Məzmuna keç

Məhəmməd (nağıl)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Nağıllar. Məhəmməd
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri var idi, biri yox idi, Məhəmməd adında kasıb bir kişi var idi. Bunun sənəti pinəçilik idi. Gündə səhər gün çıxandan axşam gün batana kimi ona-buna başmaq pinəyib, axşam üç adamlıq çörəyin, bir də bir dəstə soğanın pulunu çıxarardı. Elə günlər olurdu ki, elə çörəyin pulunu güclə çıxarırdı. Özü də yazıq bir kişi idi. Bunun bir arvadı, bir də bir qızı var idi. Özü nə qədər yazıqdısa, arvadı bir o qədər zalım idi. Bir şey ki, dedi, iki ayağını bir başmağa taxıb nıx durardı sözünün üstündə. Qızı da ki, elə gözəl idi ki, görən deyirdi elə baxım. Ağlı da gözəlliyinnən bir gələrdi. Qərəz, nə deyim, gəl məni gör, dərdimdən öl. Bir gün bunlar oturmuşdular küçədə, qonşuda da dövlətli bir qızın toyu idi, gəlin aparırdılar. Arvad bir də baxdı ki, qızın evindən əlli dəvə yükü cehiz çıxdı. Daha soruşma arvadın halından. Arvad oldu dəli-divanə ki:

– Niyə gərək mənim qızımın bu qədər cehizi olmasın? Elə yəqin kasıbdı deyin hamı bilir ki, onun bu qədər cehizi olmayacaq, ona görə də gəlib istəmirlər. Gərək hər necə olsa, mən də qızıma bir belə cehiz düzəldəm. Qızın doğrudan da vaxtı keçmişdi. On dörd, on beş yaşına çatmışdı. Sizə zarafat gəlməsin ha, on dörd, on beş yaşına çatmaq bir qızdan ötrü qocalmaq deməkdi. Qızın əsil ərə getməli vaxtı doqquz, vay naçarı ondu.

Arvad biz şeyləri fikirləşə-fikirləşə öz-özünə deyirdi: yaxşı, heç eybi yoxdu, qoy Məhəmməd gəlsin, mən onnan danışaram. Doğrudan da qızı heç istəyən yox idi.

Qərəz, bu gün yenə Məhəmməd çörəyi ilə soğanını qazanmışdı, odu ki, üzü gülə-gülə axşam qayıdırdı evinə ki, külfətin başına yığıb çörəyin yesin. Elə evə çatmağını gördü. Arvad cəllad kimi kəsdi başının üstünü ki:

– Bilmirəm, dur bu saat ayağa, get qız üçün əlli dəvə yükü cehiz gətir! Yoxsa ətini aşıqcan elərəm, qanını qaşıqcan.

Məhəmmədin elə gözləri bərələ-bərələ qaldı. Necə yəni əlli dəvə yükü cehiz? Öz-özünə dedi ki, yəqin arvad mənimlə zarafat eyləyir. Amma arvad zarafat-zad eləmirdi. Arvad çox dedi, Məhəmməd az eşitdi, Məhəmməd çox dedi, arvad az eşitdi, olmadı ki, olmadı. Arvad iki ayağını taxdı bir başmağa ki, hər hardan olsa, gərək gətirəsən, vəssalam. Məhəmməd qaldı lap avara ki, ay Allah, mən cehizi hardan tapım, özü də əlli dəvə yükü... Qərəz, arvad ilan kimi quyruğunu çəmbərləyib qoydu belinə, yapışıb Məhəmmədin qulağından saldı eşiyə ki:

– Get, dediklərimi gətirməyincə evə gəlmə!

Məhəmməd özü oğrudan yaman qorxurdu deyin elə bilirdi ki, elə hamı onu kimi oğrudan qorxur. Fikirləşdi ki, gedib tacirlərin birinə deyərəm ki, mən oğruyam, bunu eşidib qorxub qaçar, mən də dükanda nə varsa yığışdırıb gətirərəm, bəlkə bu kaftar məndən əl çəkə. Getdi bazara, girdi bir tacirin dükanına. Tacir tez çitdən-zaddan tökdü bunun qabağına ki:

– Nə istəyirsən? Hansından istəyirsən? Neçə arşın istəyirsən?

Məhəmməd dedi:

– Canım, mən heç bir şey istəmirəm. Mən pulla almayacağam, müftə aparacağam.

