Laylalar
Laylalar Müəllif: Şifahi xalq ədəbiyyatı |
A lay-lay, gülüm lay-lay,
Gülüm, bülbülüm lay-lay.
Böyü, sənin sayəndə,
Mən də bir gülüm, lay-lay.
A lay-lay, quzum lay-lay,
Ayım, ulduzum lay-lay.
Sən hasilə çatınca,
Hər dərdə dözüm, lay-lay.
A lay-lay, yenə lay-lay,
Can deyim sənə lay-lay.
Sənə gələn dərd, bəla,
Qoy gəlsin mənə lay-lay.
Atım, tutum bu balanı,
Şəkərə qatım bu balanı.
Atası evə gələndə,
Qabağa tutum bu balanı.
Balam gəlir yatmağa,
Böyüyüb boy atmağa.
Sabah yuxusu şirin.
Qıymaram oyatmağa.
Balam yatır beşikdə,
Bülbül oxur eşikdə.
Sən yat, yuxun algilən,
Mən durmuşam keşikdə
Balamın əl yaylığı,
Ortası zər yaylığı.
Hərə bir kərə desin,
Balama can sağlığı.
Dağların lalasına,
Gözlərin qarasına.
Analar qurban olsun,
Öz körpə balasına.
Dağların lalasına,
Gül düşüb talasına.
Bacılar qurban olsun,
Qardaşın balasına.
Dağların qalasına,
Baharın lalasına.
Balama qurban ollam,
İllah da balasına.
Əzizim, lalasına,
Bu dağın talasına.
Əzəl balama qurban,
Sonra da balasına.
Əziziyəm, zirəsən,
Zəfəransan, zirəsən.
Qurban olum o günə,
Bir qapıdan girəsən.
Gəlin çıxaq damlara,
Yalvaraq adamlara.
Su tökək, çadır quraq,
Dədən gələn yollara.
Xırdacasan, məzəsən,
Sən hər güldən təzəsən.
Qurban olum o günə,
Ayaq tutub gəzəsən.
Qızıl gül bitib suda,
Birin çək, birin buda.
Mən durum keşiyində,
Sən yat şirin yuxuda
Laylay bala, gül bala,
Atmaz elin el, bala.
Başa bəla gətirən,
Əvvəl olar dil, bala.
Laylay, balam aslana,
Bənzəri var aslana.
Ananın könlü qıymaz,
Bala gözü islana.
Laylay, balam ayıxıb,
Süd süzləyib acıxıb.
Ya kal durub yuxudan,
Ya qucağa darıxıb.
Laylay, balam boyuna,
Qurban kəsim boyuna.
Ölməyəydim, görəydim,
Qızlar gəlsin toyuna
Laylay çallam balama,
Xumar gözlü balama.
Yan üzərlik, qadalar
Toxunmasın balama.
Laylay, dağı qar alıb,
Ağaclardan bar alıb.
Balamın gözləri tək,
Hava rəngi qaralıb.
Lay-lay dedim adına,
Hay yetişsin dadına.
Boya-başa çatanda,
Məni də sal yadına.
Lay-lay dedim biləsən,
Düşməyəsən dilə sən.
Boya-buxuna çatıb.
Oynayasan, güləsən.
Laylay dedim boyuna,
Balam getsin qoyuna.
Sürüynən quzu gələr,
Naz balamın toyuna.
Laylay dedim boyunca,
Baş yasdığa qoyunca.
Yat sən gül yatağında,
Baxım sənə doyunca
Laylay deyim boyunca,
Baş yasdığa qoyunca.
Pardaxlan qızılgülüm,
Bir iyləyim doyunca
Laylay dedim, can dedim,
Yuxudan oyan dedim.
Sən yuxudan durunca,
Canımı qurban dedim.
Laylay dedim gülüncə,
Danışınca, gülüncə.
Balama laylay dedim,
Ellərinin dilincə.
Laylay dedim səsilə,
Sən də yat həvəsilə.
Bağçada bülbül oxur,
Gül açar nəğməsilə.
Laylay dedim, yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində,
Şirin yuxu tapasan.
Laylay dedim yatınca,
Gözlərəm ay batınca.
Gözümə şiş batırram,
Sən hasilə çatınca
Laylay, göydə ağ bulud,
Dərə bulud, dağ bulud.
Qıymam balam ağlaya,
Sən dayanma, yağ, bulud
Laylay, gözündə qara,
Sürmə gözündə qara.
Bir belə ağlamaqdan,
Qalmaz gözündə qara.
Laylay həyatım, bala,
Arzu, muradım, bala.
Nə ki şirin– şəkər var,
Yuxuna qatım, bala.
Laylay, qadan daşlara,
Qoyun, quzu, qoşlara.
Qara telin bənzəyir
Göy kəkilli quşlara.
Laylay, qaşları çatma,
Kirpik, oxların atma.
Yatanda da ayıq yat,
Yatanları oyatma.
Laylay quşlar havada,
Balaları yuvada.
Gecə-gündüz əllərim
Sənin üçün duada.
Laylay nazım ağlama,
Sözüm, sazım ağlama.
Yazda dolan bulud tək,
Can-cığazım ağlama.
Laylay ürəyim, bala,
Arzum, diləyim, bala.
Ürəyimin bağından
Açan çiçəyim, bala
Laylayım el başına,
Sancılsın tel başına.
Səni kim istəməsə,
Qalmasın il başına.
Laylayın başı qara,
Gözləri, qaşı qara.
Lala kimin gözündə,
Bir xal var, başı qara.
Laylayın huşla yuxla,
Qəmləri boşla yuxla.
Bu yan çəmən, o yan gül,
Birini xoşla yuxla.
Laylayın ilmə-ilmə,
Kim atdı dağda güllə?
Yaralı ov gözündən,
Qan axdı gilə-gilə.
Laylayın lala-lala,
Dağdan axdı şalala.
Gözlərin ulduzlara,
Qaşın bənzər hilala.
Laylayın otağında,
Gül töküm yatağında.
Gül açılsın qönçəsı,
Qızarsın yanağında
Laylayın öz dilində,
Çalaram öz dilində.
Ruzusu bol olarmış,
Olan quzu ilində
Laylayın uca-uca,
Dağların boyu uca.
Körpələr cavan oldu,
Öldülər qarı-qoca.
Laylayınam, baş qara,
Gözün üstə qaş qara.
Ana könlü oxşayır,
Dağda ərimiş qara.
Oxunur əzan, bala,
Dur geyin, bəzən, bala.
Boyuna anan qurban,
Tap-tapı gəzən bala.
Oyaq qallam yatınca,
Gözlərəm ay batınca.
Qolum yasdıq eylərəm,
Sən hasilə çatınca.
Sarı gül sayasına,
Qızılgül tayasına.
Tanrı səni saxlasın,
Bizim gül sayasına.
Yatmaz gecə,
Yar yarın atmaz gecə.
Ana baladan ayrı,
Dincəlib yatmaz gecə.
Yeni gül-çiçək olsun,
Yarpağı ləçək olsun.
Bir bala göstərin ki,
Balamdan göyçək olsun.
Yurd yox, anadan sora,
Gül yox, laladan sora.
Anaya nə əzizdir
Körpə baladan sora?
Mənbə
[redaktə]- [1] GÜNEY AZƏRBAYCAN FOLKLORU V KİTAB BAKI – 2015