Məzmuna keç

Ləbinə əhli-nəzər çeşmeyi-heyvan dedilər

Vikimənbə saytından
Ləbinə əhli-nəzər çeşmeyi-heyvan dedilər
Müəllif: İmadəddin Nəsimi
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.262. 22 avqust 2017 tarixində arxivləşdirilib

Ləbinə əhli-nəzər çeşmeyi-heyvan dedilər,
Gərçi uçmaq hurusu cümlə ana can dedilər.

Səni bu hüsni-camal ilə, kamal ilə görüb,
Qorxdular həq deməyə, döndülər insan dedilər.

Surətin vəsfini sordum isə hər taifədən,
Məninin güzgüsünü surəti-rəhman dedilər.

Sunbülün halı pərişan, dedilər, hal əhli,
Allah-Allah, nə üçün, mişkə pərişan dedilər?

Bir qılın qiymətini hər kimə sordumsa, ana
Gənci-Qarun ilə min mülki-Süleyman dedilər.

Düşmənin adını aşiqlərə sordum ki, nədir,
Eşidən cümlə nə kafər, nə müsəlman dedilər.

Şək degil kim, üzünü görməmiş anlar ki, səni
Huriyə bənzədübən Yusifi-Kənan dedilər.

Ləblərin vəslinə irmək mana müşkül görünür,
Gərçi sordular anı, dil ilə asan dedilər.

Ağzın əsrarına əndişə qaçan vaqif ola
Ki, üqul əhli ana nükteyi-pünhan dedilər.

Ey Nəsimi, dəmi-İsa degil isə nəfəsin,
Nəfəsi doğrular ana nə üçün can dedilər?