Leyli və Məcnun (Nizami Gəncəvi)/Atasının Məcnuna nəsihəti

Vikimənbə saytından
Jump to navigation Jump to search
Atasının Məcnunu Kəbəyə aparması Leyli və Məcnun. Atasının Məcnuna nəsihəti
Müəllif: Nizami Gəncəvi
Tərcümə edən:Səməd Vurğun
Leylinin əhvalı haqqında


Ata eşitdikcə onun səsini,
Alıb yerə vurdu əmmaməsini.
Bir səhər quşu tək sızladı qəlbən,
Gündüzü gecə tək qaraldı birdən.
Dedi: "Ey gözümün qarası, ağı,
Dağılmaz bir gülün solğun varağı,
Xəyalın yenəmi bir divanədir?
Yanıb külə döndü, bu halın nədir?
Kimin gözü dəydi gül camalına?
De, kimlər qarğadı sənin halına?
Kimlər öz qanını boynuna atdı?
De, kimin tikanı ətəynə batdı?
Sənə nə oldu ki, qaldın işindən?
Düşdü gözlərinə, de, hansı tikən?
Heç aşiq sən kimi bədbəxt olmamış,
Bu qədər dərd çəkib darda qalmamış.
Neçin yorulmadın, usanmadın sən,
Düşmən tənəsindən, qəm qəfəsindən?
Qəlbin doymadımı bu məzəmmətdən?
Neçin dirilmədin bu qiyamətdən?
Oğul, bu sövdanı bir dəfə unut,
Özünə rəhm elə, hörmətimi tut.
Nədir bir eşq üçün bu rüsvayçılıq?
Aləmə göstərmə bu eybi açıq.
Çox gözəl olsa da eybi gizləmək,
Dost dostun eybini örtməsin gərək.
Bu dostluq aynası göstərir ki, sən
Özündən bu eybi kənar edəsən.
Aynanın nə pisi, nə yaxşısı var,
Bu cür xasiyyətlər insanda olar.
Bu dərdi qəlbindən çıxar bir kərə,
Soyuq bir dəmiri döymə boş yerə.
Tutaq ki, ağırdır canan həsrəti,
Qalmamış könlüyün səbri, taqəti
Bari bu həsrəti arabir unut,
Gəl biz tərəfin də əhvalını tut.
Xəyal havasına at çapan olar,
Qaçmaq ayağında piyada qalar.
Bəsdir bu şərabsız, içgisiz məstlik,
Bəsdir bu arzusuz arzupərəstlik.
Oğul, sən xırmanı yelə vermisən,
Bu zalım düşmənə kam olmuşam mən.
Sən adlı, sikkəli istərsən məni,
Boşla dəliliyi, bu pis sikkəni.
Sən sazı döyürsən, mən də dizimi,
Sən paltar cırırsan, mən də üzümü.
Eşqin odlarına yansan belə sən,
Mənim ciyərimdir küllərə dönən.
Umuddan əl üzmə, gəl çarə qılaq,
Göyərmək deyildir danədən uzaq.
Umudsuz bir işdən, səbr etsən əgər,
Bir umud işığı parlaya bilər.
Hər umudsuz işdə bir çox umud var,
Qaranlıq gecədən ağ səhər doğar.
Oğul, səadətin qapısını aç,
Ayağı sürüşkən taleindən qaç.
Çalış, əllərindən çıxmasın dövlət,
Dövlətlə yaranır bütün səadət.
Dövlət, düyümləri açandır bir-bir,
Şahlıq üzüyünün firuzəsidir.
Dünya qapısının açarı hər an
Dövlətin cibində saxlanır, inan.
Sən də səbr eləsən, dayansan əgər,
Tale yavaş-yavaş əlinə gələr.
Dərinlik, sonsuzluq varsa dəryada,
Arxların suyundan yaranmış o da.
Başında bulutlar oynayan hər dağ
Torpaq zərrəsindən qurulmuş ancaq.
Sənin də səbrində qoy olsun qərar,
Gövhəri səbr ilə qazanmaq olar.
İradəsiz olma, iradəsizlər,
Ayaqsız qurd kimi yerdə sürünər
Tülkü canavarı edirsə məğbun,
Ondan iradəsi böyükdür bunun.
Səni illər boyu yad etməyənə
Nə üçün könlünü verirsən yenə?
O, şaddır, gül kimi, sən gözü yaşlı,
O, daş ürəklidir, sən başı daşlı.
Kim ki, söhbət açır o qızdan sana,
Səni rüsvay edir, bir ayılsana.
Əqrəb çalmışlara verilsə gərfəs,
Zəhərlə məhv olub kəsilər nəfəs.
Can oğul, başqa bir iş ucundan tut,
Bu sövda işini bilmərrə unut.
Hindli fil başına döyər hər yerdə
Ki, fil Hindistanı anmasın bir də.
Canımsan, canımdan daha əzizsən,
Evə dön, evimin işığısan sən.
Bu dağda yurd salıb otursan, əgər,
Yalnız üzümüzün suyu tökülər
Bu yolda daşlıq var, quyu var ancaq,
Bir aç gözlərini, ona yaxşı bax.
Darğa pusqudadır, inad olma bir,
Zəncirə əl vurma o dəmirdəndir.
Sən yol uşağısan, fitnə yolkəsən,
Qılıncdır başıyın üstündə əsən.
Sən şadlan, kor olsun buna düşmənin,
Gəlsin məclisinə dostların sənin"

