Leyli və Məcnun (Nizami Gəncəvi)/Peyğəmbərin meracı
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
←Sonuncu Peyğəmbərin tərifi | Leyli və Məcnun. Peyğəmbərin meracı Müəllif: Nizami Gəncəvi Tərcümə edən: Səməd Vurğun |
Hikmət və moizə haqqında→ |
Sən, ey mənaların meracı olan,
Sənin meracındır sonsuz asiman.
Yeddi xəzinəni açaraq bir dəm,
Dörd gövhər üstünə basmısan qədəm.
Sığmadın zamanın dar sinəsinə,
Ucaldın göylərin son zirvəsinə.
Gecə qara bayraq tutduğu zaman
Oldu qara atın mənzilə rəvan.
O vaxt qanad açdı sənin ayağın,
Göyün xəlvət yeri oldu dayağın.
Bu fani dünyadan sən yüksələndə,
Sən, Ümmi-Haniyə qonaq gələndə,
Cəbrayıl gətirdi sənə şad xəbər,
Dedi: - Qulluğuna hazırdır göylər,
Göylərdə mələklər səf-səf düzəlmiş,
Bütün göy aləmi seyrinə gəlmiş.
Oyan, yuxu vaxtı deyildir, haray,
Sənin tək günəşə müntəzirdir ay.
Yerini Ütarid bilməyəcəkdir,
Sənin düşərgahın daha yüksəkdir.
Şabaş sinisini qaldırmış Zöhrə,
Deyir: "Şərq batacaq al şəfəqlərə".
Günəş də incəlib olmuşdur hilal.
Yolundan çəkilmiş sanki bir xəyal.
Mərrix qulluqçudur yataq evinə,
Üzəngidən tutan uşaqdır sənə.
Müştəri yoluna doğandan bəri
Yanıb qamaşdırır yaman gözləri.
Keyvan qulağına halqa taxaraq,
Qul kimi qaldırmış bir qara bayraq.
Bu cürə qulların köməyilə sən
Getdiyin yolları xoş keçəcəksən.
Qədr gecəsidir bu gecə, tələs
Onun qədrini bil, gecikmə əbəs.
Bu gecə hüsnüdür əbədiyyətin,
Merac gecəsidir bu Məhəmmədin.
O gecə nə qədər xoşbəxtdi, bilsən,
Gündüz tək parladı ilk qədəmindən.
Bu qara torpağa qoyub da pərgar,
Gəzdin göy üzünü sən diyar-diyar.
İldırım "Buraq"ı, mindin dünyada,
Sənin gedişindən yumşaldı o da.
O bakir yaranan taxt üstündə sən
Bir səadət kimi açmışdın yelkən.
Minib bu tək ata göylərdə çaxdın,
Cüt atlı ruzgarı dalda buraxdın.
Fələklər bağına girən zaman sən,
Ağlı, qırmızılı xoş meyvələrdən
Qapına minlərcə salxım yollandı,
Sənin gözündəydi eşqin son andı.
Qalxanda göylərin yeddi qatına,
Nə pərçəm, nə də bir tac qurdun ona,
Yırtıldı göylərin bulut qabağı,
Sınıb parçalandı ayın tabağı.
Tovus qanadlılar çıxıb göylərdən,
Qarşında qol-qanad tökdülər birdən.
Cəbrayıl səninlə gedə bilmədi.
Allaha tapşırıb, yaxşı yol, dedi.
Mikayıl yer verdi sənə başında,
İsrafil qul kimi durub qarşında,
Özünü kölgə tək ayağa saldı,
O da yarı yolda yorulub qaldı.
Bir "Rəfrəf" səninlə mənzilə vardı,
O, "Sidrə" taxtına səni apardı.
"Sidrə"nin üstündən keçən zaman sən
Hədis dəftərini yazdın əlinlən.
Yeddi qat göylərdən keçib yüksəldin,
Yüksəlib ən uca zirvəyə gəldin.
"Sübbuh" söyləyərək göy sakinləri,
Kölgəyin nurində çimdi min pəri.
Ərşin çadırından uçdun yenə sən,
Üzünü göstərdin yetmiş pərdədən.
Çıxdın tərəflərin zülmətlərindən,
Yüksəyin, alçağın zəhmətlərindən.
Qurtardın paltarın ağırlığından,
Tacı da, taxtı da atdın o zaman;
Xeyməni götürüb iki aləmdən,
Tanrı gərdəyini eylədin vətən.
Həm böyük allahı ziyarət etdin,
Həm də haqq sözünün sirrinə yetdin.
Sənin eşitməyin, bir də görməyin
Ağıldan, idrakdan uzaqdır, yəqin.
Açdın ürəyini sən sərin-sərin,
Adına layiqdir istədiklərin.
Verdi istəyini böyük yaradan,
Sən razı qayıtdın tanrı yanından.
Alnın nar gülü tək açıldı yenə,
Kərəm fərmanını aldın əlinə.
Sənin xatirinə o böyük tanrı
Əfv etdi biz kimi günahkarları.
Şahımız, kölgəndə tutmuşuq qərar,
Bizim bu dünyada nə dərdimiz var!
Sən bizə ruh verən günəşsən artıq.
Daima parlasan, biz də solmarıq.
Vicdanın mürüvvət dənizidir, bil,
Nübüvvət göyləri sənin yerindir.
Sənsiz mürüvvət də, göylər hakimi,
Xalqa görünməzdi nübüvvət kimi.
Səndən uzaq düşən hər kəs, hər nəfər
Səadət üstündən bir qələm çəkər.
Vəfa kəmərini belə bağlayan
Düşməz əbədiyyət taxtından bir an.
Baxıb İrəm bağı bu vüqarına,
Ətir xərac verir ruzigarına.
Göylər baratını yazıb göylərə,
Bir xəzinə kimi qayıtdın yerə.
Göyləri keçdiyin o sürətlə sən,
Nolar, Nizamiyə bir söz söyləsən.
Çoxmu qalacaqsan sən bu niqabda?
Çoxmu yatacaqsan o rəxti-xabda?
Bir oyan, üzündən bu örtünü at,
Şahını şahmatın taxtında oynat.
O yük dalındakı süfrəni göstər,
Xəyalım aləmi pərdəsiz istər.
İki ağ-qaranın rəngini sil sən,
Qaldır ziddiyyəti dörd təbiətdən.
İki vəfasızın əhdini bir et,
Bu dörd ayaqlını özün əlbir et.
Həyatı kəmalə verəndən bəri
Həll etdin aləmdə çətinlikləri.
Nafəndən küləyə bir ətir versən,
Bizə də pay düşər bu nemətindən.
Əzəl lövhəsini bilirsən əzbər,
Ondan bir ayə də bizimçin göndər.
Zəhmətsiz tapdığın elmdən bir az
Bizim də dəftərə öz əlinlə yaz.
Biz kimik, nəçiyik, aç göstər artıq,
Büt qayıranmıyıq, büt qıranmıyıq.
Ey mənim işimi düzəldən qüdrət,
Sənsən Nizaminin qəlbinə qüvvət.
Könül, gəl bununla qənaət elə!
O böyük tanrıdan şəfaət dilə!
Taki bu pərdəni almasın bizdən,
Bu pərdə qalxmasın heç üzümüzdən.