Müvəffəqəddin Əbdülqəffarın tərifi

Vikimənbə saytından
Naviqasiyaya keçin Axtarışa keçin
Müvəffəqəddin Əbdülqəffarın tərifi
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Ələkbər Ziyatay


Ey, İsaya naib olan dodağı iki mərcan,
Ey, atəşdən qüdrətilə abi-həyat yaradan!*

Ey, dərdilə dərdlilərin harayına yetişən,
Ey, zəhəri sağaldıcı olan hər bir dərmandan*.

Gözlərin öz qəmzəsilə canları məhv edəndə,
Dodaqların öpüş ilə aşiqə bəxş edir can.

Qanadları altındadır vəslin Simurğ quşunun,
Kölgəsində bəsləmişdir vüsalını Süleyman*.

Qəbuluna nail olmaq mümkün olsa, idrakın,
Qarşısında bərabərdir, yəqin ki, küfrü iman.

Sənin eşqin, məhəbbətin, cövrü cəfan ucundan,
Sədaqətli aşiqlərin yaxa yırtır anbaan.

İstəyirsən fitnə, fəsad törənməsin dünyada,
Qaşqabaqlı oturma, gəl, etmə zülfü pərişan.

Sənin eşqin küçəsində dolaşarkən Xaqani,
Elə bir şey axtarır ki, nə vəsldir, nə hicran.

O, əzəmət Kəbəsinin düşdü uzun yoluna,
Ancaq onu incitməmiş nə dəvə, nə biyaban.

Öz əsrinin ruhu, sədri olan Müvəffəqəddin,
Əbdülqəffar - fazillərin sonuncusu o insan.

Onun yüksək məqsədinin sayəsində fəxr ilə,
Bir an sakit durmayaraq dövr eyləyir asiman.

O elə bir sədrdir ki, varlığıyla, gücüylə,
Afərinə layiq olmuş bu yaşayış, bu cahan.

Onun cavan taleyini gətirərəm yadıma,
Neçə illik qırmızı mey nuş edərsəm nə zaman.

Gül indi ki, yaxasını açıb, gülür fərəhlə,
Ətəyini əllərimdən çəkə bilməz gülüstan.

Görürəm ki, hər tərəfə külək ətir saçandır,
Qızıl səpən peymanədən ayrılmaram mən, inan.

Bülbüllərdən yüz Barbəd əyləşib hər tərəfdə*,
Bahardakı gözəlliyə qoşurlar min dastan.

Ağacların çiçəkləri töküldükcə budaqdan,
Ulduzları sanki səpir sinəsindən asiman.

Lalədəki qara xalı görüncə, zənn edirsən,
Müştərinin sinəsində qərar tutmuşdur Keyvan.

Bağda bitən nərgizlərə əgər nəzər yetirsən,
Görərsən ki, gözdür onlar, çatmayır təkcə müjgan.

Gülün indi geyindiyi atlas dona fikir ver,
Ətəyinə haşiyələr vurulmuşdur qızıldan.

Göyərtiyə, bənövşəyə, bir də gülə nəzər sal,
Onlar da göy qurşağı tək boyanmışdır al-əlvan.

İndi şadlıq zamanıdır, indi fərəh vaxtıdır,
Bahar fəsli, gül fəslidir, xoş zamandır bu zaman.

Bundan belə ətəyimi dolduraraq dürr ilə,
Cananımın qapısından ayrılmaram bircə an.

O şöhrətli sərkərdənin mədh, tərif bağında,
Mən nəğmələr oxuyuram qumru kimi durmadan.

Xoş iqbalın ünvanıdır bu gün Müvəffəqəddin,
Əbdülqəffar, - odur neçə dövlətlərə hökmran.

Kamalının, tədbirinin sayəsində cahanda,
Ortalıqdan qalxdı bütün yaramazlıq və nöqsan.

Cəlalının nərdi üstə doqquz qatlı fələyə,
Qabaqca o altı oyun bağışlayır hər zaman*.

Onun böyük kəraməti sayəsində, istərəm,
Zəmanənin hər müşkülü mənə olaydı asan.

Mənim Yəqubsifət könlüm qəm munisi olalı,
Yusif kimi yerim olub tənha, qaranlıq zindan.

Atdılarsa qardaşları onu su quyusuna,
Məni da od quyusuna saldı dostlar nagəhan.

"Əlif" ilə "sıfır" kimi yalqız və boş qalmışam*,
Qələm kimi, ox kimiyəm, cismim cılız və üryan.

Yüz bağlama fəzilətim olduğu bir zamanda,
Bir müştəri üzü görmür mən açdığım bu dükan.

Dayanmadan sel axıdır gözlərimə ürəyim,
Bəli, kiçik bir təndirdən yaranmışdır o tufan!*

Gözlərimdən axan yaşdan almışdır qan rəngini,
O nəqqaş ki, əllərilə yaranmış bu göy eyvan.

