Məhəbbət aləmi qəmdir
Məhəbbət aləmi qəmdir Müəllif: Cəfər Cabbarlı |
Məhəbbət ölkəsi qəm diyarıdır,
O diyarda ağlayan çox, gülən yox.
Cad olunmuş kimi könül çırpınır,
Ağlayormu, gülüyormu - bilən yox!
Fələk məni öylə günə salıb ki,
Bilmiyorom yaşayımmı, ölümmü?
Yazıq könlüm öylə hala qalıb ki,
Bilmiyorom ağlayımmı, gülümmü?
Məhəbbət ölkəsi qəm diyarıdır.
O ölkəni dolaşıram bilərək.
İçin-için eşq ürəymi yandırır.
Yanıyoram sevinərək, gülərək
Gözüm ağlar, dodaqlarım gülümsər,
Bilmiyoram yaşayımmı, ölümmü?
Yaşamaq istərəm, ölüm bəklərəm,
Bilmiyorom yaşayımmı, ölümmü?
Dənizlər ardından Günəş nur saçır,
Bahar gülümsüyor, çiçəklər açır,
Yaşayış oynayır, dirilik uçır
Keçmiş zamanlarım gözümdən keçir.
Çocuqluğum, oyandığım, güldüyüm...
İynə kimi ürəyimi dələrək
Gözüm ağlar, dodaqlarım gülümsər,
Bilmiyorom ağlayımmı, gülümmü?
Yaşamaq da istər könlüm, ölmək də
Bilmiyorom yaşayımmı, ölümmü?