Mürşidi-kamildən dərsimi aldım

Vikimənbə saytından
Mürşidi-kamildən dərsimi aldım
Müəllif: Aşıq Pəri
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.


Mürşidi-kamildən dərsimi aldım,
Can götürüb bu meydana gəlmişəm.
Mürği-Səməndərin aşinasıyam,
Od tutuban yana-yana gəlmişəm.

Müxtəsər, nə deyim, naşısan, naşı!
Tutubdur yaxanı eşqin ataşı,
Bu tərifqər zənənə nə yaraşı,
Həqq bilir ki, mən mərdana gəlmişəm.

Pünhanıda bir azarım var mənim,
Gözlər yolda, intizarım var mənim,
O kəlməndən xəridarım var mənim,
Sən sərrafsan, mən də kana gəlmişəm.

Zənbur olar şanda belə məkanda,
Çox ariflər mandə gənci-pünhanda,
Bülbül - abadanda, bayqu - viranda,
Əndəlibəm, gülüstana gəlmişəm.

Pərizadə əl götürməz canından,
Dərsin alıb sahibkamal yanından,
Külli-işin mərifətin kanından,
Bəzm içində mən fəğana gəlmişəm.