Arranlı bir namussuzun axmaqlığı üzundən,
Bax, ey Allah, gör ki, neçə qəlb evi oldu viran*.

Əfsanəçi bir şirvanlı o qədər ki, şər atdı,
Mənim qəmim, doğrudan da, dönüb oldu bir ümman...

Birincisi - ilan kimi zəhərlidir, zəhərli,
İkincisi - kəsib tökən iti dişli bir siçan.

Mən pusuram birisini bağban kimi xəlvəti,
İkincini pişik kimi izləyirəm durmadan.

Bu xoşdur ki, düşüncədə onlar mənə oxşamaz,
Mən onlara oxşamadım, oxşamaram heç zaman.

Məhşər günü çatanadək, qopanadək qiyamət,
Onlar heyvan sifətində qalacaqdır, mən insan.

Siz, ey gecə duaları, qalmısınız hayanda?
Sizdən başqa heç bir şeyə nə çarə var, nə güman.

Ey Xaqani, sən dünyanı yaradan bir Allahın,
Kərəmindən ümidini kəsmə, ona arxalan!

Bu amansız ruzigarın işıqsız gözlərindən,
Qaçmaq üçün öz sədrinin kölgəsində daldalan.

Bir allahın nəzərində olan Əbdülqəffarın,
Sayəsində ağ divlərdən yetməz sənə bir ziyan.

Dünyadakı cənnətlərin yalnız odur Rizvanı,
Güclü qələm sahibidir, vardır onda xoş lisan.

Odur mühit dənizləri, Ümman, Ceyhun,
Nil çayı, Dağlardansa Cudi, Həri, ya da ki, Qafü Səhlan*,

Onda olan səxavətin, təvazönün yanında,
O səkkizin hər birisi çox kiçikdir darıdan

İltifatı kimə düşsə, olar cəlal sahibi,
Qəhri kimə olsa, onu qəhr eyləyər Yaradan.

Zəmanənin qulağında var hökmünün halqası,
Geyinmişdir fərmanını əba kimi bu dövran.

Günəş tək saf ürəklisən, Müştəri tək təqvalı,
Xasiyyətdə Məhəmmədsən, ehsanda şahi-Mərdan*.

Tərif etmək xəyalıyla səndə olan komalı,
Bəndəniz bir Ütariddir, ya da söz bilən Həssan*

Hüzuruna qəddi bükük, qəlbi sınıq gələrək,
Sənə xidmət etmək üçün eylədi əhdü peyman.

Məhəmmədəl-Mustafanın qapısında, bəllidir,
Sədaqətlə xidmət etmiş qulu Ənəslə Səlman*.

Gecikdirmiş olsam əgər mədhini, gəl, incimə,
Dikbaşlıqdan deyil, başqa bir səbəbi var, inan!

Möcüzənlə vəhyin sənin olmasa da, xislətin,
Məhəmmədin xislətidir, görür bunu göz qoyan.

Ənbiyanın sonuncusu olsa belə Məhəmməd,
Nəbilərin əfzəlidir, odur sahibi - "Quran".

Yaratmaqla heyvanatı, cəmadı, nəbatatı,
Təbiətin son istəyi insan idi, tək insan.

Üç pillədən sonra insan yarandığı kimi də,
Üç kitabdan sonra nazil oldu dünyaya "Quran".

Əvvəlində hərtərəfli fikirləşən adamlar.
Müşkül olan hər bir işi başa vurar çox asan.

Bu qaydadır, öncə yaşıl otlar olar aşikar,
Sonra bitər bağçada gül, fərqli olar tağlardan.

Bax, bu xurdad ayı içrə çiçək açan ağacın.
Meyvəsini aban ayı yığışdırar bağiban*.

Ərsin salıb qazançaya, öncə qarışdırarlar,
Sonra gələr süfrə üstə şirin halva qazandan.

Ey qüdrətli qələminin gücü ilə şahların.
Xəncərini, qılıncını yerə salan qəhrəman!

Sənin şahlıq pələnginin bağırtısı, nərəsi,
Şir hünərli igidlərin ürəyini edir qan.

O adam ki, qulluğunda boyun büküb, baş əyməz,
Demək sənə, dövlətinə etmiş olar o üsyan.

O üsyankar cəza alar qərbin şahından yəqin,
Bir cəza ki, Neman onu gördü Nuşirəvandan*.

Qubad oğlu Nuşirəvan çəkdi onu meydana,
Nəhəng filə tapdalatdı, yerlə eylədi yeksan.

Sən işində Cəbrayılsan, bilir bunu çoxları,
Pisliyini danışanla şərikdir yəqin şeytan.

Sənin halal çörəyini yeyən o bədxahların,
Yaxşılığı unudaraq, nankor olublar çoxdan

Bundan sonra öz süfrənə yaxın qoysan onları,
Məhşər günü cəza verər sənə böyük yaradan.

Yaz yağışı damlasıdır sənin halal çörəyin,
Susuz sədəf misalıdır azad fikirli insan.

