Məişətimizə dair (1908)
Məişətimizə dair (1908) Müəllif: Firudin bəy Köçərli |
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s. |
1
İki sәnә bundan müqәddәm yuxarıda qoyduğumuz sәrlövhәdә bir neçә mәqalә möhtәrәm "İrşad" ruznamәsinin nömrәlәrindә öz daxili işlәrimizdәn vә dolanacağımızdan yazıb, bәzi mәtlәblәrdәn bәhs etmişdik. Sonradan bir para sәbәblәrin vüqui ilә ki, burada onların şәrhinә ehtiyac yoxdur, yazmaqdan әl çәkdik. Bu müddәtin әrzindә alәmi-islamda çox böyük әlamәtlәr, fikrә gәlmәyәn inqilablar, xәyala sığışmayan vaqiәlәr zühur etdi. "Molla Nәsrәddin" mәzәlikcә söylәdiyi sözlәr vә istehzalar, yәqincә yazdığı xәbәrlәr eyni ilә nәticә verdi. İranda "bomba" sәdası eşidildi, "zabastovka" xәbәri çıxdı vә buna sәbәb cәnnәtmәkan Müzәffәrәddin şahın verdiyi hürriyyәtin geri alınması, mәclisin qovulması oldu. Bu yolda böyük iğtişaş vә inqilabçılar törәdi vә әlan iğtişaş yatmayıb, gәlә-gәlә artmaqdadır. İranın gәlәcәyi nә olacaq?...
Şayani-tәәccüb budur ki, hürriyyәt tәrәfdarları hәr yerdәn artıq Azәrbaycanın mәrkәzi olan Tәbriz şәhәrindә tapıldı. O Tәbrizdә ki, neçә sәnә bundan irәli mәşhur İbrahimbәy öz "Sәyahәtnamә"sindә onun әhalisini mәqami-tәnqidә qoyub, olmazın pozğun sifәtlәri vә qәbih әmәllәri onlara isnad vermişdi; o Tәbrizdә ki, İbrahimbәydәn әvvәl mәrhum Abbasquluağa Bakıxanov Qüdsi tәxәllüs onun xalqını daha da bәdtәr hәcv qılıb, onda adam nәzәrә gәlmәdiyini bәyan etmişdir:
Nә qәdәr seyr elәdim kuçә ilә bazarı,--
Adәm çox az görünür, izdiham kәsrәtdir.
İndi haman Tәbrizdә hәr yerdәn artıq hürriyyәt vә azadlığın qәdri bilinib, onun yolunda qanlar tökülür vә canlar fәda olunur. Beş-on il bundan qabaq hәcv olunan Tәbriz indi mәdh olunur. Hürriyyәtpәrәst müsәlmanlar millәt bahaduru Sәttarxanı tәrif vә tәhsin edirlәr. Hürriyyәtpәrәst xaricilәr onun sağlığına qәdәhfәrş olmaqdadırlar....
Osmanlıya gәldikdә, burada dәxi mәşrutiyyәt verilir ki, bu dәxi heç kәsin yuxusuna gәlmәz bir vaqiә idi. Hәr kәs soltan Әbdülhәmid hәzrәtlәri tutduğu mәslәki vә işlәtdiyi politikanı nәzәrә alsa, bizim sözümüzü tәsdiq edәr. Burada dәxi hürriyyәtpәrәstlәr ilә mühafizәkarlar arasında bәzi iğtişaş vә fәsadlar vüquә gәlmәkdәdir. Qәrәz, hәr yerdә böyük tәğyirat vә tәbәddülat müşahidә olunmaqdadır. Burada Şeyx Sәdinin әsrindә türklәrin hücumundan nәşәt edәn şuluqluq vә inqilab yadıma düşdü.
Birun rәftәm әz nәngi-türkan ke didim,
Cәhan dәrhәm oftad çun muyi-zәnci[1].
[1] Tərcüməsi: Türklərin arından qaçdım, (çünki) gördüm ki, dünya zəncinin tükü kimi dolaşibdir.
