Ləzgi Əhmədlə Xəstə Qasımın birinci deyişməsi
Ləzgi Əhmədlə Xəstə Qasımın birinci deyişməsi Müəllif: Tikmədaşlı Xəstə Qasım |
Mənbə: Sədnik Paşa Pirsultanlı. "Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi" (PDF) (az.). Azərnəşr. 2011. İstifadə tarixi: 2018-08-06. |
Ləzgi Əhməd:
Səndən xəbər alım, ay Dədə Qasım,
O nədir ki, dürlü-dürlü halı var?
Nədən xəlq olundu ərşin arğacı?
O nədir ki, toxunmamış xalı var?
Xəstə Qasım:
Sənə cavab verim, ay Ləzgi Əhməd,
Bahardır ki, dürlü-dürlü halı var.
Nurdan xəlq olundu ərşin arğacı,
O buluddur, toxunmamış xalı var.
Ləzgi Əhməd:
O nədir ki, dayanıbdır dayaqsız?
O nədir ki, boyanıbdır boyaqsız?
O nədir ki, doğar əlsiz-ayaqsız?
Üç ay keçər, ayağı var, əli var?
Xəstə Qasım:
Göy bir çadır, dayanıbdır dayaqsız,
Ayla gündür, boyanıbdır boyaqsız,
Qurbağadır doğar, əlsiz-ayaqsız,
Üç ay keçər, ayağı var, əli var.
Ləzgi Əhməd:
Ləzgi Əhməd deyər, gələr dalalar,
Nə qumaşdır, satan olmaz alalar?
O nədir ki, dimdiyindən balalar?
O nədir ki, qanadında xalı var?
Xəstə Qasım:
Xəstə Qasım deyər, yaşdır dalalar,
O ağıldır, satan olmaz alalar.
O buğdadır, dimdiyindən balalar,
Kəpənəkdir qanadında xalı var.