Leyli və Məcnun (Nizami Gəncəvi)/Şikayətin üzrü
←Məni inkar edənlərdən şikayət | Leyli və Məcnun. Şikayətin üzrü Müəllif: Nizami Gəncəvi Tərcümə edən: Səməd Vurğun |
Oğlum Məhəmmədə nəsihət→ |
Mən, mən olan gündən, şahiddir aləm,
Bir qarışqanı da incitməmişəm.
Dürrümü çəkmədim özgə suyuna,
Pislik yaratmadım, düşmənəm buna.
Təmizdir vicdanım, ucadır adım,
İtin də haqqında pis danışmadım.
Şir kimi qızdırsa məni köpəklər,
"Eyb etməz" deyərəm, basılmaz hünər.
Yaxşıydı hirsimi gizləsəydim mən,
Bu dediklərimi deməsəydim mən.
Lakin, ariflərin zəndinə bax bir,
Dilsizlik, dünyada qeyrətsizlikdir.
Bir insan şəhərdən olsa xəbərdar,
Bilər ki, hardandır bizim mətahlar.
Kim ki, mənə qarşı bir əl qaldırar,
Onun məndən başqa düşməni də var.
Ey könül! Bu kəskin sözlərdən əl çək,
Qəm piyaləsini öz başına çək!
Gül kimi, köçməyin təblini vur sən,
Kim qoparsa səni, öp əllərindən.
Qanını çörəynə yavanlıq elə,
Papağı dik saxla, baş getsə belə.
Zülmə döz, incitmə heç də özgəni,
Ellər qəm çəkincə, dərd alsın səni.