Leyli və Məcnun (Nizami Gəncəvi)/Zülmə qatlaşmamaq

Vikimənbə saytından
Jump to navigation Jump to search
Ölən qohumlarımdan xatirələr Leyli və Məcnun. Zülmə qatlaşmamaq
Müəllif: Nizami Gəncəvi
Tərcümə edən:Səməd Vurğun
Dastanın başlanğıcı


Neçin alçaqlara boyun əyirsən?
Oyuncaq olursan namərdlərə sən?
Nə üçün boynuna min yük alırsan?
Zalımın zülmündən razı qalırsan?
Qəlbi yumşaqlığı bir dəfə unut,
Çiynini dağ kimi ucalıqda tut!
Sən də süsən kimi ipəkdən olsan,
Səni saf torpaq da yaralar, inan!
Zəlillik ürəyə ağrılar salar,
Zülmə dözənlərin sonu olar xar.
Tikan tək çiynində tut yarağını,
O vaxt qucaqlarsan gül budağını.
İnsanı sarsıdar göz yaşı, nalə,
Ah çəkib, of deyən yetməz kəmalə!
Saqi, zaman keçir, durma, qardaşım!
Şərab ver, doludur fikirlə başım!
O, bir çıraq olsun yolçu keçəndə,
Gəncləşsin qocalar onu içəndə.

PAHŞAHLARIN QULLUĞUNU TƏRK ETMƏK

Bir-iki rind ilə get müsahib ol,
Axtar bu dünyada qürursuz bir yol.
Zərrəylə dur otur, gün işığı tək,
Cəmşid sarayının fikrindən əl çək!
Padişah puluna tikmə gözünü,
Qanun kəməndinə salma özünü!
Şahlar məclisindən kənar ol, kənar!
Pambıq od görəndə alışıb yanar.
O od doludursa işıqla əgər,
Ondan uzaq olan asudə gəzər.
İşıq alırdısa pərvanə şamdan,
Yandı məclisinə düşdüyü zaman.
Saqi! Şərab gətir, könüldə qəm var,
Şərabla qəmləri dağıtmaq olar.
Ver o şərabı ki, safdır gümüş tək,
Onunla qəmlərdən qurtarır ürək.

İNSANLARIN İŞİNƏ VƏ RUZİSİNƏ ƏL UZATMAMAQ

Razı qal cahanda öz qismətindən,
Özgənin haqqını çeynəmə gəl sən.
Bir də ayağını öz yorğanından
Artıq uzadanlar bədbəxtdir, inan.
Bir quş ki, həddindən artıq ucalar,
Özünü fəlakət yoluna salar.
İlan düz getməsə yoluyla əgər,
Özünə sarılıb, dolaşıq düşər.
Silaha sarılsa bir zahid axmaq.
Onun qazandığı sillə olacaq.
Aslanla döyüşə çıxsa tülkülər,
Bilinər kimdədir qılıncla hünər.
Saqi! Baş qızdıran şərab ver görək.
Piyalən hər zövqü oxşasın gərək!
Bir şərab gətir ki, qəlb açsın yenə,
Can versin Keyqubad xəzinəsinə.

ŞADLIQ VƏ QƏNAƏT

Şadlığı bir yaşat təbiətinlə,
Şad ol öz qismətin, öz nemətinlə.
İnsanlardan başqa bütün canlılar
Qənaət evində tutmuşdur qərar.
Ruzi arxasınca onlar da qoşar,
Nə tapsa, onunla keçinib yaşar.
Ruzi olmasa da kifayət qədər,
Nə küsər, nə də ki, şikayət edər.
Yalnız insan oğlu doymayan zaman
Şikayət sədası ucalar ondan.
Əlindən tikəsi itsə bir kərə,
Naləsi, fəryadı çıxar göylərə.
Düşəndə damına bir damcı yağış,
Buludu töhmətlər, dilində qarğış.
İnsan daşa tutar günəşi yerdən,
Ona arpa boyda daş dəysə birdən.
Çalış, işıq kimi ap-ağ olasan!
Pisdən və yaxşıdan uzaq olasan!
Su kimi aləmə həyat ver, can ver,
Hər rəngə uyğunlaş, dərdə dərman ver!
Saqi! Bəhanəni ortadan götür,
Zərdüştü, şərabı məclisə gətir.
O mey ki, məclisə işrət bəxş edər,
Döyüşdə silaha qüvvət bəxş edər.

ŞADLIQLA XALQA XİDMƏT ETMƏK

Bir daş deyilsənsə, donub qalma sən,
Çolaq deyilsənsə, diribaş tərpən!
Keçənin üstünə vur ayağını,
Təmizlə keçənin toz-torpağını.
Daş-kəsək olsa da, keçdiyin bu yol,
Rəqsində oynağan fələk kimi ol!
Bağışla atını, sən get piyada,
Sillələr yesən də, mərd ol dünyada.
Bacarsan hamının yükünü sən çək,
İnsana ən böyük şərəfdir kömək.
Sən də əldən düşüb yorulsan əgər,
Sənin də yükünü bütün el çəkər.
Saqi, tünd qırmızı şərabdan gətir!
Mənə həyat verib, murada yetir!
Bir şərab gətir ki, canıma sinsin,
Ömür təzələnsin, könül bəzənsin!

TƏVAZÖKAR OL!

Şikayət torundan çıx bundan belə,
Öz acizliyini etiraf elə!
Çıxılmaz bir dağdır-yoldaki əngəl,
Çox da öz gücünə arxalanma gəl!
Qalxanı deşilmiş bir gül ilə sən
Çoxmu bülbül kimi öyünəcəksən?
Yol qanad qırandır, neyləsin qanad?
Qılınc qüvvəlidir, qalxanını at,
Taki yüklü atın uçsun gülək tək,
Qoy sənin payını artırsın fələk.
Yaxşısı budur ki, atı da tərk et,
Doğru bir yol tapıb, o yol ilə get.
Bax ki, ay hilala döndüyü zaman
Canını qurtarır parçalanmaqdan.
Saqi, can boğaza dayandı, tez çat!
Şərab qətrəsiylə ağzımı islat!
Bir şərab gətir ki, içməmiş candır,
İçəndən sonrasa, cana dərmandır.

XƏLVƏTƏ ÇƏKİLİB SÖZ YARATMAQ

Arxayın oturma, köç vaxtıdır, qalx!
Sən bu çaş gözünlə özünə az bax!
Mənzilin çətindir, ayağın qabar,
Bəs bu iş nə olsun, de, ey sənətkar!
Ya çıx bir dəfəlik söz meydanından,
Ya bağla qapını, gəlməsin zaman!
Söhbət ki, qılıncı qınında saxlar,
Sən də xəlvətcə tut qınında qərar.
Boş səhifələrmi oldu həmdəmin?
Çoxmu susuz yerdə üzəcək gəmin?
Nizami, bu yolda Xızır kimi dur!
Hər bulaq başında bir söz çadrı qur!
Məcnun sövdasının sər çeşməsindən
İç, doy sədəfdəki inci kimi sən.