Məhəbbət
Görünüş
Məhəbbət Müəllif: Mikayıl Müşfiq |
Mən ki bilməz idim nədir məhəbbət,
Bu sirri sən mənə anlatmadınmı?
Dünyaya sığmayan şair könlümü
Köksümdən çıxarıb oynatmadınmı?
Mən ki nəğmə deyib bənövşələrdən
Peşəm zövq almaqdı bir şux dilbərdən,
Məndən uzaq gəzib, dolanıb hərdən,
Qəlbimi sıxmağa can atmadınmı?!
Min hicran könlümü alanda ələ,
Zərrəcə halıma yanmadın belə.
Müşfiqin qəlbini tez alıb ələ
Onu röyalardan oyatmadınmı?!