Müsəlsəl türreyi-tərrar gahi rast, gahi kəc
Müsəlsəl türreyi-tərrar gahi rast, gahi kəc Müəllif: Məhəmmədəli bəy Məxfi |
Müsəlsəl türreyi-tərrar gahi rast, gahi kəc,
Tökülmüş qamətə, oynar gahi rast, gahi kəc.
Düşər gəh rast zülfün qamətə, gəh kəc, bu, adətdir,
Çıxar sərv üstünə şəhmar gahi rast, gahi kəc.
Yenə qan etmək istərmi, baxır çox xəşm ilə çəşmin,
Misali-mərdümi-xunxar gahi rast, gahi kəc.
Vüsalın gəh qılır qismət mənə, gəh hicrini dövran,
Dolanır çərxi-kəcrəftar gahi rast, gahi kəc.
Baxır çəşmin rəqibə düz, mənə kəc, bir məsəldir bu,
Gedər yol mərdümi-xummar gahi rast, gahi kəc.
Dolanma müddəilər xatirin xoşnud etməkçün
Bəzm, ey yari-mahruxsar, gahi rast, gahi kəc.
Qaşın tağına səcdə etmək üçün ruzü şəb, ey məh,
Olur hər zahidi-dindar gahi rast, gahi kəc.
Görüm bərbad ola ol nöh rəvaqın, ey fələk, yeksər--
Ki, bəxtimlə mənim oynar gahi rast, gahi kəc.
Qalıb sövdayi-zülfün içrə Məxfi zarü sərgərdan,
Dolanır hər tərəf naçar gahi rast, gahi kəc.