Ləzgi Əhmədlə Xəstə Qasımın ikinci deyişməsi
Ləzgi Əhmədlə Xəstə Qasımın ikinci deyişməsi Müəllif: Tikmədaşlı Xəstə Qasım |
Mənbə: Sədnik Paşa Pirsultanlı. "Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi" (PDF) (az.). Azərnəşr. 2011. İstifadə tarixi: 2018-08-06. |
Ləzgi Əhməd:
Səndən xəbər alım, ay Dədə Qasım,
O nədir ki, bu dünyanı gəzər hey?
Nə kağızdır, mürəkkəbsiz yazılar?
Nə qələmdir, bu dəftəri yazar hey?
Xəstə Qasım:
Al, cavabın deyim, ay Ləzgi Əhməd,
Aydır, gündür, bu dünyanı gəzər hey!
Könül kağız, mürəkkəbsiz yazılar,
Dil qələmdir, bu dəftəri yazar hey!
Ləzgi Əhməd:
O nədir ki, heç gəlmədi imana?
O kimdir ki, heç düşmədi gümana?
O kimdir ki, qəsd elədi insana?
O kimdir ki, oldu candan bezar hey?
Xəstə Qasım:
O şeytandır, heç gəlmədi imana,
O münkirdir, heç düşmədi gümana,
Əzrayildir, qəsd elədi insana,
Əyyubdur ki, oldu candan bezar hey!
Ləzgi Əhməd:
O nədir ki, silinməzdir qarası?
O nədir ki, heç tapılmaz çarası?
Nə qədərdi yerlə göyün arası?
Ləzgi Əhməd bu dəftəri yazar, hey!
Xəstə Qasım:
O ürəkdir, silinməzdir qarası,
O ömürdür, heç tapılmaz çarası,
Yüz doxsan min ildir, yerlə göyün arası,
Xəstə Qasım, o dəftəri pozar hey!