Bu müddәtin әrzindә alәmi-islamda vüquә gәlәn işlәrә biz kənardan tamaşaçı olduq. Qәlәmimiz paslandı, mürәkkәbimiz qurudu vә kağızımız toz altında qalmaqdan saraldı. Bir tәrәfdәn alәmi-islamın bәzi nöqtәlәrindә müşahidә olunan tәrәqqilәri görüb şad olduq. Qeyri bir tәrәfdәn öz mәişәtimizә baxıb, onun irәliki halı ilә köhnә dәyirmanın çürümüş çarxı kimi ağır vә ahәstә vә bir qayda üzrә dolanmasını görüb, mәlul vә mәhzun olduq. Yenә sabiq qәrar üzrә biçarә millәtimiz cәhalәt vә nadanlıq qaranlığında zәbun vә sәrgәrdan qalmışdır. İşıqlı dünyadan onun xәbәri yoxdur. Uzun müddәt qaranlıqda güzәran etdiyi üçün qaranlığa adәtkәrdә olmuşdur vә işığa çıxmağa meyl vә rәğbәt göstәrmir, guya işığa onun heç ehtiyacı yoxdur.
Belә qaranlıq alәmindә yaşayan qövm vә tayfanın, әlbәttә, işlәri dә qaranlıq, fәna vә әhәmiyyәtsiz olacaqdır. Burada hәr kәs öz xırdaca işlәrinin dalınca olub beş günlük ömürlәri üçün qüvvәti-layәmut cәm etmәkdәdir vә bu yolda cümlәnin sәyi vә tәlaşı, hümmәt vә qeyrәti biri-birini aldatmaq, biri-birinә tor qurmaq vә biri-birinin qanını sormaqdır. Ümumi qaydaya müvafiq, söz yoxdur ki, güclü gücsüzә qalib gәlir, dәrisi soyulan vә qanı sorulan qara rәiyyәt tayfası olur; yәni o sinif olur ki, onun elmi vә biliyi vә tәcrübәsi vәhşilәrә vә qan soranlara nisbәt azdır, hansılar ki, avam vә sadәdil olduqlarına görә tez tora düşür. Әlli-altmış sәnә bundan müqәddәm mәrhum Qasımbәy Zakirin vaxtında rәiyyәt tayfasına olan bidadlıq, zülm vә tәcavüz indi dә o qәrar üzrә icra olunmaqdadır. Bu hürriyyәt әsrindә belә әdalәtsizliyә baxdıqda ürәyimiz qan ilә dolur vә daha artıq sükunәti-ixtiyar etmәyә tab gәtirmәyib, qәlәmә әl uzadırıq. Hәqiqәtdә bizim diriliyimiz, mayeyi-hәyatımız vә eyş-işrәtimiz bu qara rәiyyәt adlanan güruhun pürmәşәqqәt zәhmәtinә bağlıdır. Bunlar bizә maddi tәrәfdәn rahatlıq, әmniyyәt vә asayiş verdiklәri kimi, zindәganlığımıza lazım olan mayehtiyacı mühәyya qıldıqları kimi, biz dә әvәzindә borcluyuq ki, bunlara ruhaniyyәt vә mәnәviyyat cәhәtincә qulluq edәk, bunların haqqında olunan zülm vә sitәmi dәf edәk, ruhlarının vә ağıllarının tәrәqqi vә tәrbiyәsinә sәrfi-hümmәt göstәrәk.
Amma mәtәәssüf öz borclarımızı nәinki layiqincә әda etmirik, hәtta küfrannemәt izhar edib, sağmal inәyimizin boğazına pıçaq sürtәnlәrә kәnardan arxayın tamaşa edirik.
Zakir öz әsrindә rәiyyәt tayfasını çapıb talan edәn firqәlәri kәlamında tәdad edib, әvvәlinci mәrtәbәdә ruhani sinfini qoyur vә onların haqqında çox danışıqdan sonra mühәssili-kәlamda deyir:
Vaiz bizә oxur şәri-Mustafa,
Hәrama mürtәkib olmayın әsla,
Özü lüm-lüm udar batindә, әmma
Zahirdә dediyi mәnayә bir bax.
