Məzmuna keç

Məişətimizə dair (1908-1909)

Vikimənbə saytından
Məişətimizə dair (1908-1909)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


1
 
Karvan rәfto to dәr xabo biyaban dәr piş
Key rәvi, rәh ze ke porsi, çe koni, çun başi? [1]
 
[1] Tərcüməsi:
 
Karvan getdi, sən yatmısan, qarşıda biyaban var.
Nə vaxt gedəcəksən, kimdən yolu öyrənəcəksən, nə edəcəksən, necə olacaqsan?
 
Xacә Hafiz Şirazinin bu beyti övqati-әzizәsini qәflәt vә bәtalәtdә keçirmiş bir nәfsi-vahidin fәna halını bәyan etdiyi kimi, bütün bir qövm vә tayfanın vә hәtta bir millәtin qәflәtdәn bidarı vә tәnbihәsi üçün hikmәt üzü ilә yazılmışdır, -- desәk, xәta olmaz. Bәhәrtәqdir zamani-hazırda bu beytin mәalı bizim hal vә şanımıza vә övzayi-әhvalımıza әn münasib, әn müvafiq gәlir.
 
Milәli-müxtәlifә tәrәqqi vә tәmәddün yolunda sәy vә tәlaşı, rәnc vә zәhmәti istirahәt vә qәflәtә tәrcih verib, elm vә bilik sayәsindә irәli gediblәr. Övzayi-mәişәtlәri elә bir münsiq vә münәzzәm qaydaya düşübdür ki, gün-gündәn qabağa getmәyә şәkk qalmır. Biz müsәlmanlara gәldikdә, biz bәşәriyyәt karvanının qatarından üzülmüş yorunuq dәvә kimi bir yerdә qalıb, uzun dәhrlәri xabi-qәflәtdә keçirmişik. Bu halda әtrafımızda vüquә gәlәn hadisat, әlamat, gurultu, nәrilti vә hürriyyәt yolunda olan vuruşma vә çırpışma bizi dә bir növ yuxudan oyadıbdır, gözümüzü açıb görürük ki, karvan çoxdan gәlib kedibdir. Qabaqda vәsi bir biyaban, yolu getmәyә nә dizdә taqәt vә nә dә ürәkdә hünәr, nә qәlbdә mәtanәt vә nә dә mәnzurda bir rәhbәr vә dәlil! Odur ki, Xacә Hafiz bizim kimi qәflәt yuxusunda vaxtını keçirmiş bir millәtә xitabәn deyir: "Key rәvi, rәh ze ke porsi, çe koni, çun başi?". Yəni yolu nə vaxt gedəcəksən? Səni xabda qoyub kecən karvanən sorağın? kimdən soracaqsan? Nə eləyəcəksən? Basına nə carə qılacaqsan?....
 
Filhәqiqә heç bir millәt mәdәniyyәt alәmindәn, elm, mәrifәt nurundan bizim kimi uzaq düşmәyibdir. Heç bir millәtin, heç bir qövm vә tayfanın üstündә o qәdәr ağır tәkliflәr vә çәtin mәsәlәlәr yığılıb qalmayıbdır, nә qәdәr ki, biz müsәlmanların üstündә qalıbdır. Qonşularımız öz dolanacaqlarına, mәişәti-ümumiyyәlәrinә aid hәr qisim mәsәlәlәr törәtdikcә vaxtın tәqazasına müvafiq ittifaqla tәhqiq vә tәdqiq etdikdәn sonra әmәl ediblәr. Sonra qeyri mәsәlәlәrin halına vә qeyri ehtiyacların rәfinә sәrfi-hümmәt ediblәr. Hәr bir mәsәlәni öz vaxtında, hәr bir ehtiyacı zühuru әsnasında tәhlil vә tәshil qılıblar.
 
Biz isә.... Biz indiyә kimi ümumi işlәrimizә dair bir mәsәlәni layiqincә hәll etmәmişik, milli ehtiyaclarımızdan birisini dә rәf qılmamışıq, ümumi qüsurlarımızdan birisini dә tәshih elәmәmişik, köhnә ehtiyaclarımız tәzәsinә vә tәzәlәri köhnәsinә qarışıb cümlәsi tәzә hökmündәdir.
 
