək
Əlini hər şeydən tamam üzərək,
Versin hökuməti bolşeviklərə,
Yəni mülkədarlıq ölsün bir kərrə...
- Hay-hay!
Qəribədir dünyanın işi!
- Evet, efendiler! Çarxın gerdişi
Qocaman türklüyə gülmüyor çoxdan,
Ümid kesmeyelim atılan oxdan...
Vatan lalezardır, millet pürvüqar,
Onun göyler kadar amelleri var,
Ayrılıq öldürür milleti her an,
Saatlar vurduqca yetişıyor zaman.
Ayrılan quvvalar birleşmelidir!
Vatan bır torpağa yerleşmelidir! -
Deyib Səbri paşa qılınca baxır,
Başından tüstülər, dumanlar qalxır.
Çoxalır həsrəti, çoxalır yası,
Axır xəyalından nöyüt dəryası.
Nöyüt kamərləri düzəlib yola,
Axıb tökülürlər düz İstanbula...
Sonra, davam edir sözünə Elxan:
Ölçülər götürür indi parlaman,
Ən əvvəl Bakıda bütün qoçular,
Şəhərdə izdiham salanlar ki, var,
Onları axtarıb taparaq həmən,
Ayırır başını dərhal bədəndən...
İşçilər mədəndən hey qovulurlar,
Axırda susmağa məcbur olurlar,
Aralıq bir qədər keçmədə sərin...
İndi də türklərin, ermənilərin
Ortasında gərək ziddiyyət salaq!
Kəndin yoxsulları hər kəsdən qabaq
Qoyun silahlanıb girsin meydana!
Əlləri çatmasın özgə bir yana...
Qarışsın cəbhədə onların başı,
Təki böyuklərə, bəylərə qarşı
Bir də baş qaldırıb deyinməsinlər!..
Onlar da gırmızı geyimməsinlər!.. Malades!
Yaşasın belə parlaman! –
Gəray bəy bu sözü dediyi zaman
Əlindən hədəfi düşüb tokülür.
"Niçevo" deyərək balaca gülür.

Üçüncü pərdə
- Ayağa qalxınız, şeyximiz gəldi!
Deyə Gəray bəyin səsi yüksəldi.
Qalxdılar, baş vurub oturan zaman
"Allahın elçisi" əlində Quran
Gəldi, o məsləki kömürdən qara,
Bir göyə boylandı, bir insaniara:
- Hər kimin qüvvəsi varsa qolunda
Bu gün din yolunda, millət yolunda
Keçsin öz canından, öz var-yoxundan,
Tanıyaq onları, bilək yaxından...
Görək Tanrısına düz çıxan hanı?
Vetənin uğrunda tökülən qanı,
Mələkler öz yaşıl qanadlarında
Qaldıracaq göyə, Tanrı yanına -
Deyib o məsləki kömürdən qara
Bir göyə boylandı, bir insanlara.
Ağarmış saçları dağda qar kimi,
Ürəkdə həsrəti, dərdi var kimi
Sallayıb başını dayanmış İmran,
Bükülmüş qaməti sanki bir kaman.
Qorxub çəkinməyir o cəbhələrdən,
Fəqət gözlərinə görünür hərdən
Evində ac qalan çılpaq yavrusu,
Başından sel kimi daşır qayğusu.
Üşüyür varlığı, az qalır dona
Gedib şeyxə tərəf yalvarır ona:
- Hərçəndi Allahın hökmü səndədir,
Bir bölük külfətin gözü məndədir.
Təkəm, köməksızəm, uşaqlar körpə...
Onların gözündən yaş sərpə-sərpə
Uzaq bir səfərə getmək olarmı?
Qanun deyiləndə mərhəmət varmı?
Gəray bəy qaşını çəkib yuxarı,
Yerindən oynayır İmrana sarı:
- Şübhəsiz, haqlısan tələbində sən,
Söylə, nə etmək ki, dağılır vətən...
Bilirəm, gənclikdən sən qəhrəmansan,
Bir az da millətin halına yansan
Allaha xoş gedər, qaldı, uşaqlar...
Onların mən kimi kəndxudası var,
Əlimdən gələni əsirgəmərəm...