Bundan aşkar görünür ki, millәtin ruhani ataları -- mollalar millәtin avamlıqda qalmaqlarından nәfbәrdar olub, zahirdә dediklәrinә batindә әmәl etmirlәrmiş vә şәriәtin hökmünü pozan әn әvvәl özlәri olurmuş. Bu qisim mollalar ola bilәr ki, Zakirin vaxtında artıq imiş, amma onların toxumu kәsilmәyibdir. Bizim vaxtımızda dәxi az deyil.
Şair ikinci mәrtәbәdә divan әmәlәsini qoyub, onların barәsindә dә xeyli danışdıqdan sonra deyir:
Dolanır bazarı darğa, kvartal,
Döyülür sifәtlәr, yolunur saqqal,
Gecә get cibinә beş-on manat sal,
Gündüz gәlib nırxa, bahayә bir bax.
Vә özgә bir yerdә nәticәyi-kәlamda deyir:
Divan demә hәrgiz buna kim, adәti-candır,
Bir mәn demәdim nola ki, mәşhuri-cahandır.
Zakirin vaxtında divan әhli sifәtlәri döyüb vә saqqalları yolmaqla ciblәrini doldururmuşlarsa, bizim vaxtımızda dәxi geri qalmırlar vә bәlkә xilafi-zakon işlәr ilә keçmiş divan әhlinә bizimkilәr rәhmәt oxutdurur. Bu noyabrın 7 vә 8-ci günlәrindә südebni palatın şöbәsi Gәncәdә ağa pristavların: Bәhram bәy Cavanşirin, İvan Yaralovun, Andriyan Parfiyenkonun vә Mixail Parçinskinin xilafi-zakon işlәrinә baxıb, hәr birisini öz cәzasını çәkmәyә tәnbeh qәrar qoymuşdur.
Pristav ağaların xilafi-zakon işlәri rüşvәt almaq vә adam döymәk olubdur. Hәr yerdә döyülәn vә rüşvәt alınan müsәlman olubdur. Әlbәttә, bu әsrdә müsәlmandan başqa rüşvәt vermәyi vә döyülmәyi heç bir millәt özünә qәbul etmәz. Bu cәnablardan intiqam vә qisas almaq üçün Mixail Parçinski Zәngәzur uyezdindә Mәşәdi Abdulla Mәşәdi Allahverdi oğlunu vә Allahqulu Hәzrәtqulu oğlunu kәndir ilә boyunlarından ağaca sarıtdırıb vә çıplaq soyundurub, dal tәrәflәrinә qamçı ilә o ki var döydürübdür. Vә rüşvәt almağının da hesabı yoxdur. Doğrusu ki, Parçinski kimi әxlaqsız vә dәni bir adamın müsәlmanların haqqında göstәrdiyi zülm vә intiqam bizi ürәkdәn incitdi.
Parçinskinin kim vә nә әmәlin sahibi olduğunu İrәvan müsәlmanları yaxşı tanıyırlar. O intiqamın nәdәn nәşәt etdiyini zaiqәyә tapşırsınlar. Budur bizim müsәlmanların halı....
Gәlәcәkdәki mәqalәmizdә mәrhum Qasımbәy Zakirin rәiyyәt tayfasına cövr vә sitәm edәn sair firqәlәrin barәsindә yazdığı şerlәrdәn danışıb әsil mәtlәbә keçәcәyik.
2
Qarabağın şairi-binәziri mәrhum Qasımbәy Zakir kәnd әhlinin qanını sorub, malını insafsızca qarәt edәnlәrin cümlәsindәn üçüncü mәqamda alış-veriş adamlarını vә tüccar sinfini qoyub, onların vәsfindә deyir:
Sәhra mәrdümünü şәhr әhli görcәk
Yalvarıb, yapışıb oturdur çömlәk.
Beş arşında sürüşdürür üç çәrәk,
Tacirә seyr eylә, sövdayә bir bax.
Baqqal qoyar tәrәziyә imanın,
Әsәl qiymәtinә satar ayranın,
Qudurmuş it kimi dalar hәr yanın,
Deyәr yoxdur Ali-әbayә bir bax.
