Məhşər günü görüm derəm, ol sərvqaməti
Görünüş
Məhşər günü görüm derəm, ol sərvqaməti Müəllif: Məhəmməd Füzuli |
Məhşər günü görüm derəm, ol sərvqaməti,
Gər onda həm görünməsə, gəl gör qiyaməti.
Tərki-mey etdin, ey könül, əyyami-gül gəlir,
Əlbəttə, bu işin çəkilir bir nədaməti.
Məcnun ki, padişahi-sipahi-vühuş idi,
Mən tək müsəxxər etmədi mülki-məlaməti.
Səhranəvərd ikən, mənə təsviri-Kuhkən,
Öyrətdi şəhri-eşqdə rəsmi-iqaməti.
Səngi-məlamət ilə çəkin çevrəmə həsar,
Əşkim fənayə verməsin əhli-səlaməti.
Zahid, çox etmə tən mey üftadəsinə kim,
Çoxları yıxdı piri-müğanın kəraməti.
Qəm zülmətində bulmağa dərdü bəla məni,
Bəsdir, Füzuli, atəşi-ahim əlaməti.