Məzmuna keç

Ləzgi Əhmədlə Xəstə Qasımın dördüncü deyişməsi

Vikimənbə saytından
Ləzgi Əhmədlə Xəstə Qasımın dördüncü deyişməsi
Müəllif: Tikmədaşlı Xəstə Qasım
Mənbə: Sədnik Paşa Pirsultanlı. "Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi" (PDF) (az.). Azərnəşr. 2011. İstifadə tarixi: 2018-08-06.

Xəstə Qasım:
O kimdir ki, otuzunda cavandı?
On beşində qocalanı uludu?
O nədir ki, dili ayrı, sözü bir?
O hansı dəryadı içi doludu?

Ləzgi Əhməd:
O aydı ki, otuzunda cavandı,
On beşində qocalanı uludu.
O qələmdi, dili ayrı, sözü bir,
Elm dəryası hər dəryadan doludu.

Xəstə Qasım:
O nədir ki, qışda dağlar bürünür?
O nədir ki, əl dəyməmiş hörülür?
O nədir ki, insana fərz verilir?
O nədir ki, o da onun gülüdü?

Ləzgi Əhməd:
O qardır ki, qışda dağlar bürünür,
O könüldür, məhəbbətlə hörülür,
Ölümdü ki, insana fərz verilir,
O ilqardı, iman onun gülüdü.

Xəstə Qasım:
O nədir ki, haqq yanında nahaqdı?
O nədir ki, yerə, göyə dayaqdı?
O kimdir ki, yatmayıbdı oyaqdı?
Xəstə Qasım hər elmdən halıdı?

Ləzgi Əhməd:
Böhtan sözdü, haqq yolunda nahaqdı,
Haqq nəzəri yerə, göyə dayaqdı.
Haqq özüdü yatmayıbdı, oyaqdı,
Bu sirlərdən Ləzgi Əhməd halıdı.

Xəstə Qasım:
Mən qurbanam qaşı, gözü qaraya,
Təbibimsən, dərman eylə yaraya,
Bir səhrada meyid düşsə araya,
Mollası olmasa, nə demək gərək?

Ləzgi Əhməd:
Bismillahı mən yanımca götürrəm,
Yüz zikirnən özüm ona yetirrəm,
Mollası yox, təəmimnən götürrəm,
Tapşırıb haqqına qayıtmaq gərək.

Xəstə Qasım:
Bəlkə səğiri var, nə demək olar?
Onun əməyini nə yemək olar?
Məhşər günü ona nə kömək olar?
Kim onun havadarı, bilmək gərək?

Ləzgi Əhməd:
Səğiri olana tutarlar qəyyum,
Çörəyini halal eylər o alim,
Məhşərin günündə onlara lazım,
Axır kömək verən şahmərdan gərək.

Xəstə Qasım:
Xəstə Qasım deyər, kimdi qaytardı,
Onda kim saxladı din Məhəmmədi?
Kim söylədi müsəlmanlıq şərtini?
Müsəlman olanda nə demək gərək.

Ləzgi Əhməd:
Ləzgi Əhmədəm mən, haqdan keçmərəm,
Dediyin sözləri başa düşmərəm,
Gər bilsəm də o sirləri açmaram,
Müsəlman olanda nə demək gərək.