Söz yoxdur ki, alış-veriş әhli vә tüccar qismi tәbiәtlәrinin tәqazasına görә, hәr millәtin içindә olacaq olsun, bir növ tamahkar, hәris vә xәsis olurlar vә öz mallarını baha qiymәtә satmaq üçün yüz cür fәn vә әmәllәr işlәdirlәr. Bu yolda xaricilәr arasında bizimkilәrә sәbqәt edәnlәr az deyil. Tәfavüq ancaq bundadır ki, bizim tüccarlar mәrhum Mirzә Fәtәlinin Hacı Qarası kimi aciz, qorxaq vә kәmcürәt olub, mәhz öz yaxın qonşularını, din qardaşlarını vә әtraflarında olan әlsiz-ayaqsız, kasıb vә yoxsul kәnd әhlini soymağa iktifa edirlәr vә beş arşın çürük bezlәrini satmaq üçün on dәfә peyğәmbәrә, imama vә getdiklәri hәccә and içirlәr. Vә bu qisim insafdan dişarı vә xilafi-şәr yolu ilә tәhsil qıldıqları dövlәtdәn axırda nә özlәri bәhrәdar olurlar vә nә dә qeyrilәrә, yәni soyulanlara bir mәnfәәt yetişir, "Yel ilә gәlәn, sel ilә gedir". Әksәr övqat haciyi-qeyri-nacinin dövlәti Hacı Qaranın dövlәti kimi hәdәr gedir.
Amma sair millәtin alış-veriş adamları bizimkilәrә oxşamır: onlar işlәrini bünövrәli vә әsaslı götürüb, mal ilә mәtahlarını qeyri tayfalar arasında intişar etmәyә sәy qılırlar vә bu nәhvlәri ilә mal vә dövlәti dәxi özgә millәtlәrdәn qazanıb, lazım olan mәqamlarda öz millәtlәrinin xeyrinә vә rәfi-ehtiyacına sәrf edirlәr. Ermәni tayfasının cәmiyyәti-xeyriyyәlәrinә ermәni tüccar vә bәzirganının kassalarından on minlәrcә vә yüz minlәrcә pul daxil olmasına gәrәk şübhә olunmasın.
Sövdagәr vә alış-veriş әhlinin zәmmindәn sonra şair xanzadә vә nücәba sinfinә әtfi-kәlam edib, onların әleyhindә yazır:
Hәddәn aşıb bu viladә şәrarәt,
Hәr kim bir iş görә puluna minnәt.
Mu qәdәri yoxdur әdlü әdalәt,
Vә lakin şöhrәti-bicayә bir bax.
Böyüklәrin işi deyil demәli,
Dәnidәn betәrdir felü әmәli,
Belә görmәmişdik bundan әzәli,
İndi karü bari-rüsvayә bir bax.
Xanzadәlәr şişә taxar rәyәti,
Özlәrinin deyil malü dövlәti,
Oda tәpәr harda düşsә fürsәti,
Mujikә seyr eylә, ağayә bir bax.
Palajenya nәqli ta olub möhkәm;
Gәrәk bәy azalda zülmün dәmadәm,
Dәxi dә artırar bu әhli-biqәm,
Yanında çalınan zurnayә bir bax.
Piranәsәrlikdә mәn oldum rüsva,
Düzәlmәdi işlәr, cana yetdim ta,
Gör nә oyun tutdu, әzizim Mirza,
Zakira, tәqdiri-qәzayә bir bax.
