Məzmuna keç

Loğmanın nağılı

Vikimənbə saytından
Loğmanın nağılı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri var imiş, bir yox imiş, Loğman adında bir həkim var imiş. Bir gün Loğman öz oğlunu da götürüb səyahət üçün başqa bir padşahın məmləkətinə gedir. Onlar az gedirlər, üz gedirlər, dərə, təpə düz gedirlər, axırda gəlib böyük bir şəhərə varid olurlar. Bir müddət Loğman oğlu ilə bu padşahın məmləkətində qalır.

Günlərin bir günündə məmləkətin padşahı bərk naxoşlayır, yorğan-döşəyə düşür. Şəhərin bütün həkimləri padşahın yanına gəlib onun dərdinə dərman tapa bilmirlər. Padşahın əmrinə görə məmləkətin hər tərəfinə adam gedir, car çəkir, həkimlikdən başı çıxan adamları padşahın sarayına dəvət edirlər. Amma padşahın mərəzi get-gedə şiddətlənib onu əldən salır. Bu gün ölər, sabah ölər deyə vəzir, vəkil hamısı əllərini padşahdan üzürlər. Bu səda Loğmanın qulağına çatır. O, dərhal özünü padişahın sarayına çatdırıb həkimlikdən başı çıxdığını bildirir. Vəzir, vəkil bu xəbərdən şad olub padşaha xəbər verirlər. Padşah bu xəbəri eşidən kimi, Loğmanı öz hüzuruna çağırıb deyir:

-Əgər məni bu naxoşluqdan qurtarsan, səni dünya malından qəni edərəm.

Loğman padşahın bədəninə baxıb onun mərəzini tapır. Padşah mərəzinin nə olduğunu Loğmandan soruşduqda Loğman cavab verib deyir:

-Padşah sağ olsun, sənin bədənində xərçəng var. Əgər izin versən, müalicə edərəm.

Padşah Loğmanın bu sözündən çox şad olub, müalicə etməsini xahiş edir.

Loğman deyir:

– Padşah sağ olsun, bu mərəzin dərmanı budur ki, öz oğlunu gözünün qabağında öldürüb onun qanı ilə səni sağaldam. Padşahın gözünün ağı-qarası bir oğlu var idi. Loğmanın sözünə görə vəzir, vəkili yanına çağırıb onlara məsləhət edir. Vəzir, vəkil padşaha məsləhət görürlər ki, Loğmanın dediklərinə razılıq versin.

Padşah Loğmanı çağırtdırıb deyir:

– Necə istəyirsən, elə də et, ancaq məni bu mərəzdən qurtar.

Loğman padşahdan razılıq alandan sonra əmr edir ki, padşahın yatdığı otağın ortasından bir pərdə çəksinlər. O saat otağın ortasından bir pərdə çəkirlər. Loğman vəziri çağırıb xəlvətcə ona deyir:

– Padşahdan gizlin mənim yanıma bir qoyun gətirin.

Sonra Loğman tapşırır ki, padşahın gözünün qabağında oğlunu onun yanına gətirsinlər. Xəl-vətcə bir qoyun gətirirlər. Sonra padşahın oğlunu atasının gözünün qabağından keçirib Loğmanın yanına ötürürlər. Loğman pərdənin dalından padşahın oğluna yavaşca deyir:

-Sən qorxma. Mən yalandan deyəcəyəm ki, sən başını belə çevir, əllərini yana sal!

Bu sözləri deyəndən sonra Loğman ucadan oğlanın üstünə qışqırır:

– Başını aşağı əy, əllərini yana sal!

Loğman bu sözləri dedikcə, pərdənin o biri tərəfində padişahın bədəni ağacdakı yarpaq kimi əsməyə başlayır. Loğman isə bu sözləri deyə-deyə əlindəki bıçağı daşa çəkib, şaq-şaq ilə itələyəndən sonra qoyunun başını kəsib qanını böyük bir qabın içinə doldurur. Sonra o, qandan bir cam doldurub pərdənin ucunu qaldırır, padşahın üstünə atır. Padşah bundan bərk diksinir, ürəyi gedir. Vəzir, vəkil yığışıb padşahı ayıldırlar. Loğman ikinci dəfə yenə belə edir. Padşah yenə qəşş edib özün-dən gedir. Bu minval ilə Loğman üçüncü bir cam qanı qəfildən padşahın üstünə atanda padşah iyrənib qusur. Padşah bu mərəzdən şəfa tapıb yaxşı olur. Padşah yaxşı olandan sonra, Loğman onun gözünün ağı qarası olan oğlunu gətirib, əhvalatı ona nağıl eləyir. Padşah oğlunu sağ-salamat görüb sevinir. Amma Loğmana heç bir şey bağışlamır. Günlərin bir günü yenə padşah Loğmanı öz yanına çağırıb ondan soruşur:

– Əgər bir başqa adam da mənim kimi xəstələnsə, onu da sağaldarsanmı?

Loğman deyir:

– Padşah sağ olsun, can-başla hazıram. Padşahın Loğmana acığı tutur, o saat əmr edir ki, şəhərin kənarında, yerin altında dərin bir zindan hazırlasınlar.

Bir gecə gündüzün içində padşahın əmri ilə dərin bir zindan hazırlanır. Zindan hazır olan kimi padşahın əmri ilə Loğmanı və oğlunu tutub o zindana salırlar. Zindanın qapısını padşahın əmri ilə əhənglə bərkidirlər. Sonra zindanın dörd bir tərəfind arx qazıb su buraxırlar. Loğman ilə oğlu bir müddət bu zindanda qalırlar.

Ay gəlir, gün keçir, il dolanır, günlərin bir günü İskəndər öz qoşununu götürüb bu padşahın məmləkətinə gəlir, padşahı taxtan salır. İskəndər Loğmanın bu şəhərdə olduğunu öyrənir. İskəndərə xəbər verirlər ki, Loğman tamam qırx ildir ki, padşahın əmrinə görə oğlu ilə zindana salınıbdır. İskəndər bu xəbəri eşidən kimi dərhal Loğmanın dustaq olduğu zindanın yerini axtanb tapır.

İskəndərin adamları zindanın içi qaranlıq olduğundan heç kəsi görmürlər. Bir az zindanın içini axtarandan sonra görürlər ki, burada insan sümükləri vardır. Onlar elə xəyal edirlər ki, Loğman da öz oğlu da ölübdür. Onlar sümükləri yığışdırıb İskəndərin yanına gətirirlər. İskəndər sümükləri görüb deyir:

— Zindanın içini bir də yaxşı gəzin.

İskəndərin adamları zindanın içinə girib yenə bir qədər o yan bu yanı axtarandan sonra görürlər ki, zindanın bir küncündə iki şəxs qoyun dərisinin üstündə əyləşmişlər. Onları qaranlıq zindandan çıxarır, İskəndərin yanına gətirirlər, İskəndər baxıb görür ki, Loğmanın kirpikləri o qədər uzanıbdır ki gözləri və sifəti görsənmir. Dərhal ata və oğlu hamama göndərir. Orada onlar saçlarını, dırnaqlarını kəsdirib təmizlənirlər. Köhnə padşahın Loğmana etdiyi zülmün əvəzində İskəndər ona və oğluna böyük ehtiram, məhəbbət bəsləyib onları yanında saxlayır.