– Necə yanı müftə aparacağam! Bu nə sözdü?

– Mən oğruyam axı. Xəbərin yoxdu?

Tacir bir diqqətlə bunun üzünə baxdı, dedi:

– Nə olsun?

– Necə yanı nə olsun? Bəs niyə çıxıb qaçmırsan? Di çıx qaç, şeyləri aparım axı.

Tacir bunu itələyib dükandan saldı eşiyə ki, yəqin çərənləyib. Məhəmməd getdi o biri tacirin yanına. O da belə, o birisi də belə, baxdı ki, balam, heç bundan savayı oğrudan qorxan yoxmuş. Bu fikir də boşa çıxdı.

Düşdü qarın ağrısına ki, indi balam, mən neynəyim? Qayıtdı evə, arvada nə qədər yalvardısa arvad dedi:

– Olmaz ki, olmaz. Dediklərimi gətirməyincə səni evə qoymaram.

Məhəmməd çar-naçar qayıdıb çıxdı küçəyə. Qaranlıq düşmüşdü. Yazıq Məhəmməd arvadın yanında olmuşdu girinc. Elə fikirlə gedirdi, bir vaxt ayıldı baxdı ki, şəhərdən lap çıxıb qırağa. Fikirləşdi ki, balam, bu küçədə yataram, itdən, qurddan gəlib məni yeyər. Yaxşısı budu bir üstüörtülü yer tapım girim ora, bu gecəni də yatım, görüm səhər başıma nə gəlir.

Orda da bir köhnə xaraba hamam var idi, qapısı-zadı da yox idi, gedib girdi ora. Elə içəri girməyini gördü, bir də baxdı, hay-küy, nərə, qışqırıq, siyirmə qılınclarla bunun ətrafını tutdular. Məhəmməd işi duydu. O bilirdi ki, çoxdandı bu şəhərdə qırx quldur peyda olub. Bildi ki, elə yəqin onlardı. Tez özünü cəmləşdirdi. Gördü daha ölüm ayağıdı, necə deyərlər, ölmək ölməkdi, ta xırıldamaq nə deməkdi? Məhəmməd səhv eləməmişdi. Elə bura doğrudan da qırx quldurun məskəni idi. Bunu tutdular ki:

– Bura bir adam ayaq basa bilmir, vəzir də, vəkil də bizim burada olmağımızı bilir, amma canının qorxusundan bir şey eyləyə bilmir, indi sən kimsən ki, cürət eləyib gəlmisən bura?

Məhəmməd gördü ki, yox, iş işdən keçib, burda kələk lazımdı, yoxsa bunu didim-didim didəcəklər. Elə bunu xəncər burnu eləyəcəklər. Tez bir şəstinən durub dedi:

– Kimdi sizin başçınız, gəlsin mənim qabağıma. Mən məşhur quldur Məhəmmədəm. Eşitdim ki, siz burda quldurluq eləyirsiniz. Odu ki, gəlmişəm görüm nə təhər quldursunuz.

Quldurlar yaman sevindilər. Demə Bağdadda məşhur bir quldur Məhəmməd varmış, quldurlar deyiblər bə bu elə odu. De yığışdılar Məhəmmədin başına. Məhəmməd başladı özündən gopa:

– Ay belə asmışam, ay belə kəsmişəm, ay belə dam yarıb ha nə bilim burda mənəm, Bağdadda kor xəlifə.

Bunları lap aldatdı, qoydu şərova. Quldurbaşı dedi:

– Məhəmməd, elə biz səni göydə axtarırdıq, yerdə əlimizə düşmüsən. Sənin səriştən də, igidliyin də bizdən çoxdu. İndi ki, sən gəlmisən, gəlin elə bu gecə gedək vəzirin evinə oğurluğa.