Zakir özü Qarabağın xass-xalis nücәbalarından ola-ola öz hәmsinfinin ayıb vә qüsurunu belә açıq mәrdanә vә şairanә söylәmәyi, әlbәttә, şayani-tәhsindir. İmperator Aleksandr sani 1861-ci ildә fevral ayının 19-cu günündә verdiyi fәrmani-hümayunu ilә Rusiyada olan cәmi rәiyyәt tayfasını mülkәdar ağaların cövr vә sitәmindәn xilas elәdi. Bu fәrmanın zühuru ilә әlli-altmış milyon rus әkinçilәrinin üstünә guya tәzә bir gün doğdu. Bir il bundan sonra Zaqafqaziyada olan rәiyyәtlәri haqqında dәxi tәzә polojeniya qәrardad olundu. Bu polojeniyanın hökmüncә bizim ağaların bir para hәddi-tәcavüz edәn ixtiyarları geri alınıb, zülm vә tәәddi әllәri qısalandı. Hәr iki sinfin mabeynindә guya bir növ sülh vә xoşrәftarlıq binası tәsis olundu. Vә lakin Zaqafqaziyanın sair yerlәrindә polojeniyanın hökmünә az-çox әmәl olunursa da, bizim yerdә olunmadı. Necә ki, Zakir yazır: Polojeniya hökmü sadir olandan sonra zülm etmәyә metad olan "bu qövmi-biqәm" dәxi dә öz zülmlәrini artırıb, rәiyyәt tayfasını bicürmü günah şişә taxıb yandırarlarmış. Şair onlarıi bu sayaq zülmkar, biar vә bәdşüur olmaqlarından nalә vә fәryad edib, hali-dilini dusti-әzizi olan Mirzә Fәtәli Axundova yazmışdır.
Zakirin әsrindәn bu ana qәdәr qırx beş-әlli sәnә gәlib keçibdir. Bu müddәtin әrzindә әcnәbi millәtlәr vә bizdәn çox geridә olan qövm vә tayfalar bizi basmıyıb qabağa keçiblәr. Çünki hamıdan artıq rәiyyәtin әlinin zәhmәti ilә asudә mürәffә hal dolanan onlardır vә lakin çox heyf olsun ki, bizim alinәsәb ağazadә vә xanzadәlәrimiz bu mәsәlәyә başqa nәzәr ilә baxıb, rәiyyәt tayfasının hәmişә vәhşi halında vә zülmәt alәmindә qalmaqlarını özlәri üçün eyni-sәlah görüblәr; ta ki, onların avamlığı ilә nәfbәrdar olub mәrifәt ... işığının vә elm nurunun onların içinә daxil olmasına sәdd çәkib, mәmanәәt göstәriblәr vә әlan göstәrmәkdәdirlәr.
"Qarğalar laçın olub, laçınlar qarğalanıb". Bu müddәti-mәdiddә rәiyyәt tayfasının güzәranı vә övzai-mәişәti dәyişilib, üsrәtdәn-yüsrәtә mübәddәl olmayıb, gәlә-gәlә fәqir vә zillәtә düçar olmaqdadırlar. Әlbәttә, cümlәdәn ziyada onların qeydinә qalan vә oduna yanan gәrәk mülkәdar bәylәr vә ağalar olaydı, hamıdan artıq gәrәk onlar çalışıb öz rәiyyәtlәri arasında elm vә bilik intişar edәydilәr.
Neçә vaxt bundan müqәddәm hәqir böyük bir mülkәdar bәy ilә dәhat әhlinin cәhalәt vә avamlığından bәhs edib ona mәslәhәt üzü ilә tәklif elәdim ki, öz kәndindә rәiyyәt uşaqlarının tәlimi üçün bir tәb açdırsın.
Bizim bu tәklifimizdәn cәnab bәy mütәğәyyir-hal olub, itab ilә cavabında bizә dedi ki, filankәs, sәn nahaq yerә belә sözlәri bizim camaatın içindә danışırsan vә aralarına iğtişaş salırsan. Rәiyyәt tayfasına oxumaq-yazmaq nә lazımdır. Sözün doğrusunu bilmәk istәyirsәn sәnә deyim: "Mәn heç vaxt istәmәrәm ki, mәnim rәiyyәtim elmli vә qanacaqlı olsun. Ondan mәnә vә övladıma nә fayda? Mәn әlan öz mülkümün içindә bir balaca padşaham, hәr nә istәyirәm, elәyirәm. Hәr qisim әmr mәndәn sadir olsa, tәbәәlәrim ona sözsüz, sualsız әmәl edirlәr. Onlar zәhmәt çәkir, işlәyir, mәn dә rahat yeyib padşah kimi dolanıram. Dünya başdan belә yaranıbdır: "Biri zәhmәt çәkib qazanır, biri dә rahat oturub yeyir". Kim istәr padşahlığını әldәn versin? Kim istәr öz mәmlәkәtindә elm oxutmaq ilә xәyanәtkar sosialistlәr әmәlә gәtirsin, fәsad toxumunu әksin?!"
