Məzmuna keç

Müştağam

Vikimənbə saytından
Müştağam
Müəllif: Miskin Əli
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Süz, yeri, qaragöz maral,
Qəddi dala mən müştağam,
Şəkərdən şirin söz maral,
Ləbi bala mən müştağam.

Eşqin sevdası başında,
Aşiqəm qoca yaşımda,
Geyinib sallan qarşımda,
Yaşıl, ala mən müştağam.

Əhdini yerinə yetir,
Mətləbin bircə bitir,
Nazik əllərinlə gətir,
Ver piyala, mən müştağam.

Gəl gözünü süzə-süzə,
Dərdimi yetirmə yüzə,
Xoş növrağa, lalə üzə,
Gül camala mən müştağam.

Qalx havalan tərlan kimi,
Mən boylanım heyran kimi,
Dərddən qanan Loğman kimi,
O kamala mən müştağam.

Hər vaxt eylə dostunu yad,
Məlul könlümü eylə şad,
Buraxmaz ahunu səyyad,
Sən marala mən müştağam.

İlqarına eylə vəfa,
Yolunda çəkmişəm cəfa,
Həmdəm olaq, sürək səfa,
Gümrah hala mən müştağam.

Könül mail ay qabağa,
Ağlım alan gül yanağa,
Zənəxdana, ağ buxağa,
Xəddü-xala mən müştağam.

Eşqin gölünə dolanda,
Əhdinə doğru qalanda,
Miskin Əlini salanda,
Qiylü-qala mən müştağam,