Məzmuna keç

Müsəlman müəllimlərinin hümməti

Vikimənbə saytından
Müsəlman müəllimlərinin hümməti (1903)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


Hər sənə yay fəslində Şuşa şəhərinə elm və mərifət təhsil edənlərimizdən, — xah müəllimlər olsun, xah studentlər və xah dövləti qulluqlarda olan cavanlardan, — böyük bir cəmiyyət yığışıb, millət və vətənə xidmət etmək fikrinə düşürlər. Bunların mabeynlərində ülfət və rəfaqət vüquə gəlib ittihad və ittifaqın binası bir növ möhkəmləşir və bacardıqları qədər vətənlərinə nəf və fayda yetirirlər. Xüsusən bu yolda artıq hümmət və qeyrət göstərən müsəlman müəllimləri olur. Doqquz ay qürbət vilayətlərdə, uzaq kəndlərdə və şəhərlərdə təlim və tədrisə məşğul olub artıq məşəqqət çəkib üç ay yay fəslini dəxi istirahət və asayiş ilə keçirməyi özlərinə rəva görmürlər.

Belə ki, iyul ayının 24-cü günü buradakı şəhər məktəbində təlim alan fəqir şagirdlərin nəfi üçün müəllimlərin hümməti ilə türk dilində bir komediya göstərildi. Müsəlmanlardan xeyli camaat: nücəbadan, tüccardan və sair əsnafdan tamaşa üçün teatroya toplaşdılar. Oynanan mərhum Mirzə Fətəli Axundovun əsərlərindən məşhur "Hacı Qara" və yaxud "Mərdi-xəsis" komediyası idi. Əgərçi bu komediya kərrat ilə Şuşa şəhərində iraə olunubdur və onun məzmunu şəhər əhlinin çoxuna məlumdur, bainhəmə komediya əsla əksilməyib hamıya xoş gəlir. Əlbəttə, mərhum Axundov kimi kamil, dəqiq, baxəbər və ziyadə təcrübəli vücudun əsəri dəxi həmişə həyat üzrə baqi qalacaqdır.

"Hacı Qara" bir sayaq doğru və düz yazılıbdır ki, bu mərdi-xəsisin əxlaqi-ətvari, xəsasət və ləimliyi, cifəyi-dünya üçün dini və imanı və hətta əziz canı fənayə verməsi, dünya malı üçün yalan söyləməyi, and içməyi bir tövr təhlil olunubdur ki, guya mərhum Mirzə bütün ömrünü məzkur Hacı ilə bir yerdə keçiribdir və onun ürəyində olan fikirlərini, hər bir cüzi hərəkət və rəftarını, adab və əxlaqını layiqincə öyrənibdir. Bu məharət və rümuzşünaslıq ancaq Mirzə Fətəli kimi kamil və ustadi-qabil kimsələrin qələmindən vücuda gələ bilər. Əgər biz mərhum Mirzə Fətəlini firənglərin Molyerinə və rusların Qoqoluna təşbeh etsək, səhv etməmiş oluruz.

Komediyada oynayan cavanların cümləsi öz rollarını yaxşı yerinə yetirib tamaşaya cəm olanları ziyadə fərəhnak və xoşhal etdilər. Artıq məharət və hünər göstərənlər bunlardır: Yusif bəy Haqnəzərov, Həsənəli bəy Sarıcallı, Mirzəcamalov Məhəmməd Həsən bəy, Fərhad bəy Köçərlinski, Cavad bəy Bağırbəyov. Bu cavanlar kərrat ilə ssenaya çağırılıb, təhsin və afərin sədasını istima etmək ilə xoşhal oldular. Bu işdə artıq zəhmət çəkənlərdən birisi də cənab Lütfəli bəy Behbudov idi ki, bilet satmağa və komediyanın mühüm işlərinə mübaşir olmuşdu. Teatrdan cəm olan məbləğ məxaric və məsarifdən başqa iki yüz manatdan ziyadədir. Belə ki, fəqir və kasıb şagirdlərimizə böyük kömək olundu. Qeyrətmənd cavanlarımızın xahişi var ki, iki-üç dəfə belə komediya tərtib və təşkil edib, möhtac və çarəsizlərimizə müavənət göstərsinlər. Allah onlardan razı olsun və tofiq əta eləsin.