Məzmuna keç

Məhşər/IV fəsil

Vikimənbə saytından
III fəsil Məhşər. IV fəsil
Müəllif: İsa Hüseynov Muğanna
V fəsil


Mərmər meydanın dərinliyində fəvvarəli hovuzlarla, sərv ağacları yasəmən və qızılgül kolları ilə dövrələnmiş sərin bir guşə, bu guşədən o yanda daş barı və dəmir qapı arxasında isə ikinci meydan vardı. Orada yoğun daş dirəkləri və ümumi ağırlığı, zəhmi ilə sarayın bütün tikililərindən fərqlənən divanxana binasının gecələr səhərə qədər yanan məşəllərin hisindən zolaq-zolaq ləkələnmiş sal qayatək qalın divarları bozarırdı. Bu divarların içərisi bir zaman Kəsranilərin dədə-babalarının qızıl-gümüşlü qılınc və qalxanları, kaman və tirləri, kəmənd, gürz və toppuzları, maral buynuzları, tovuz lələyi, durna teli və sair uzaq səfər və şikar xatirələri ilə bəzənərmiş. Yuxarı başda, bir cüt qızıl dirək arasından sallanan tül pərdə arxasında, hündür gümüş təxtdə Kəsrani şahları oturarmışlar. İbrahim ilk dəfə buraya qədəm basanda: "Sizin şahınız öz təbəələri ilə pərdə dalından danışmayacaq", — deyib, haman pərdəyi qoparıb camaatın ayağının altına atmış, qızıl dirəkləri əridib dinar kəsməyi, gümüş təxti isə xəzinəyə təhvil verib buraya adi taxtadan, bəzək-düzəksiz bir təxt qoymağı buyurmuşdu.

İndi divanxanada Əmir Teymurun gümüş ayparalı yaşıl bayrağı altında, haman bəzək-düzəksiz, alçacıq şah təxtindən, bir neçə sandıq, mücrü, kürsü, rəhl və qələm-davatdan, bir də ki təxtdən sandara qədər döşənmiş xalı-xalça və döşəkcələrdən başqa heç nə yoxdu. İbrahim candarlarının müşayiəti ilə gəlib taxtda oturanda ikindi namazından sonra vaxtını adətən ibadət otağında və xəlvətiyyədə keçirən şahın bu gözlənilməz gəlişindən özlərini itirmiş çıraqdarlar tavandan nazik zəncirlərlə asılmış qoşapiltə neft çıraqlarını təzəcə yandırıb təxtin dövrəsindəki qəndil və şamdanlarda şamları yandırmağa tələsirdilər.

İbrahim əlinin sərt hərəkəti ilə rədd edib onları qovdu.

Xanəgahın ikinci mərtəbəsindən divanxananın damına, oradan da divarın içərisi ilə burula-burula təxtin arxa tərəfinə enən daş pilləkənin ayağında və kandarda zirehli, dəbilqəli silahdarlar öz yerlərini tutanda İbrahim onları və hətta bir-birindən balaca, on-on beş yaşlarında xidmət qulamlarını da qovdu.

Bu saat şaha baxan hər bir göz İbrahimə xəyanət gözü kimi, şah kəlməsini eşidən hər bir qulaq xəyanət qulağı kimi görünürdü.