Məclisləri, məhzərləri döndərirəm gülşənə
Görünüş
Məclisləri, məhzərləri döndərirəm gülşənə Müəllif: Xaqani Şirvani Tərcümə edən: M.Mübariz |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Məclisləri, məhzərləri döndərirəm gülşənə,
Sözüm olmuş göçəriyə, şəhərliyə xəzinə.
Nəzmim, nəsrim külək kimi xatirimdən qoparaq,
Ölkə gəzir, məsəl olur, düşür ellər dilinə.
Sanki ulduz salxımıdır şerim, mənim əlimlə,
Sıxılaraq, xalqa dadlı şərab olur hər dənə.
Zina oğlu zındıqların şərrindən doğmasaydı,
Qəza əsir salardımı onu quduz düşmənə?
Duz qatarsam sözlərimə insanların əliylə,
Böyük izzət, sonsuz şöhrət qazandırar bu mənə.
Qələmimdir qoşaağız, iti Yəmən qılıncı,
Əlim oxşar Saidətül-Qeysin yazan əlinə.