Bəli, yığışdılar getdilər vəzirin evinə oğurluğa. Qapıda bölüşdülər, hərəyə bir yer düşdü. Məhəmmədə də düşdü mitbax. De quldurlar girdi içəriyə, başladılar qarətə. Məhəmməd vellənə-vellənə gəldi çıxdı mitbaxa, əlini atdı qazana, götürmüşdü, elə istəyirdi çıxsın, bir- dən fikrinə gəldi ki, adə, səhər bu yazıq aşbaz qazanı tapa bilməz pişmiş bişirməyə, yazıqdı, vəzir onu öldürər. Qoy bunu qoyum yerinə, ayrı şey götürüm. Onu qoydu yerinə, əlin atdı dolçaya. Yenə fikir bunu basdı ki, bəs bu yazıq suyu nədə gətirsin? Qərəz, hər nəyə əlini atdısa baxdı ki, səhər aşbaza lazım olacaq, odu ki, qoydu yerinə. Axırda əlinə bir həvəngdəstə keçdi. Götürdü, bir az fikirləşdi, fikirləşdi, öz-özünə dedi:

– Səhər bu da aşbaza lazım olacaq. Yazıqdı, pişmişi duzsuz bişirsə, atasını yandırarlar. Yaxşısı budu mən bir az duz döyüm hazırlayım qoyum burda ki, aşbaz məəttəl qalmasın, özüm həvəngdəstəni götürüb aparım. Elə qızıma onsuz da həvəngdəstə lazım olacaq.

Bəli, bir az duz tapdı, ədəb-ərkanla əyləşdi yerə, duzu tökdü həvəngdəstənin içinə, qoydu iki qıçlarının arasına, başladı tappatapla döyməyə. Nə qədər yatmış adam vardısa, sarayda hamısı oyandı. Quldurlar da səs-küyü eşidib qaçdılar. Bunun da dünyadan xəbəri yox, elə duzu döyür. Qərəz, tökülüb gəldilər, gördülər ki, bir kişidi, oturub duz döyür. Soruşdular ki:

– A kişi, burda nə qayırırsan?

Məhəmməd dedi:

– Oğurluğa gəlmişəm. Gördülər bu deyəsən gicdi. Tutub apardılar vəzirin yanına. Ordanburdan axırda Məhəmməd naəlac qalıb, açıb əhvalatı danışdı ki:

– Vallah, mən oğru-zad deyiləm. Mən bir namuslu adamam. Arvadım beləcə məni dəli eləyib, salıb çöllərə.

Vəzir baxdı ki, bu bir yazıq adamdı, özü də bunun üzündən evi qalıb özünə. Əgər o tappıltı salmasaydı, indi ev getmişdi. Quldurlar indi evə süpürgə çəkmişdilər. Odu ki, Məhəmmədə yüz tümən də pul verib azad elədi. Məhəmməd pulları alıb sevinə-sevinə gəldi evə. Pulları verdi arvada. Arvad pulları alıb, kişinin boynunun ardına bir yumruq vurub saldı eşiyə ki:

– Bundan bir şey çıxmaz, get yenə gətir!

Məhəmməd çıxdı küçəyə. Axşamacan veylləndi. Ölçdü küçələri sağdan sola, soldan sağa. Axşam oldu, qaranlıq düşdü, qonşular gəldi yalvardı, Məhəmməd özü də iki saat zarıdı, arvad elə nıx dediyində durdu. Axırı Məhəmməd çıxdı küçəyə. Fikirlə gedirdi, bir vaxt gözünü açdı, gördü yenə də dünənki hamamın qabağındadı. Qorxudan başladı titrəməyə ki, indi quldurlar çıxıb mənim pişiyimi ağaca çıxaracaqlar.

Elə bu fikirdəydi, istəyirdi qaçsın, bir də gördü bir adam bunu xirtdəklədi. Düz bunu çəkdilər içəriyə. Məhəmməd gördü yox, iş xarabdı. Yenə düşdü bu quldurların əlinə, başladı goplamağa ki:

– Ay eviniz yıxılsın, dünən hara qoyub qaçdınız? Məni tutdular, apardılar padşahın yanına. Padşah əmr elədi ki, çəkin bunu dar ağacına. Elə dara çəkirdilər ki, cəlladları vurub, yaralayıb qaçmışam.

Quldurlar hələ bir az da pərt oldular ki, biz niyə buna kömək eləməmişik. Bir az üzrxahlıq eləyəndən sonra dedilər ki, onda gəlin bu gecə də gedək vəkilin evinə oğurluğa.