İyirmi-otuz sәnә bundan müqәddәm mәrhum Hәsәnbәy Zәrdabi "Әkinçi" qәzetәsindә atәşli dil ilә yazdığı ehtiyaclarımız, on sәnә bundan irәli müdiri-möhtәrәmimiz Әhmәdbәy Ağayev "Kaspi" ruznamәsindә mәhәlli-müzakirәyә qoyduğu mühüm mәsәlәlәrimiz, ümum qüsur vә nöqsanlarımız indi dә irәliki sayaqda vә qәdimki halında qalıbdır. Heç bir işimiz rövnәq tapmayıbdır, layiqincә nizam vә qaydaya düşmәyibdir. Nәbati demişkәn: "Hәlә lәng, lәng, lәngdir".
 
Bu süstlüyә, bu acizliyә, bu bir nöqtә üzrә donub qalmağa ümdә sәbәb, necә ki, irәliki mәqalәlәrimizdә dәxi zikr etmişdik, camaatımızı tәşkil edәn hәr bir sinfin öz darca vә qaranlıq dairәsindә güzәran etmәyi olubdur, hәr bir firqәnin öz mәxsusi kar-barının, nәf vә sәlahının vә dolanacağının dalınca tәlaş etmәsi olubdur. Rәyasәt vә hörmәt iddiasında olan ruhani ataların vә alicәmab ağaların hirsi, qәrәzi, tamahı vә kütahbeyinliyi olubdur.
 
Millәt qeydinә qalan, camaat nәf vә sәlahını mülahizә edәn, onun dәrd vә mәrәzlәrinә çarә axtaran olmayıbdır. Atalardan qalma ittihad vә ittifaqa mәxsus gözәl mәsәllәr unudulub, nifaq vә ixtilafa mәnsub olanları: "El üçün ağlayan gözsüz qalar", ya "Mәndәn ötdü yoldaşıma dәydi -- guya ki, saman çuvalına dәydi" kimilәri dәrguş olubdur vә müsәlman qardaşlar onların mәzmununca yek-digәri ilә rәftar etmәkdәdirlәr.
 
Bu minval üzrә bizlәr öz dairәmizdәn kәnara çıxmayıb, bir-birimizә tәlә qurub, şәxsi mәnfәәtimiz üçün bir-birimizin ayağını çәkmәkdә, bir-birimizә quyu qazmaqda ikәn qeyri millәtlәr gәlib bizi tapdalayıb keçib gediblәr.
 
Qәzetәmizdә "Ordan-burdan" yazan "Filankәs"in zarafatyana yazdığı sözlәri hәr halda qәribliyә salmaq olmaz.
 
Bizlәr uzun-uzadı xabi-istirahәtә mәşğul ikәn qonşularımız hünәr vә mәrifәt kәsb edib "fil" yaradıblar. İndi biz nәinki fil, hәtta siçan qayırmaqda dәxi aciz vә bacarıqsızıq. Bacarıqsız olduğumuz hәr mәqamda vә hәr qәdәmdә büruzә çıxır.
 
"Filankәs"in sözünün haqq olmasına "Novosti Zaqafqaziya" qәzetәsinin Naxçıvan müxbiri yazdığı fәqәrә şәhadәt verir.
 
Әhvalat bu üzrәdir ki, Naxçıvan nücәba vә rәislәri Naxçıvanda progimnaziya açmaq xәyalına düşürlәr. Çox gözәl niyyәt!
 