Bu halı seyr edən Çalpapaq Kərəm
Çatıb qaşlarını hirsindən yenə
Gülür bığ altından Gəray deyənə...
Qaranlıq, boğucu bir yaz gecəsi.
Ayın da rəngində sarılıq vardı.
Ətrafı tutmuşdu topların səsi;
Matəmə dönmüşdü gecənin ardı,
Ayın da rəngində sarılıq vardı.
Başqadır bu gecə Gərayın halı –
O öz kefindədir, dəmlidir əlan:
- Demək ki, millətin var istiqbalı, -
Deyib gülümsərkən ministr Elxan,
Yenə də səslənir gümüş bakallar,
Yenə də sərxoşca qəhqəhələr var...
- Gəray bəy, doğrudan əhrimənsiniz
Gələr bir zaman ki, bu hünərlə siz,
Siz də keçərsiniz düz parlamana,
Bu şöhrət yaraşır bir qəhrəmana.
- Sağ olun, möhtərəm və böyük Elxan!
Bəlli ki, hökmünü verəcək zaman,
Əlimdən gələni əsirgəmərəm...
- Nə oldu kommunist Çalpapaq Kərəm
- O, ələ keçmədi... deyirlər yenə
Kənddən uzaqlaşıb gedib mədənə.
- Cəbhələr necədir?
- Eşidirsiniz...
O top səslərinin altrında bu gün
Əli lüfəng tutan nə varsa bütün
Ölür də, Öldürür, lap qiyamətdir!
Anlayan yoxdur ki, bu, siyasətdir!..
- Afərin, Gəray bəy! İnan ki, sənin
Ruhunda ruhu var doğma vətənin!
Halaldır bu hava, bu su, bu torpaq...
- Elxan, bu sözləri, mən ölüm, burax!
Mənim ki, borcumdur çalışmaq sizə.
- Əvət, sadiqsiniz vəzifənizə.
- Qorxub çəkinməmək ölümdən, qanda
Gözlənir adətən hər qəhrəmandan!

Dördüncü pərdə
Haman bu anda,
Eyni zamanda,
Bir qara lampanın işığında tək
Gözündən od kimi yaşlar tökərək: -
Ay Allah, neyləyim? - deyə Gülpəri
Boylanır qapıya... Dönür içəri.
Köhnə mitilləri dağıdıb sökür,
Yorğanın, döşəyin yununu tökür.
Yığıb bir palaza, satacaq onu,
Budur yoxsulluğun, aclığın sonu.
Gözlərində duman, baxışları qan,
Əlində bir qamçı, belində naqan
Gəray bəy ortaya atılır birdən,
Gülpəri diksinir durduğu yerdən,
Səyriyib dodağı, qaçırbənizi.
Alnında min acı, fəlakət izi...
- Ay qız, nə var, nə yox?
- Nə olacaq ki!.. Hər şey o qaydada, hər şey qabaq kı,
- Uşaqlar necədir?
- İndi yatırlar...
- Sən niyə oyaqsan, gözləmənmi var?
Gülpəri qızarıb başını salır.
Gəray bəy qızışıb birdən əl çalır:
- Hay-hay, gözəllənib, rəngin açılıb,
Elə bil alnına güllər saçılıb.
Özgə nə var, nə yox?
- Nə deyim, gündür...
- Ah, o baxışlar ki, öylə süzgündür
Səhər ulduzumı andırır, bilsən!
Şahlara layiqsən bu hüsn ilə sən!
Gülpəri mat qalıb, yerində durur,
Gəray bəy kənarda bığını burur.
- Demək ki, işlərin yaxşı gedir, hay?
Dillənib cavab ver!
- İmrənir Gəray...
Ozünü toplayıb, dinir Gülpəri:
- İmran atışmaya gedəndən bəri
Uşaqlar ac qalır...
- Qoy görək!
- Vallah!
- Bir meşok götürüb bizə gəl sabah,
Arpadan, buğdadan na varsa al gəl!
Aclıq gözəlliyə olmasın əngəl, -
Deyib addımını irəli atır...
Gülpəri utanıb qan-tərə batır.
Sonra sol cibinə salır əlini
Gözaltı bir daha süzüb gəlini:
- Al bu pulları da, xərclik edərsən.