Bəli, yığışdılar, getdilər, girdilər saraya. Hamı məşğul oldu qarətə, Məhəmmədə də yan otaq düşmüşdü. Gəlib içəri girəndə baxdı ki, vəkilin qarabaşlarından biri ölüb, kəfənləyib qoyublar ki, səhər aparıb basdırsınlar. Fikirləşdi ki, ədə, bura bax a, heç müsəlmançılıq-zad qalmayıb. Bu yazıq ölünü qoyublar bura, heç Quran oxuyan yoxdu. Yaxşısı budu, savabdı, mən buna bir Quran oxuyum.

Əyləşdi ölünün başının üstündə, səsini atdı başına. Sarayda nə qədər adam vardısa, hamısı oyandı. Səs-küy düşdü, quldurlar yenə hamısı qaçdı. Baxdılar ki, yan otaqdan Quran səsi gəlir. Yetirdilər ki, bir kişi oturub Quran oxuyur. Soruşdular:

– Ay kişi, burda nə qayırırsan?

Məhəmməd dedi:

– Oğurluğa gəlmişəm.

– Bəs Quran niyə oxuyursan? Oğurluq hara, Quran hara?

– Oğurluq öz yerində, Quran da öz yerində.

Gördülər deyəsən bu gicdi. Tutub bunu apardılar vəkilin yanına. Bir az qısnadıqdan sonra bu açıb əhvalatı vəkilə də dedi: Qərəz, vəkil də baxdı ki, bunun üzündən ev salamat qalıb, odu ki, bu da Məhəmmədə yüz tümən pul verib, azad elədi. Məhəmməd elə küçəyə çıxcaq götürləndi. Tullana-tullana qaçdı evə. Gətirib pulları tökdü arvadın qucağına. Zalım oğlunun qızı pulları alıb yenə Məhəmmədi saldı eşiyə ki:

– Bundan bir şey çıxmaz, get yenə gətir!

Məhəmməd kələyi öyrənmişdi. Özünü verib bir kölgə yerdə axşamacan yatdı, gecə durub gəldi quldurların yanına ki, ay nə bilim məni belə tutdular, ay nə bilim vəkilə bir yumruq vurdum, ay nə bilim belə çıxdım qaçdım... Qərəz, aldatdı yenə bunları. Fikirləşdilər ki, gəlin bu gecə də gedək padşahın evinə. Qərəz, yığışıb getdilər. Bölüşdülər, Məhəmmədə düşdü padşahın qızının yataq otağı. Girdi Məhəmməd içəri, gördü padşahın qızı yorğan-döşəkdə yatıb. Amma qız nə qız... Adam elə deyir baxım bunun camalına. Amma üstündəki ipək yorğan qızın özündən də yaxşıdı. Məhəmməd fikirləşdi ki, elə mənim qızıma ipək yorğan lazım olacaq, yaxşısı budu bunu götürüm aparım. Yorğanı qalxızdı, gördü ədə qız lap çılpaqdı. Fikirləşdi ki, yorğanı götürüb apararam, xalqın qızına soyuq dəyər ölər, sonra qanı qalar boynumda. Bir xeyli düşünüb-daşınandan sonra yavaş-yavaş qızı oyatdı. Qız ayılıb gördü otaqda bir kişi var. İstədi çığırsın, Məhəmməd dedi:

– Qorxma, bala, mən oğruyam. Gəlmişəm oğurluğa. İstəyirəm sənin bu üstündəki yorğanı aparam, amma qorxuram üstün açıq qala, sənə soyuq dəyə. Dur get bir dənə o biri evdən yorğan gətir, ört üstünə mən bunu aparım.

Qız da əllamənin biri idi. Durdu ayağa ki:

– Bu saat. Sən otur burda, mən gedim gətirim.

Çıxdı, gedib padşahı oyatdı, əhvalatı xəbər verdi. Bu dəfə səs-küy düşmədiyinə görə quldurlar qaçmamışdı, hamısı öz işi ilə məşğul idi. Padşah əmr elədi, evi qahala salıb, hamısını tutdular. Padşah Məhəmməddən əhvalatı soruşdu. Məhəmməd necə ki, biz bilirik, hamısını ona danışdı. Padşah ona əlli dəvə yükü cehiz verdi, özünü də yanına götürdü, dedi ki:

– Arvad kişiyə hər şey eləyə bilər. İstəsə onu xoşbəxt elər, istəsə bədbəxt. Arvad var ərini əllam elər, arvad var bədnam.

Mənbə

[redaktə]

Azərbaycan nağılları. Beş cilddə. Bakı, “Şərq-Qərb”, 2005,