Naxçıvan İrәvan şәhәrindәn yüz әlli verst kәnardadır. Onun yaxınlığında Ordubad, Culfa, Şahtaxtı, Әylis kimi әhalisi çox mәrkәzlәr olduğuna binaәn bu yerlәrin xalqı, әlbәttә, uşaqlarını Naxçıvan progimnaziyasına tәlim almağa qoyarlar, bir dә İrәvana göndәrmәzlәr vә gәlәcәkdә progimnaziya gimnaziyaya dәxi tәbdil ola bilәr. Qәrәz, sözümüz burada deyil. Bu mәsәlәni hәll etmәk üçün şәhәrin böyüklәri vә başbilәnlәri kәrrat ilә biçarә әhalini mәslәhәt vә mәşvәrәtә toplayırlar, hәr dәfә dә mәclisә cәm olanlar danışıb-danışıb öz işlәrinin dalınca gedir, bu xeyir işin xatirәsi üçün Naxçıvanda sabiqdә uyezdni naçalnik olanlardan birisini şәhәrdә qiraәtxana açmaq üçün yığdığı beş min manatı da kargüzarlar yәditәsәrrüflәrinә alır ki, mәnzurәdә olan progimnaziyanın ehtiyacatına sәrf etsinlәr.
 
Әfsus ki, o vaxtdan indiyәdәk hәr yerdә çox işlәr olubdur, çox sular axıbdır; amma Naxçıvanda bu hala kimi nә progimnaziyadan bir xәbәr vә nә puldan bir әsәr var....
 
İş bu hal üzrә ikәn progimnaziya açmaq xәyalına düşәn cәnablar şәhәrdә çoxdan bәri açılmış iki sinifli rus-müsәlman şkolasının bir klasının pulsuzluqdan bağlanmağını, mübtәdilәr üçün güşad olunmuş pansionun yenә pulsuzluqdan qapanmağını vә şәhәr mәktәbindәn (qorodskoy şkoladan) müәllimlәrin pulsuzluqdan qaçmağını görmәk istәmirlәr.
 
Burada doğrudan da demәk olur ki, naxçıvanlıların hәzar zәhmәti ilә qayırdıqları "siçanı" bimürüvvәt pişik qәflәtәn sıçrayıb yeyir. Bizim, camaat, işlәrimiz hәr yerdә bu sayaq ilә getmәkdәdir.
 
Bәs nә elәmәk, nә çarә qılmaq? Bu suala gәlәcәk mәqalәmizdә cavab verәrik.
 
2
 
İrәliki mәqalәnin axırında qoyduğumuz suala cavab verib bunu demәk istәyirik ki, biz müsәlmanlar ki, yenicә qәflәtdәn ayılmağa, tәrpәnib hәrәkәt etmәyә meyl vә rәğbәt göstәririk, yenicә mәnәvi hәyata övdәt etmәk asarı bizlәrdә müşahidә olunur.
 
Әn әvvәl lazım olan budur ki, öz ehtiyacatımızı dürüst bilib, tәdriclә bunların rәfinә çalışaq. Mәrәzi-millimizi diqqәti-tam ilә tәhqiq edib üsuli-tәdavisinә mәşğul olaq, tәrәqqi vә tәmәddünümüzә bais olan alat vә әsbabın cәm vә tәdarükünә sәrfi-hümmәt edib, hәmәvaxt aramsız sәy vә tәlaşda, iztirab vә tәşvişdә olaq, ta ki, bizi qәflәt yuxusunda qoyub, tәyy-mәnazil edәn karvana vasil olaq.
 
Әlbәttә, birdәn-birә quş olub havada uçmaq olmaz!
 
İndiyә kimi vaxtını kәsalәt vә bәtalәtdә keçirmiş heç bir şeyi özündәn ixtira etmәmiş, heç bir şeyi vücuda gәtirmәmiş bir tayfaya nәinki havada uçmaq, bәlkә quruda da rast vә möhkәm yerimәk әvvәl dәfәlәrdә çәtin olacaqdır.
 
