Müjgan oxunu sinəmə yar atdığı yerdə

Vikimənbə saytından
Müjgan oxunu sinəmə yar atdığı yerdə
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 77

Müjgan oxunu sinəmə yar atdığı yerdə,
Ox da necə ox, güllər açar batdığı yerdə.

Nadan nə danışsın qara daş parçalarından,
Sərrafi-süxən gövhər alıb-satdığı yerdə.

Pak eşqi gərəkdir o qədər yüksələ, Ya Rəbb,
Görsənməyə cahillərin əl çatdığı yerdə.

Baş kəsməyə, qan tökməyə xəncər də yalandı,
Ol yar qılınc qaşların oynatdığı yerdə.

Can bəxş edən hər cansıza rəssami-cahandı,
Məna verər hər surətə oxşatdığı yerdə.

Aldatmağı sevməz alıb aldatmayan Allah,
Aldanmalıdır aldadan aldatdığı yerdə.

Yarım gedəli gözlərimin yaşı dayanmır,
Dərya yaranıbdır məni ağlatdığı yerdə.

Ay hoqqabaz əğyarın evin yıxsın İlahi,
Aşiq ilə məşuq arasın qatdığı yerdə.

Öldür məni dəfn et can alan gözlərin içrə,
Həngamə salan fitnələrin yatdığı yerdə.

Cəhd eylə, Vüqar, sözlə qaranlıqlara nur saç,
Səssiz gecə zülmət tülü sallatdığı yerdə.