- İmran acıqlanar...
- Uşaqsan ki, sən...
Kimdir açıb deyən İmrana bunu.
Gülpəri:
- Gəray bəy, ac qalsam illər uzunu
Mən onu aldadıb, yalan satmaram,
Mən öz namusumu yerə atmaram.
- O, sağ gəlməyəcək...
- Necə?
- Öləcək!
Vaxt ikən gəl unut, sən ondan əl çək!
- Gəray bəy, gecədir... zəhmət çəkin siz
Allaha bəd gedər, naməhrəmsiniz...
- At görək, mən ölüm, bu oyunları,
Neyləyirsən açıb, töküb bunları,
Bəri gəl, ay zalım, bir qucaqlaşaq,
Unut bu tərsliyi, gəl Allaha bax!
Bu dünya beş gündür, beşi də qara,
Pərişan zülffinü sübhdən dara;
Çıx sinəm üstünə günəşdən əzel,
Havada quşlan dindirən gözəl! –
Deyib, Gülpəridən yapışır bərk-bərk,
Onun gözlərindən zorla öpərək:
- Necəsən? -
Deyərək çəkilib durur,
Eşib bığlarını yenidən burur.
Gülpəri daş kimi yerində donur,
Ala gözlərindən üsyan oxunur:
- Binamus...
- Nə dedin?
- Gözümdən itil!
Nələr gördüyünü bir düşün də, bil!
Yoxsa...
- Nə olacaq?
- Canına azar!
Hankı təriqətdə bu vəhşilik var?
- Sus köpəyin qızı, doğraram səni!
- Öz arvadına söy, qorxutma məni!
Gəray bəy bozarıb, bir də soxulur,
Ortada gizli bir əhvalat olur...
Gülpəri ah çəkir, yalvarır, söyür,
Qonşular yığılıb qapını döyür.
- İçəri gəlməyin - çığırır Gəray.
Gülpəri qışqırır: - Öldüm, ay haray!..
Göy Vəfi dayana bilməyib birdən,
Dağ kimi tərpənir durduğu yerdən,
Dabandan qapını oynadıb qırır.
Gəray bəy yenidən bir də hayqırır:
- Gəlməyin deyirəm!
Göy Vəli gəlir, Siyirib xəncəri birdən yönəlir;
- Binamus oğlunun tutduğuna bax!
Gəray bəy, od kimi yerdən qalxaraq;
- Nə var? Sən nəçisən? İtil buradan!
Əlini naqana atdığı zaman,
Göy Vəli mıx kimi yerində qalır,
Titrəyib, xəncəri əlindən salır.
Gəray bəy aradan çıxdığı zaman
Gülpəri cəhrəni götürüb daldan
Çırpır, yapışdırır lap tapəsindən,
İgid bir qadının aslan səsindən
O xain başını tutub, çaparaq
Qaçır mənzilinə taraqhataraq...
Qaraldı get-gedə gecənin üzü;
Buludlar sıxlanıb bir ordu kimi.
Sakit bir yuxuda çöllərin düzü...
Çırpınıb döyünür gecənin qəlbi,
Buludlar sıxlanıb bir ordu kimi.
Arabir göylərin dərinliyindən
Gecikmiş dumanın səsi gəlirdi.
O yaz gecəsinin sərinliyindən
İnsanın xəyalı hey yüksəlirdi,
Gecikmiş durnanın səsi gəlirdi.
Yalnız o durmuşdu gözlərində yaş
Uçuq bir daxmanın astanasında,
Yaralı gövdənin üstündəki baş
Ağlayıb, sızlayır hicran yasında,
Uçuq bir daxmanın astanasında.
- Doğrudur, mən ona təslim olmadım,
Fəqət ləkələndi yenə də adım.
Ah, o gələcəkmi?... İmran, ay İmran!
Mən sənin eşqinlə yaşardım, inan!
Gəl də öz yarını bu halda tanı,
Sənin fəxr etdiyin o adım hanı?
Dedikcə qəlbinə qaranlıq çökür,
Gözündən od kimi o yaşlar tökür.