Bu halımızda nәinki "fil" yaratmaq vә xariqüladә bir şey әmәlә gәtirmәk, bәlkә siçan misilli balaca şeylәr dә törәtmәk bizә müşkül olacaqdır. Lakin hәr şeyi--ağla vә zәhmәtә, hümmәt vә qeyrәtә tabe olduğu üçün--bir tәrәfdәn hümmәt vә qeyrәtlә, digәr tәrәfdәn dә, ağıl, elm vә nuri-mәrifәt ilә az vaxtın zәrfindә çox hünәrlәr meydana gәtirmәk olar, çox şeylәrә müvәffәq olmaq mümkündür. Bunun imsalı, yәni adı-sanı, hörmәti vә qüvvәti olmayan bir qövm vә tayfanın, müddәti-mütәmadi ömrünü zillәt vә qәflәtdә keçirmiş bir millәtin ayılıb, az vaxtda tәrәqqi etmәsi, şan vә hörmәt, mal vә dövlәt kәsb etmәsi tarixdә görünmüşdür. Uzağa getmәyib vә Yaponiya kimi bizdәn bәid olan bir dövlәtin azacıq vaxtda sürәtlә tәrәqqi tapmasını kәnarda qoyub, öz qonşumuz ermәni tayfasının bu axır vaxtlardan bәri, iyirmi-otuz ilin müddәtindә vüquә gәlәn ittihad vә ittifaqlarına, tәrәqqi vә tәmәddünlәrinә diqqәt yetirsәk, yәqin edәrik ki, hәr bir şey hümmәt vә qeyrәtә, elm vә biliyә bağlıdır. Dünyada elә bir şey yoxdur ki, mükәrrәm vә müәzzәz yaranmış, әqli-sәlim ilә müәyyid olmuş insanın qüdrәt vә bacarırından xaric olsun....
 
İndi mәqalәnin baş mәtlәbinә rücu edib deyә bilәrik ki, mәrәzlәrimiz çox isә dә, onların ümdәsi vә mühliki cәhalәt vә nadanlıqdır. Onun doğru vә hәqiqi müalicәsi elm vә tәrbiyәdir. Ona binaәn hal-hazırda hәr şeydәn artıq ehtiyacımız elm vә әdәbәdir, mәrifәt vә kәmaladır ki, bunları tәhsil etmәmiş mәişәtimizi qayda vә nizama salmayacağıq.
 
Bu mәrәz, yәni cәhalәt tәzә mәrәzlәrdәn deyil, çox zamandan bәridir ki, bәdәnimizә sirişt vә ruhumuza qalib olubdur. Bu o mәrәzdir ki, Seyid Şirvani onun әlindәn fәryad edib, rüәsayi-millәtә hali-dilini söylәmişdir:
 
Dadü fәryad, ey güruhi-üzam,
Oldu zaye bu millәti-islam.
Günü gündәn zәlilü xar oluruq,
Möhnәtü qüssәyә düçar oluruq.
Bu qәdәr dәrd kim, olur hadis,
Ona bielmlik olur bais,
Bir bәladır bu dәrdi-nadani
Ki, onun elm olubdu dәrmani.
 
Mәrhum Seyid dәxi bu mәrәzin illәtini elmsizlikdә vә çarәsini elm tәhsil etmәkdә görüb izhari-tәәccüb edir ki, nә üçün bu mәrәzin, yәni biçarә vә sahibsiz millәtin sәhhәtinә çalışan vә can yandıran yoxdur.
 
Bu tәәccübdür, ey güruhi-bәşәr,
Bir kişi yatsa, naxoş olsa әgәr,
Axtarır bir tәbibi-danadil,
Ta ki, söhbәt ona ola hasil.
İndi naxoşdu millәti-islam,
Ona lazımdır eylәmәk әncam.
Dәrdimizdir bu dәrdi-nadanlıq
Ki, tutubdur bizi pәrişanlıq.
Qeyrilәr istәyir tәrәqqiyi-tam,
Qaldı zillәtdә firqeyi-islam....
 
Aya, kimlәr vә nә vәsilәlәr ilә millәtimizin bu naxoşluğuna gәrәk müalicә elәsinlәr vә onları cәhalәt qaranlığından elm vә mәrifәt işığına çıxartsınlar? Bu xüsusda gәlәcәk mәqalәmizdә danışarıq.
 