Әlbәttә, sәrkarın bu batil etiqadda olmağı onun öz avamlığını dәxi göstәrir. İşin zahirini görüb, batininә elm yetirә bilmir vә düşünmür ki, camaatı hәmişә avamlıqda saxlamaq olmaz, anlamır ki, o, avamlıqda qaldığı halda әtrafdakılar elm sayәsindә tәrәqqi edib qabağa gedirlәr vә çox çәkmәz ki, ona hücum edib özünü, müstәmlәkatını vә avam tәbәәsini әjdaha kimi udub mәhv vә nabud edәcәklәr....
3
İrәliki mәqalәlәrimizdәn "Tәrәqqi"nin hörmәtli oxucuları gördülәr ki, әsillәrindәn o dәrәcәdә uzaqda vә kәnarda durmayıblar, necә ki, bizimkilәr durubdur. İntelligensiyamız ilә camaatımızın arasında dәrin vә gen bir dәrә vardır ki, hәr iki tәrәfi bir-birinә vasil etmәk üçün lazımdır yol açmaq vә körpü salmaq. Hәlә hәr bir tәrәfin "köçü dә ayrıdır, heçi dә". Tәlim vә tәrbiyә kәsb edәnlәrimiz kәnardan durub millәtimizә tamaşa edirlәr vә millәtin çirkinliyi, fәqirliyi vә avamlığı onları tәәccüb vә heyrәtә salır. Avam camaata gәldikdә o dәxi tәlim almışlarımıza vәhşiyanә baxıb onlardan bir yaxınlıq, bir mülayimәt vә münasibәt, hәqiqi bir iltifat vә müavinәt görmәyib dә kәnara çәkilir, onlardan hürkür. Tәrәflәrin yek-digәrinә yaxınlaşmağına hәlә bir vәsilә görünmәyir. Füzuli Bağdadinin kәlamını bir azacıq dәyişdirib, münasibi-hal demәk olar:
Bu ona fitnә, ol buna afәt,
Bu ona qüssә, ol buna möhnәt.
Mütәnәffir bu ondan, ol bundan,
Mütәnәkkir bu ondan, ol bundan.
Burada tamam sәhv vә xәta vә bәlkә günah, bizim әqidәmizә görә, intelligensiyadadır. Çünki bunlar millәtimizi özlәrindәn ayrı vә özlәrinә oxşamayam bir cismi-kәsif mәqamında tutub, ona yaxınlaşmağa meyl vә rәğbәt göstәrmirlәr vә kәnara çәkilib istәyirlәr ki, boş sözlәr ilә onun dәrdinә әlac elәsinlәr. Özlәrini hәr cәhәtdәn әşrәf vә әfzәl tutub, qara camaatın içinә qarışmağı özlәri üçün böyük eyib hesab edirlәr. Yuxarı mәrtәbәlәrindәn aşağı enmәyi kәsri-şan bilirlәr. Söz yoxdur ki, kәnarda durmaqla millәtin ehtiyacını vә dәrd-halını bilmәk olmaz Vә bilmәdiyi halda ona kömәk vermәk, dәrdinә әlac tapmaq vә onu haqqa irşad etmәk qeyri-mümkündür. Necә ki, tәbib naxoşun naxoşluğunu bilmәmiş buna müalicә etmәz, habelә dә bizim intelligensiyamız öz mәqamlarından tәnәzzül etmәmiş, millәtimizә qarışmamış, onunla müaşirәt vә müamilәt etmәmiş, onun nәfәs aldığı hava ilә tәnәffüs etmәmiş, onun şadlığına vә qәminә şәrik olmamış, onun cәhalәt mәrizlәrini öz yerindә bilafasilә tәhqiq vә tәcziyә etmәmiş vә üsuli-tәdavisinә lazım olan dәrmanları istemal qılmamış millәtә hәqiqi kömәk edә bilmәzlәr vә millәt dәxi get-gedә daha da artıcaq pozğun hala vә möhlik mәrәzlәrә düçar olub, әlindә olan miknәt vә sәrvәti zay edәcәkdir vә çobanı itmiş qoyun sürüsü kimi zar vә sәrgәrdan qalıb, axırda әcnәbilәr әlindә әsir vә hәr qisim zülm vә bәlalәrә giriftar olacaqdır....