GÖZƏLLİK VƏ MƏHƏBBƏT
Uzaq buludlarda gəzinirdi
Ay, Doqqazın ağzında Cəlal və Humay –
Birisi söz atır, digəri gülür,
Könüllər döyünür, gözlor süzülür.
- Humay, bu dünyada ən çox sevdiyim,
Bəlkə də ən böyük Tanrı bildiyim
Bir qüvvə varsa da, o sənsən, inan!
Xəyalın gözümdən ayrılsa bir an,
Mənliyim, şərəfim məhv olub gedər,
Amansız ayrılıq məni qəhr edər.
Doğrudur, döyüşdə atanla bəzən
Qoç kimi üz-üzə çarpışmışam mən.
Gəl üzə vurma heç o zamanları;
Tarix yaradırkən qəhrəmanları,
Cəbhələr ayrılır, bil ki, əvvəldən,
Xatalar baş verir hər vuran əldən...
- Nə deyim, bəlkə də haqlısan, Cəlal,
Əlindən gəlirsə, elçi göndər, al...
- Yox, bu olmayacaq, tezlikdə baban
Bu işdən bir xəbər tutarsa, inan,
Başqa bir insana verəcək səni.
Çox zaman almayır sevən sevəni...
- Bəs onda neyləmək?
- Qoşulub qaçmaq!
Başqa bir iqlimə doğru yol açmaq!
- Yox, Cəlal, olmadı. Şahiddir hamı,
Görürkən yuxuda qaçaq babamı
Hönkürüb ağlaram əlimdə yaylıq...
Nəinki ömürlük, hətta bir aylıq,
Bəlkə də bir günlük səfərə getmək,
Eşq üçün babamı atıb, tərk etmək
Ölümdən yamandır el-gün içində...
Sən onu axtar,
Hər nə sözün var
Özüylə danış,
Nə yad, nə tanış
Gülməsin ona...
- Qurbanı olduğum, yaşılbaş sona,
Sənin hər əmrinə boyun əyməmək
Əlimdən gələrsə, ey nazlı mələk,
Qoy günə axmayım, baxtım qaralsın,
Bütün səadətim heçliyə varsın!
Qaralar geyinsin eşqimin sonu,
Arayıb, axtarıb taparam onu.
Ölümdən qorxmağın nə mənası var?
Ya məni öldürər, ya da yaşadar.
- Yox, babam çox sevir, bil, xatirimi,
Bllmərrə andırsan ona sevgimi
O səni əfv edər, bağışlar, bilsən,
Babamı bir belə qatil bilmə sən...
Dedikcə Humayın gözləri gülür,
Cəlalın ayağı yerdən üzülür
Toyda nağıl deyən bir aşıq kimi;
Sonra sevgililər sarmaşıq kimi
Birdən qucaqlaşır...
Ay uzaqlaşır.
Qaranlıq onlara xoşdur işıqdan...
Mən bu gözəllikdən, bu yaraşıqdan
Bir zaman vardı ki, ilham alardım,
Havada quş kimi qanad çalardım.
Fəqət, sevgilimin düşüncəsi dar.
Qəlbimi top kimi atıb oynadar,
Sonra divardakı daşa vurardı,
Ömrümün nə yazıq günləri vardı...

Dostlar
Cəlal vidalaşıb yola düzəldi,
Xəyalı dağınıq mənzilə gəldi.
Gecədən keçraişdi, üfüqlər qara,
Sanasan kainat çəkilir dara.
Çıxardıb şineli divardan asır.
Humayın əksini bağrına basır.
Sonra çarpaymm üstə yıxılır,
Ağır düşüncodən qəlbi sıxılır.
Yenə də qalxaraq yatdığı yerdən
Gəzmır...
Döyülür qapısı birdən. O kimdir?
- Bəxtiyar.
- Gəl görək, əşi!
Sənsiz taleyimin gülməz günəşi.
- Qoy görək, ay Cəlal, dolama bizi,
Bu vaxtsız gecədə gəlməyimizi...
Deyib gülüşdülər o əski dostlar.
Sonra Bəxtiyar
Cəlalda rəng verən halı duyaraq:
- Aşna, bəri bax!
Nə var? Qaşqabağın tökülmüş yenə,
Aç söylə dərdini, nə olmuş sənə?
- Qoy qalsın hələlik, sonra bilərsən.