3
 
MÜӘLLİMLӘRİMİZ VӘ ONLARIN HALI
 
Ruhani atalardan sonra cәhalәti-millәt ilә müttәsil cәngә müsәmmәm olan, elm vә maarif qapılarını millәt üzünә açan ikinci firqә hәr millәtin içindә müәllimlәr firqәsi olubdur. Müәllimlәrin sәyi vә qeyrәti sayәsindә çox qövm vә tayfalar xoşbәxt olub ağ günә çıxıblar, şan vә hörmәt qazanıblar, dövlәt vә qüvvәt kәsb ediblәr. Keçәn on doqquzuncu әsrin 70-ci sәnәsindә almanların firәnglәrә qalib gәlmәyi onların müәllimlәrinә isnad olduğunu tәsdiq edib, qәti surәtdә deyә bilәrik ki, milәli-müxtәlifә arasında hәr zaman vә mәkanda vüquә gәlәn hәr qisim dava vә müharibәlәrdә xah siyasi olsun, xah iqtisadi vә xah qeyri, qalib gәlәn tәrәf müәllimlәri sayәsindә nüsrәt tapmışlar vә qalib gәlmişlәr. Bu bir vazeh әmr olduğu üçün bu barәdә artıq danışmağı lazım görmürük. Vәli biz Rusiya müsәlmanları müddәti-mәdid müәllimsiz vә mürәbbisiz qalıb, tәrәqqi yoluna salik olan mütәmәddin millәtlәrin qatarından üzülüb geridә qalmışıq. Uzun müddәtlәr әbnayi-millәtә qaydasınca tәlim vә tәrbiyә verәn müәllimlәrimiz olmadığına görә belә pәrişan hala düşmüşük.
 
İyirmi beş-otuz sәnә bundan müqәddәm övladımızın tәrbiyә vә tәlimi bilkülliyyә üsuli-tәlimdәn bixәbәr vә adabi-tәrbiyәdәn bihissә olan mәktәbdarların әlindә idi. Әtfali-müslimin gözәl ömrlәrini qaranlıq vә nizamsız mәktәblәr güncündә, quru hәsirlәr üstündә keçirib, neçә sәnәlәr әrzindә çox az vә heç şeyә yaramayan biliklәr kәsb etmәyә qadir olurdular. Tәlim vә tәdris üçün ana dilimizdә kitablarımız olmadığına görә müәllim әfәndilәr fars vә әrәbdәn hansı kitabı xoşlasa idilәr, şagirdlәrinә ondan dәrs verәrdilәr.
 
Milli mәktәblәrimizin pәrişan halını vә üsuli-tәdrisin biüsul vә binizam olduğunu, tәlim kitablarımızın tәrifini o vaxtın şairi-binәziri Hacı Seyid Әzim Şirvani әdibanә nәzmә çәkmişdir ki, onlar ilә oxucularımızı münasib mәqal olduğu üçün aşina etmәyi lazım gördük. Şair mәrhum Hәsәnbәy Mәlikova xitabәn yazmışdır:
 
Mәhsina! Ey fәda olum sәnә mәn.
Etdiyin fikri-bikrә sәd әhsәn!
Bilmәyәn yoxdu kim, bu mәnanı--
Tәrbiyәt kamil eylәr insanı.
Tutalım, gәldik әmrә mәrdanә,
Baxmadıq tәnü lәni-nadanә.
Tutalım, eylәdik bu әmrә tifaq,
Tәrbiyәt biz gәrәk ki, kimdәn alaq?
Hansı mәktәbdә fövci-әtfali
Hansı bir elmdәn edәk hali?
Mәktәbi-tibb, ya ki, hikmәtdәn,
Ya ki, hәrbiyyә, ya ki, hirfәtdәn?
Necә kim, ol "Vәkili-namәlum"
Eylәmişdi bu nüktәni mәrqum.
Әvvәla, bizdә yox o mәktәblәr
Ki, verә kәsbi-elmi xalqa sәmәr.
Nә o gunә kitablәr әlan
Ki, ola öz lisanımızda bәyan.
Bizә hasil nә şey olur yoxdan
Ki, itibdir kitabımız çoxdan.
Hanı bizdә "Xülasә"nin sәmәri?
Hanı "Cәbrül-müqabil"in xәbәri?
Sәhl dillәrdә elmi-heyәt yox,
Cәmü tәfriqü zәrbü qismәt yox.
Nә tәqiyyә, budur sözün safi,
Küfrdür bizdә elmi-coğrafi.
Elm evi oldu ol zaman bәrbad
Ki, etdi rehlәt xәlfeyi-Bağdad.
Hәr vilayәtdә var beş-on mәktәb,
Edirik kәsb onda elmü әdәb.
Mәktәbin fәrşi altı köhnә hәsir.
Neçә әtfali-müztәr onda әsir.
Dәrsimizdi kitabi--"Gürbәvü muş",
"Nәqli-hәmdunә", "Qisseyi-xәrguş".
Oxuruq çox tәrәqqi etsәk әgәr,
Cümlә "Tarixi-Nadir"i әzbәr.
Bixәbәr elmi-paki-hikmәtdәn,
Bisәmәr cadeyi-şәriәtdәn....
 