Yaz yağışı qətrələri yetişərsə sədəfə,
Dönüb inci olacaqdır dənizdə o, biguman.

Həmin qətrə düşsə əgər bir ilanın ağzına,
Canlıları həlak edən zəhər olar o haman.

İmansızlıq mərəziylə yanır qəlbi nankorun,
Çoxdan onun bəlasıdır sərsərilik və nisyan.

Sən onun boş sözlərini dinləməsən, yaxşıdır.
Çünki xəstə çox danışar, gəlsə qızdırma, böhran.

Səndən alır işığını ağlın açıq gözləri,
Sənin cahü cəlalına qalıb fikir də heyran.

Sənin kimi əliaçıq əgər kömək etməsə,
Mənim kimi acizlərin olmaz işində səhman.

Olmasaydı Allah əmri, Musa yədi-beyzası,
Əsa dönüb olmaz idi möcüzündən bir ilan.

Sənə xidmət etmək üçün yüz yol seçdim ürəklə,
Yüz ordunu bir qələmlə sən edəndə pərişan.

Sözündəki mənalardan mən incəlik duyurkən,
Sən onlarla böyük işlər həll edirsən çox asan.

Ricam budur, atma məni unutqanlıq bəhrinə,
Qoyma məni tapdaq edib, həlak eyləyə düşman.

Bircə kəlmə sözünlə sən elə et ki, dövranın,
Mərhəmətsiz çəngəlindən azad olum bircə an.

Sən Günəşsən, mən işıqdan məhrumam bu əsrdə,
Tez saraldıb soldurmuşdur məni şaxta, qar, boran.

Günəş hətta xərabəyə güzər edib, saçar nur,
Sən də mənə nəzər salıb, eylə dərdimə dərman.

Tutalım ki, ehtiyacın yoxdur əsla şairə,
Fəzillərin tərifinə, deyək, yoxdur təqazan.

Amma, qulluq etmək üçün sənin şanlı qapında,
Əlbəttə ki, bir nəfər qul gərəkdir, ey hökmran.

Şairlikdən söz düşəndə, mənə düşmən olanla,
Müqayisə etmə məni, o deyildir müsəlman.

Yedirtsən də çoxlu şirin, şəkər illər uzunu,
Hər halda o, şəkər deyil, zəhər tökür ağzından.

Elə yönsüz təsnif qoşub cahillikdən o mənə,
O təsnifdən çox yaxşıdır yüz iftira, yüz böhtan.

Demişdir ki, eşqbazlıq etdiyindən filankəs,
Saqqalını kəsdirmişəm... saymış çox filan, behman..

Lakin, yeri gələndə o, uydurduğu bu sözdən,
Xəcil olub, lənətlərə məruz qalar hər zaman.

Mən o sözün cavabını verdim yerli-yerində,
Əvəzində eyb axtardı sözlərimdə o nadan.

Maraqlıdır ki, bir-iki keşişlə tutub ülfət,
Möbid olub, şəriəti danmaq istər büman.

Əmmaməsi, saqqalı var, amma, yoxdur məzmunu,
Hikmətindən xəbərsizdir, dəm vursa da Yunandan.

Görməmişdir məktəb üzü, savaddan da kasıbdır,
Yer üzündə axmaqlıqla qazanmışdır ad və san.

Allah onun vücudunu yaratmışdır lənətdən,
Dünya onu böyütsə də, sonra olub peşiman.

Təlxəkliyi tərk edərək unutmuşsa, indi də,
Məkr, hiylə peyğəmbəri olmaq üçün atır can.

Lənət olsun o nadürüst yaramaza yüz kərə,
Müridinə min kərə çox lənət olsun hər zaman.

Məəttələm mən buna ki, indiyəcən o itə,
Nece olmuş, qəzəbini göstərməmiş yaradan!

Yalnız sənin bayrağının kölgəsində dövranın,
Əzabından, sitəmindən asudədir hər insan.

Kim ki, sənə xidmət üçun qulluğuna verilsə,
Nə qorxusu, ona qarşı düşmən çıxarsa sultan.

Eşitdikcə mən yazdığım qəsidəni qananlar,
Oxuyunca bu sözləri bütün İran, Xorasan,

Bilərlər ki, var nə qədər mərdlik sifəti səndə,
Xaqaniyə hörmət etmiş sənin sayəndə xaqan.

Calalını bundan artıq tərif edə bilərəm,
O da cörək ucundan yox, qazanmaqçün şərəf, şan.

Bayram oldu, mənsə dönüb bu bayramda qul oldum,
Dedim: qoy bu olsun mənim əhvalıma bir mizan.

Göyərçintək körpəcə bir ürəyim var mənim də,
Bu bayramda olsun o da sənin yolunda qurban.

Görüm, səni şad olasan ilin hər mövsümündə,
Səadətə yetişəsən min bayramdan, bahardan.

Yeddi göydən yüksək olsun, möhkəm olsun iradən,
Yerə batsın o kəslər ki, çəkirlər ayağından