Leyli və Məcnun (Nizami Gəncəvi)/Məcnunun Nofələ açıqlaması (Sülhün qoqusunu duyunca Məcnun)

Vikimənbə saytından
Leylinin qəbiləsi ilə Nofəlin müharibə etməsi Leyli və Məcnun. Məcnunun Nofələ açıqlaması
Müəllif: Nizami Gəncəvi
Tərcümə edən: Səməd Vurğun
Nofəlin ikinci müharibəsi

Sülhün qoqusunu duyunca Məcnun
Kinlə qəzəbləndi ürəyi onun.
O igid Nofələ acıqlanaraq,
Rişxəndlə dedi ki: "Qəhrəmana bax!
Sən, ey qucaq-qucaq vədlər verən,
Yaman başa vurdun öz vədini sən.
Buydumu sözündə möhkəm durmağın?
Bir də at oynadıb qılınc vurmağın?
Danış, qəribliyə salma sorğumu,
Vəhşini ram edən əfsunun bumu?
Buydumu meydanda at oynatmağın?
Havada ox tutub kəmənd atmağın?
Zidmiş iradəmə sənin iradən,
Nə yaxşı bir hünər göstərmisən sən?!
Salam düşməniydi o canan mənə,
İndi sən döndərdin tamam düşmənə.
Vəfaya açılmış o qapıya sən
Min qıfıl vuraraq bağladın nədən?
Ey dost, köməyindən əlim üzüldü,
İşimi korladın, belim büküldü.
Bu dostluq telləri qırıldı nədən?
Çox şahlar yıxılmış bir süvaridən.
Qurda ox atdısa dağlarda çoban,
Gedib itə dəydi aldığı nişan.
Hünərin aləmə səs salan zaman
Əfsus ki, əhdini ayaqlayırsan.
Bu acı sövdaya düşməmişkən mən
Sənə bel bağlardım bəlkə ürəkdən.
Bu yazıq aşiqdən niyə vaz keçdin?
Əkmədiyin yeri nə üçün biçdin?
Sən ki, başlamışdın bu böyük işi,
Hünəri yarımçıq qoyarmı kişi?
Qaranlıq könlümə işıq verənsən,
Bu xəstə ömrümün dərmanı sənsən."
Döyüş qalxanını ataraq, əvvəl
Şirin dilə tutdu Məcnunu Nofəl;
Dedi: "Qoşunsuzam, köməksizlikdən
Siyasət işlədib sülhə girdim mən.
Qayıdıb yurdumdan qüvvət alaram,
Yenə qılıncımı işə salaram.
Qoşun toplayaraq qəbilələrdən,
Daşdan keçirərəm poladımı mən.
Qılıncla basmasam o qudurğanı".
Kor olsun Nofəlin qəlbi, vicdanı".
Sonra Mədinədən Bağdada qədər
Qoşun toplamağa getdi elçilər.
Nofəl hiddətindən yandı bir zaman,
Qoşun tələb etdi bir çox diyardan.
Nəhayət, topladı böyük bir ordu,
Dağlara döş gərib üz-üzə durdu.
Birinci hücumda sərhəddi aşdı,
Düşmənlər kor olub qorxudan çaşdı.