Məzmuna keç

Ləblərin şərbətinə çeşmeyi-heyvan susadı

Vikimənbə saytından
Ləblərin şərbətinə çeşməyi-heycan susadı
Müəllif: İmadəddin Nəsimi


Ləblərin şərbətinə çeşmeyi-heyvan susadı,
Sulu incilərinə təşnə kimi can susadı.

Şəkkərin püsteyi-dəndanına kim susamaya?
Sanma kim, yalqız ana püsteyi-xəndan susadı.

Ənbərin sünbülünə badi-səhərgah əsicək,
Vəslinə laleyi-sirab ilə reyhan susadı.

Sözünün dadına şirin şəkər oldu təşnə,
Nə şəkərdir bu kim, ana şəkəristan susadı?

Cövrü bidad ilə tökdü cigərim qanını yar,
Şöylə bənzər ki, cigər qanına canan susadı.

Necə qəhr eyləyəsən, aşiqinə rəhm eylə
Ki, sənin rəhmətinə aşiqi-heyran susadı.

Sayru oldum, kərəm et, aşiqini sormağa gəl
Ki, könül vəslinə, ey dərdimə dərman, susadı.

Susadım vəslini görməkliyə, ey cani-cahan,
Şöylə kim, Yusif üçün Yə’qubi-Kən’an susadı.

Sallanub naz ilə gəlgil ki, mənim didələrim
Ayağın tozuna, ey xosrovi-xuban, susadı.

Gül kimi gülə-gülə gəl aradan pərdə götür
Ki, üzün görməginə dideyi-giryan susadı.

Dur, Nəsimi, sözünü töhfə üçün bəhrə ilət
Kim, anın diqqətinə dürr ilə mərcan susadı.