- Yox aşna, nə qədər gizləsən də sən
Özüm xəbərdaram...
Cəlal qızardı. Onun gözlərində iztirab vardı.
- Kim çağırdı səni bu əyri yola,
Məhəbbət yararmı bir komsomola?
Mən də sənin kimi bir gəncəm həmən,
Ömrümü cəbhədə keçirməklə mən
Nə sevda bilirəm, nə də ki, hicran;
Nələr tutduğunu bir düşün də, qan!
- Nə var ki, mən daşam, yoxsa torpağam?
Yaşamaq istərəm nə qədər sağam;
Odur ki, sevgi də, hicran da xoşdur!
Məncə məhəbbətsiz bir həyat boşdur...
- Yox, Cəlal, bu qədər hissə qapılmaq
Gəncliyin keçici hissidir, ancaq.
Bir də ki, sən düşün, sevdiyin kimdir?..
- Ruhumda inləyən bir sarı simdir...
- Lap şeirə bənzədi bu son sözlərin,
İşləyir şüurun, görür gözlərin,
Yenə də sən qızı yaxından tanı...
Bu günün eşqində etibar hanı?
- O mənə and içdi.
- İnanma, Cəlal!
O son vuruşmanı xatirinə sal.
Səndin Gəray bəyi pusquda vuran,
Əsrlər dolaşıb, keçsə də zaman
O səndən intiqam almamış durmaz!
Ağlını gəl topla başına bir az!
Ayrıdır məsləki, ayrıdır dini,
Verməz Allaha da öz bildiyini...
Bu sözdən Cəlalın rəngi bozardı,
Xəyalı bir dərin heçliyə vardı.
O indi daş kimi yerində donmuş,
İçində çırpınır yaralı bir quş.
Şübhələr üşüdür onun canını,
Gizləmək istərkən həyəcanını,
Yenə də Bəxtiyar tez duyub onu,
Dəyişir söhbətin bir az tonunu:
- Cəlal, düşünmə, yetər!
Bil də, qayğıdan betər
Azar yoxdur dünyada;
Gəncliyini sal yada.
Tutduqlarından ərin1,
Sənin şanlı günlərin,
Zamanların gələcək,
Bizimkidir gələcək...
Sev, məftun olma, qardaş,
Məhəbbət dediyin daş
Nəyə düşsə sındırar,
Onun ağırlığı var...
Bir də ki, sən - komsomol,
Anla ki, tutduğun yol
Şərəflidir cahanda,
Bu qarışıq zamanda
Humay düşmən qızıdır,
Altun əxlaqsızıdır.
O sənin dar günündə,
Gözlərinin önündə
Qızlığını satacaq...
Unut onu, sözə bax!
Cəlal bu sözlərdən ayılan kimi,
Yerində qıvrıldı bir ilan kimi...
- Yox, Bəxtiyar, sən,
Çox səhv edirsən!
O təzə çiçək
Nə olsa gərək Mənim olmalı!
O, ata malı
Nə şöhrət duymaz;
Olsa da bir az
Qəlbində kim
Qəlbindəkini
Mənim qüvvətim
Və məhəbbətim
Tezcə parçalar,
Nə mənası var...
Bəxtiyar əlini atıb divara
O axşam qızışıb dəm verdi tara.
Simləri gəzdikcə ağ barmaqları,
Humay qonşuluqda aşıb hasarı
Dinlədikcə tarın həzin səsini,
Çalırdı qəlbinin kəmənçəsini...
Uzandı dostların şadyanalığı,
Bürüdü söhbətlə saz ortalığı.
Cəlal pəncərədən baxıb arabir
Bayatı qaldırıb, şikəstə deyir.
Onun gözlərində mənası qat-qat
Kitablar kimidir ölüm və həyat.
O, sevmək, sevilmək, yaşamaq deyə
Gah yerdə sürünür, gah uçur göyə...
Dolaşır fikrində keçidli dağlar,
Cəlalın qəlbində döyüntülər var:
"Ah, o doğrudanmı sevəcək məni?...
Yox canım, oynatmaz sevən sevəni,
Nə qədər olsa da qadındır...
Aman!
