Məzmuna keç

Məşvərətin şərtləri

Vikimənbə saytından
Məşvərətin şərtləri
Müəllif: Abbasqulu ağa Bakıxanov


Məna gülşəninin ustadı yenə,
Belə güllər səpdi öz gülşəninə:
Bir zaman Şirvanda bir əmir vardı
Zahiri, batini xoş hökmdardı.
Vücudi əzizdi, hümməti yüksək,
Lakin xudpəsənddi, hər zaman gərək,
Hər işdə sarayda olan adamlar,
Onun dediyini edəydi təkrar.
Əksinə çıxmazdı onun bir insan,
Getdikçə qalırdı ağlına heyran.
Məsləhət zamanı bir şəxsi-fazil,
Əmirin sözünü eyləyib batil,
Dedi: «Həqiqəti danmayınız bir,
O iş başqa cürdür, belə deyildir».
Əmir çox söylədi, o eşitdi az,
Dedi ki, düz sözü rədd etmək olmaz.
Nəhayət, qızışıb qışqırdı əmir:
«Ədəbsiz, nə hədlə elədin təhqir?
Unutdun ki, mənəm burda hökmran,
İcra olmalıdır verdiyim fərman!»
O fazil əmirə cavab verərək,
Söylədi: «Hər şeydə bir düzlük gərək.
Danışma, heç bir şey görmə--əmr etsən,
Susaram, yumaram gözlərimi mən.
Əmr etsən anlama! Əfv et, hökmdar,
Bu işdə əlimdə deyil ixtiyar».
Əmir dediyindən oldu peşiman,
Sonra dedikləri vermədi ziyan:
Düzlükdən qüdrətli bir dövlət yoxdur,
Ey Qüdsi, düzlükdə səadət çoxdur.
Düz iş yoxlanarsa nə qorxusu var,
Düşmən də düz işi eyləməz inkar.
Deyək heç yoxlayış olmayacaqdır,
Düzlük özü qəlbə möhkəm dayaqdır.