Keyfiyyәti-hal bu qәrar üzrә olduqda, tәlim vә tәdris işlәri belә çәtin vә narәftә yollar ilә getdikdә, әlbәttә, millәtin ruhani tәrәqqisi, elm vә biliyi, mәrifәt vә kamalı artıq dәrәcәdә ola bilmәzdi. Amma bununla belә bu övzasi dağınıq olan mәktәblәrdә zәif halda olmuş olsa da, mәrifәt işığı görsәnirdi. Bu mәktәblәrdәn Qasımbәy Zakir, Abdullabәy Asi, Hacı Seyid Әzim Şirvani, Mirzә Fәtәli Axundov, Kazım ağa Salik, İsmayılbәy Nakam, Mirzә Mehdi Naci vә qeyrilәri kimi xoş tәb şairlәr vә dәqiq әdiblәr hasilә gәlmişdir. Bu hal bir tәrәfdәn dә, söz yoxdur ki, millәtimizin qabili-mәrifәt vә sahibi-istedadi-cibilli olmağına şәhadәt verir.
 
1879-cu ildә, otuz sәnә bundan әvvәl Qori şәhәrindә xristian darülmüәlliminin cünbündә müsәlman şöbәsi açıldı vә iki sәnә bundan sonra 1881-ci ildәn bu darülmüәllimindәn tәrbiyә almış müsәlman müәllimlәri çıxmağa başlayır. Mübtәdilәrә üsuli-sövti ilә ki, "üsuli-cәdid" adı ilә mәşhurdur, tәlim vermәyin binasını Zaqafqaziya müsәlmanlarının içindә qoyan müsәlman şöbәsindә müәllimlik elmini tamam edәn cavanlar olubdur.
 
1881-ci sәnәdә kurs tamam edәn üç nәfәr şәxs üsuli-cәdidin qaydasını şöbәnin әvvәlinci naziri mütәvәffi Çernyayevskidәn әxz etmişlәr. Şöbәnin cünbündә tәrbiyә alan mübtәdilәrә üsuli-sövti ilә әvvәlcә dәrs verәn Çernyayevski özü olubdur. Çünki o vaxt üsuli-cәdidә bәlәd olan müәllim bir nәfәr isә dә müsәlmanlardan yox idi. Çernyayevski mübtәdilәrә verdiyi dәrslәrdәn mәşhur "Vәtәn dili" kitabçasını tәcrübә üzü ilә tәrtib qılmışdır.
 
Mәzkur üç nәfәr müәllimlәrdәn biri mәrhum Mirzә Әli Mәhәmmәd Xәlilov İrәvan quberniyasında, Naxçıvan şәhәrindә vә Baş Noraşen qәryәsindә, mәrhum Sәfәrәlibәy Vәlibәyov Gәncә quberniyasında, Şuşada vә cәnab Teymurbәy Bayramәlibәyov Lәnkәranda üsuli-cәdid ilә dәrs demәyin binasını qoymuşlar.
 
O vaxtlarda şkolalarda 1881-ci ildә namestnik tәsdiq etdiyi "uçebni planın" proqramı ilә dәrs deyilirdi; yәni әvvәlcә tәlim ana dilindә, sonra rus dilindә icra olunurdu.
 