Humayda eynlik duyduğum zaman
Bu ucsuz-bucaqsız tükonməz çöllər,
Gəzib gönmədiyim ən uzaq ellər,
Məskənim olacaq,
sonra da quşlar
Başımda toplaşıb yuva salacaq.
Əzəldən sevginin taleyinə bax!"
Yoldaş oxucular, xəyal ediniz,
Cəlal düşündükcə bu qədər aciz,
İçini bir qüvvət dağıdıb sökür,
Rənginə bir narın sarılıq çokür,
O indi dustaqdır hissin əlində,
Asılmış sevginin bu cəngəlində...
"Xayır!" Məcnunların dövrü yaşandı,
Bugünkü sevginin başqadır andı" –
Deyərək, özünü toxtadır Cəlal,
Uçur gözlərindən qanadlı bir hal:
"Qoy cəhərınəm olsun!..
Yox, yaxşı qızdır!
Qızların gözəli etibarsızdır.
Eh, bu fəlsəfələr bir yanda dursun,
Gör nələr deyirəm...
Dilim qurusun! Mənim ki, sevgilim
Humaydır, Humay!
Qəlbinin saflığı - on dörd günlük ay.
O mənsiz keçinib, mənsiz yaşarmı?
Heç onun adına bu yaraşarmı?"
Dedikcə Cəialın gözləri yanır.
Fəqət, qarşısında gəlib dayanır
Qaçaq Gəray bəyin qorxunc xəyalı.
Yena də Cəlalın dəyişir halı:
- Ah, bu quduz köpək ölüb getmədi,
Top-tüfəng səsləri yenə bitmədi...
Bu qanlı qovğalar, bu vuruşmalar,
Hücumlar, üsyanlar, sərt toqquşmalar
Ayırır insanı öz ürəyindən...
Ayağa qalxaraq, durduğu yerdən:
- Cəlal, mən gedirəm! - deyir Bəxtiyar.
Əl verib ayrılır o əziz dostlar.
Humay yenə düşünür
Humay buxarının qabağında tək,
Dikilmiş gözləri ocağa sarı.
Dağların ayazlı, quru ruzgarı
Vaxtsız qonaq kimi birdən əsərək.
Döyürdü qapını.
Humay qəmlidir.
Yorğun nəzərləri azca nəmlidir...
"Nahaq qız yarandım mən bu dünyada,
Dikib gözlərimi bu təmiz ada...
Nə məclis görürəm, nə toy, nə də yas,
Ayaqlar altına düşən bir palaz..."
"Nə deyim, haqlısan bəlkə də, Cəlal,
Əlindən gəlirsə, elçi göndər al"
- Sözləri Humayın yadına düşür,
Sınıb qol-qanadı yanına düşür...
"Gör nələr demişəm, gözlərdən iraq!
Bir mənim ağlımın kəmliyinə bax!
Nə qədər olsa da, o, yad oğludur,
Nədən bilirəm ki, fikri doğrudur?
Bəlkə də aldadır Cəlal könlümü?
Mənim də dünyadan nəsibim bumu?
Ah, onu gördükcə at belində mən
Ağacda yarpaq tək əsirəm bəzən
Sözünü qaytarsam zorla aparar,
Yalan çıxmağımın qorxusu da var...
Babam da bir yandan belimi qırır,
Çəkilib dağlara, coşub hayqırır.
Onun çörəyilə boy-başa çatmaq,
Sonra yad oğluna qoşulub qaçmaq
İlana döndərər yenə babamı,
Onun xəsyətinə şahiddir hamı.
Fəqət neyləyim ki, sevdim Cəlali,
Nə şöhrət, nə mənsəb, nə dünya malı
Görünməz gözümə..."
Humay dərindən
Bir nəfəs alaraq, fikirlərindən
Başım qurtarmaq istəyir bir az...
Şairim, indi də təbiəti yaz!
Bayaq pəncərədə səslənən külək
Xəstə uşaq kimi hey öskürərək,
Nəfəsdən kəsildi, lal oldu artıq,
Ulduzlar sayrışır, buludlar açıq,
Göylərin aynası ləkəsiz durur,
Xilqətin ən dərin mənası budur.
Humay pəncərədən baxır dışarı,
Ağarır süd kimi dağların qarı...