Müdirim

Vikimənbə saytından
Jump to navigation Jump to search
Müdirim
Müəllif: Cəfər Cabbarlı

İnsafa gəlib rəhm elə mən zarə, müdirim!
Qoyma məni bu dəhrdə avarə, müdirim!

Şerim daha bəsdir səbətə oldu həvalə,
Qoy jurnalına nəzm yazım, müştəri alə.
Gər qoymayıram fərq nə dəymiş, nə də kalə,
Bu şerimi gəl sən, mən ölüm, salma çuvalə!
Yandırma məni həsrət ilə narə, müdirim!
İnsafa gəlib rəhm elə mən zarə, müdirim!

Bir ay gecə-gündüz oluram şeirlə məşğul,
Gah yazıram, gah pozuram, vaxt aparır tul;
Bu şerimi vursan, olaram mən sənə lap qul,
Çap etsən əgər, mən əvəzində verərəm pul.
Çox baxma daha əyriyə, həmvarə, müdirim!
İnsafa gəlib rəhm elə mən zarə, müdirim!

Sən başlamısan: qafiyəsi əyri olubdur,
Vəzni burada əyri düşübdür, tutulubdur;
Vallahi, başım fikr eləməkdən yorulubdur,
Bir bax səbətə, sovxana, şerimlə dolubdur.
Düz gəlməyinə yox daha bir çarə, müdirim!
İnsafa gəlib rəhm elə mən zarə, müdirim!

Şair deyiləm vəzn ilə şeir eyləyim inşad,
Ancaq yazıram xalq arasında qazanım ad;
Hər kim məni gördükdə desin: afərin, ustad!
Zəhmətlərimi lakin edirsən hələ bərbad.
Oldum mən hədəf təneyi-əğyarə, müdirim!
İnsafa gəlib rəhm elə mən zarə, müdirim!

Bu dəfə də çap etməyəsən şerimi eyvah!
Bir yaxşı düşün, eyləyirəm mən səni agah!
Mən də olaram qeyz ilə bir zadəyə həmrah.
Xəlqə deyərəm: müdir olub kafiri-gümrah.
Axırda çəkərlər səni də darə, müdirim!
Ver onda sən öz başına kəffarə, müdirim!
İnsafa gəlib rəhm elə mən zarə, müdirim!