Amma bir vaxtdan sonra bu "uçebni plan" tәdriclә qüvvәtdәn düşüb bilmәrrә unuduldu vә ana dilinin tәlimi şkolalardan götürüldü.
 
1881-ci ildәn indiyә kimi, yәni iyirmi yeddi ilin әrzindә Qori darülmüәlliminindәn 150 nәfәrә kimi müәllim çıxıbdır. Müsәlman şöbәsinin güşadından iki-üç il sonra İrәvanda dәxi bir darülmüәllimin açıldı.
 
Amma burada müsәlman şagirdlәrinin әdәdi çox az olmağa görә buradan ancaq otuz, artıq başı qırx nәfәrә kimi müәllimlәr hasilә gәlibdir.
 
Bunlardan әlavә, keçәn әsrin hәştadıncı sәnәlәrindә Tiflisdә Aleksandrovski institutundan beş-altı nәfәr şәhәr müәllimi tәhsili-elm edib kurs qurtarmışdı.
 
Bu müәllimlәrdәn möhtәrәm bәradәrlәrimiz Sultan Mәcidbәy Qәnizadә vә Hәbibbәy Mahmudbәyov Bakı şәhәrindә bir mәktәb açıb, tәzә üsul vә qayda ilә onda dәrs demәyin binasını qoymuşlar.
 
Demәk olar ki, bu müәllimlәrin Bakıda tәsis etdiklәri mәktәb indiki rus-müsәlman şkolalarının anası mәnzilәsindәdir.
 
Lakin o vaxt da maarif naziri olan Delyanovun tәdbiri vә binagüzarlığı ilә müsәlmanlardan şәhәr mәktәblәrindә müәllim olmaq ixtiyarı alındı.
 
Buna binaәn müsәlmanlardan instituta daxil olmaq rәğbәti kәsildi. Belә ki, 1888-ci ildә qızıl medal ilә institut kursunu tamam edәn cavanlarımızdan cәnab Hacı Rәhimbәy Qayibova şәhәrdә yer verilmәyib, İrәvan uyezdindә Uluxanlı qәryәsinә müәllim tәyin olundu. O da bir-iki sәnә kәnd müәllimliyi edib, özü üçün bir tәrәqqi yolu görmәyib, Okrujnoy sud mәhkəmәsinә qulluğa girdi.
 
Belә ki, iyirmi yeddi sәnәnin әrzindә dövlәt tәrәfindәn açılmış darülmüәlliminlәrdәn 200-ә qәdәr müәllimlәr çıxıbdır. Qafqazın üç milyona çatan müsәlman әhalisinin tәlim vә tәrbiyәsinә mübaşir olmaq üçün iki yüz nәfәr müәllim--dәryaya nisbәt bir qәtrә mәnzilәsindәndir desәk, mübaliğә etmiş olmarıq.
 
Ötәn mәqalәmizdә dövlәt tәrәfindәn açılmış darülmüәlliminlәrdәn iki yüz nәfәrә kimi kurs qurtarmış müәllimlәrin tamami Qafqaz müsәlmanlarının tәlim vә tәrbiyәsi üçün kifayәt etmәdiyini bәyan etmişdik.
 
Mәlum ola ki, bu iki yüz müәllimlәrdәn bu anacan bir neçәsi dari-bәqayә rihlәt edib, rәhmәti-hәqqә vasil olmuşlar.
 
Hali-hәyatda olanların da bir sülsi müәllimlik kimi nә qәdәr müqәddәs dә olsa ağır vә çәtin bir peşәyә, qәdr vә qiymәti bilinmәyәn vә nәzәrdә istiqbalı olunmayan bir sәnәtә tab gәtirmәyib, iki-üç sәnә müәllimlik etdikdәn sonra qeyri bir mәdaxilli sәnәtlәrin vә avam nәzәrindә hörmәtli sayılan başqa qulluqların dalısınca gediblәr.
 