Hәr bir şeyin başı mәhәbbәtdir. Hәr bir şeyi cünbüş vә hәrәkәtә gәtirәn, hәr bir şeyә dirilik vә zinәt verәn mәhәbbәtdir. Bu hissi-ali isә bizim intelligensiyamızın ürәyindә yoxdur. Vә necә ki, mәhәbbәt çeşmәsi onların qәlbindә açılmayacaqdır, onun hәyatbәxş suyu damarlarında cәrәyan etmәyәcәkdir, intelligensiyamız özlәrini kәnarda saxlayıb, millәtin dәrdlәrinә vә qisim-qisim fәlakәtlәrә düçar olmasına tamaşaçı olacaqlar.
Bilirәm ki, bizә bu barәdә irad olunacaqdır ki, filankәs, sәhv edirsiniz, bu halda millәtin dәrdinә qalan vә oduna yanan az-çox var isә dә yenә bizim millәt xadimlәrimiz vardır ki, onların vücudunu inkar etmәyә haqqımız yoxdur. Onlar da olmasa vay bizim halımıza; amma bizim dediyimiz bu beş-on nәfәr deyil! Beş-on nәfәrdәn intelligensiya әmәlә gәlmәz, biz çoxu nәzәrdә tuturuq. Әgәr desәlәr ki, çoxunun da hәmişә danışdıqları millәt sözüdür, cavabında sözümüz bu olacaqdır ki, quru millәtpәrәst iddiasında olub, onun dәrdlәrinә mәhz söz ilә kömәk etmәyә biz әsla qiymәt vermirik.
Keçmişdә "millәt" sözü bizim dilimizdә az işlәnәrdi vә işlәndikdә nifrәtamiz bir mәnanı ifadә edәrdi. Bir müslim qeyri bir müslimi hiylә vә tәzvir damına giriftar etdikdә tora düşәn nifrәt vә kәrahәtlә fәryad edib deyirdi: "Belә dә millәt olarmı, a kişi?" Amma indi elә bir zaman yetişibdir ki, onun tәqazasına görә millәt sözü "modnı" bir lәfz olubdur ki, onun әsil mәnasını layiqincә dәrk etmәyәnlәr dәxi mövqesiz vә ehtiyacsız onu istemal edirlәr. Әlbәttә, bunlar tamamәn hәrfdir, әhli-hal onun bahasına bir qara pul da vermәz. Bu qәbil millәtpәrәstlәr "Tәrәqqi"nin "Gәncәli" müxbiri yazdığı millәtpәrәstlәr qismindәndir ki, gah da bir Bazarbaşı adlanan yerdә cәm olub, başqa bir söz tapmayıb, "millәt sözü" danışırlar vә sonra xanәlәrinә istirahәt üçün çәkilirlәr vә millәt, millәt demәklә istәyirlәr onu qabağa aparsınlar. Әdiblәrimizdәn möhtәrәm Әbdürrәhimbәy Haqverdiyev "Millәt dostları" ünvanında yazdığı müxtәsәr hekayә yalançı millәt dostlarının dolanacağından gözәlcә vә tәrtәzәcә bir nümunәdir. Bu halda hәtta millәtin dәrisini soyan adamlar da millәtpәrәstlikdәn dәm vurub, millәt belә gәldi, millәt belә getdi deyirlәr. Bunların söylәdiklәrinә inanmaq zәhi sadәlövhlük deyilmi? Bunların haqqında mәrhum Hacı Seyid Әzim demişdir:
Qeyrәti-millәti bәhanә qılır,
Gündә xalq içrә yüz fәsanә qılır.