MƏCNUNUN ATASINA CAVABI

O şəkərdillini Məcnun eşitcək,
Ağzından söz tökdü o da şəkər tək:
"Sən, ey böyüklüyü göylər calallı,
Uca göylərdən də uca xəyallı,
Viranə yerlərə sənsən şəhriyar,
Ərəblər üzündə, ənbər xalın var.
Sənin dərgahındır ilk qibləgahım,
Canım canındandır, sənsən pənahım.
Ömrün uzun olsun, daima yaşa,
Səninlə bir vuraq dünyanı başa.
Böyük xəzinədir bu nəsihətin,
Yaramı bağladı mehrin, ülfətin.
Ancaq, neyləyim ki, mən bəxti qara
Xoşla düşməmişəm vəhşi dağlara.
Doğrudur, dağılmış səbrim, qərarım,
Özümdə deyildir öz ixtiyarım.
Bağlanıb qalmışam, zəncirim dəmir,
Görünür mənim də bəxtim belədir.
Zənciri açmağa gücsüzəm bu dəm,
Bu yükü üstümdən ata bilmərəm.
Dedim ki, dönməsin ciyərin qana,
Xəyal pərişandır, könül virana.
Başımda partlayan bu ildırımdan
Minlərcə xırmanlar yanmışdır, inan.
Məzlum mən deyiləm yalnız bu yerdə,
Yüzləri düşmüşdür mən düşən dərdə.
Kölgə özbaşına düşməz quyuya,
Göydə dayanmamış ay duya-duya.
Filin vücudundan milçəyə qədər,
Bu zülmü çəkməyən varmıdır məgər?
Xalqın istəyincə olsaydı hər iş,
Bir iş qalardımı xalq istəməmiş.
Daşları əridir çəkdiyim kədər,
Kim öz ürəyinə sıxıntı istər.
Məni pis taleim təqib edir, bil,
Heç kəs bədbəxtlikdən qurtaran deyil.
Neyləyim, olsaydı əlimdən tutan,
Ya günəş, ya da ay olardım, inan.
Bizdən ixtiyarsız yaranmış hər iş,
İnsan iradəsi ona dəyməmiş.
Başım bəlalıdır, ürəyim xal-xal,
Dünyada varmıdır bir nəfər xoşhal.
Vətən tozu kimi mənəm sərgərdan,
Axır gözlərimdən yaş yerinə qan.
Bükdüm ildırım tək dodağımı mən,
Qorxub gülmədim ki, od tutar bədən.
Deyirlər, nə üçün gülməyirəm bir?
Ağlamaq qəmginlik əlamətidir.
Ömrümdə şadlanıb gülsəm bircə gün,
Qorxuram ağzımdan alov püskürsün.
Kəklik qarışqanı dimdikləyərək,
Onu dimdiyində sıxırdı bərk-bərk.
Qarışqa kəkliyə gülərək bu an,
Dedi ki: "Sən gülmək bacarmayırsan"
Yazıq qarışqaya baxaraq dik-dik;
"Bu mənim peşəmdir" söylədi kəklik.
Sonra qəhqəhəylə o güldü birdən,
Saldı qarışqanı öz dimdiyindən.
Hər kim bu dünyada gülərsə artıq,
Ondan uzaqlaşar məncə xoşbaxtlıq.
Yersiz bir gülüşün nə mənası var?
Yerində ağlamaq daha xoş olar.
Mənim ki, nəsibim oldu əziyyət,
Hansı bir günümlə mən olum rahət?
Belində yük olan qoca bir eşşək
Nə qədər ömrü var əzab çəkəcək,
Rahat olmayacaq o əziyyətdən,
Bir ölüm qurtarar onu bu dərddən.
Demə məhəbbətə qılıncdan iti,
Ürəkdir yaradan bu məhəbbəti.
Qılınc oyunundan kim qaçsa, gerçək,
Başı bir qılıncla vurulsun gərək,
Eşqin qılıncından qorxmaz ki, heç kəs,
Aşiqin başından qılınc əksilməz.
Aşiq olan kimsə canından qorxmaz
Cananını sevən cahandan qorxmaz.
Girdi bulutlara o ay sirdaşım,
Qoy qılınc altına qoyulsun başım.
Bir baş verilməsə canana qurban,
Qılınca və teştə layiqdir, inan.
Bu odlara düşən canım naxoşdur,
Bu naxoş canımın yanması xoşdur.
Mən ki, söz olmuşam ağıza, dilə,
Sən də unut məni bu gündən belə".
Ata dinlədikcə yazıq oğlunu,
Ağladı, ağladı, yaş boğdu onu.
Bir yanda atası dayanmış giryan,
Bir yanda balası yıxılmış üryan.
Sonra evlərinə onu apardı,
Təsəlli verərək öpdü, yalvardı.
O sinəsi dağlı, o bəxti qara
Qəfəsdə quş kimi düşmüşdü dara.
Evdə iki-üç gün qara bağladı
Bu acı səhnəni görən ağladı.
O pərdəni yırtıb, ah çəkdi yenə,
Baş alıb yollandı çölün düzünə.
Əzab içindəydi həyatı ancaq,
Ölümdən pis idi ona yaşamaq.
Məhəbbət coşdurdu onun ruhunu,
Yenə Nəcd dağına apardı onu.
Əli daş kimiydi, ayağı dəmir,
Dağı dolaşırdı o havalı şir.
Orda gurladıqca Məcnunun səsi,
Bir qəzəl deyirdi hər zümzüməsi.
Ellər, obalar da yığışıb səf-səf
Gəlirdi heyrətlə o dağa tərəf.
Eşitdikdə ondan nadir bir inci,
Xatirə qələmə tutub birinci.
Töhfə apardılar diyarbədiyar,
Aşiqlər nəğmədən varlanırdılar.