Məzmuna keç

Müsəlsəl zülfdür çin-çin olub dilbər kənarında

Vikimənbə saytından
Müsəlsəl zülfdür çin-çin olub dilbər kənarında
Müəllif: Mirzə Əbdülxalıq Yusif
Mənbə: Mirzə Əbdülxalıq Yusif. Qəzəllər. Bakı,2012.


Müsəlsəl zülfdür çin-çin olub dilbər kənarında,
Və ya ənbər saçılmış yari-siminbər kənarında.

İki xali-siyəh künci-ləbində eyləyib məskən,
İki zəncidi guya əyləşib Kövsər kənarında.

Tökülmiş arizi-al üzrə zülfün türfə gülşəndə,
Düzülmiş sünbüli-tər laleyi-əhmər kənarında.

Düri-dəndanını ləl içrə gördüm, söylədim bəh-bəh,
Nə layiqdir sədəf kim, bəsləsin gövhər, kənarında.

Rüxün zülf içrə görmüş zahidi-kəcbin xəyal eylər,
Bəli, çün görmək olmaz müshəfi kafər kənarında.

Camalın möcüzü xurşid tək afaqə rövşəndir
Ki, İbrahim tək məskən tutub azər kənarında.

Əgər bir sağər içrə mey ola, əlbəttə, ey Yusif,
O meydən bir əsər peyda olar sağər kənarında.