Kor oldu

Vikimənbə saytından
Kor oldu
Müəllif: Aşıq Bəsti
Mənbə: Aşıq Bəsti (2013). Bənövşələr (az). Gəncə. Orijinal mənbədən 2018-09-14 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-14.

Gözün baxa-baxa, qızın kor oldu,
Dərdin nə böyükdü, ay anam mənim!
Yazda-yayda dağlarını qar aldı,
Dərdin nə böyükdü, ay anam mənim!

Bir yar sevdim, yarımadım yarımdan,
Ellər zara gəldi, ahı-zarımdan.
Mən dönə bilmədim, düz ilqarımdan,
Dərdin nə böyükdü, ay anam mənim!

Bəsti, yandım, alov qalxdı başımdan,
Çay selləndi, gözlərimin yaşından.
Ayrı düşdü, torpağından, daşından,
Dərdin nə böyükdü, ay anam mənim!