Müәllimlikdәn hәr qisim mәnsәblәrә: polisiya qulluğuna, mütәrcimliyә, sekretarlığa, müxtәlif mәhkәmәlәrdә vә mütәәddid dәftәrxanalarda cürbәcür xidmәtlәrә girәni olubdur. Müәllimlikdәn hәtta aksız qulluğuna da keçәni olubdur.
 
Әlbәttә, o kәslәr ki, müәllimlik kimi möhtәrәm vә müqәddәs xidmәti tәrk edib, qeyri peşә dalısınca gediblәr, mәnәviyyat cәhәtincә öz әhdü peymanlarını şikәst ediblәr, ümumi xidmәti әda etmәkdәn, millәtә qulluq elәmәkdәn boyun qaçırıblar. Vәli maddi tәrәfdәn vә dolanacaq sarıdan bunlar zirәk vә durbin olublar. Zira müәllimlәrә nisbәtәn bunlar artıcaq rahat vә mürәffә-hal güzәran etmәkdәdirlәr.
 
Müәllimlik peşәsinә müdavimәt edib, onun zәhmәtinә qatlanıb qalanların halı vә güzәranı ziyadә üsrәt vә mәşәqqәt ilә keçibdir vә keçmәkdәdir. Bunlardan dәxi artıq bacarıqlı vә zirәk olanları dolanacaqlarını bir növ yüngüllәşdirmәk üçün kәndlәrdә qulluq etmәyә qane olmayıb şәhәrә keçiblәr. Şәhәrlәrdә müәllimlik mәvacibi kәnd müәlliminin mәvacibindәn bir az artıqdır vә hәm dә burada sair mәnbәlәr dә vardır ki, onlardan tәhsili-mәaş etmәk mümkündür. Bunlardan әlavә, şәhәrlәrdә әsbabi-tәrәqqi vә maarif hәmә vaxt müyәssәr olduğu üçün vә ünsiyyәt etmәyә müvafiq yar-yoldaş tapıldığı üçün şәhәrdә tәlim almış cavanlara şәhәrdә dә güzәran etmәk xoş keçir. Bu sәbәblәrә görә müәllimlәrin çoxu kәndlәrdәn qaçırlar.
 
Necә ki, bu barәdә üç sәnә bundan әvvәl "İrşad" ruznamәsinin sәhifәlәrindә yazmışdıq, indi dәxi haman mәtlәbi tәkrar edib deyirik ki, kәndlәrimiz müәllimsiz vә mürәbbisiz qalıbdır.
 
Üç yüz, dörd yüz vә daha ziyadә nüfuslu qәryәlәrimizdә mәktәb vә mәsciddәn bir әsәr dә yoxdur. Mayeyi-zindәganlığımız olan dәhat әhllәrinin vә rәiyyәt tayfasının balaları sırf avamlıqda yaşayıb, sahibsiz vә pәrәstarsız qalırlar. Cәhalәt vә onunla bahәm yoxsulluq vә qorxu get-gedә artıb çoxalır, qeyri millәtlәr tәrәqqi etdiyi halda biz tәnәzzül edirik. Zaqatala okruqunda iyirmidәn ziyadә dörd-beş yüz nüfuslu böyük kәndlәr vardır ki, heç birindә mәktәb vә mәdrәsә yoxdur. Belә dövlәtli vә mәhsuldar mahalın, bu sayaq barverici vә meyvәyetirici torpağın әhalisi әgәr elmli vә bilikli olsa idi, әlbәttә, ehtiyacdan xәbәrlәri olmazdı vә qızıl-gümüş içindә dolanardılar. Vәhalonki avamlıqları ucundan öz torpaqlarından mәnfәәtbәrdar ola bilmirlәr.
 
Qızıl vә gümüş axıb, kәnardan gәlmәlәrin, xaricilәrin torbalarına tökülür, amma yer vә mülk sahiblәri ehtiyacın içindә zillәt ilә güzәran edirlәr.
 
Habelә Nuxa uyezdindә, xüsusәn, Qәbәlә mahalında, İrәvan uyezdindә Zәngibasarda, Şırıldәrә, Lәgiz uyezdindә, Şuşa vә Cavanşir uyezdindә, xüsusәn Tәrtәrbasarda vә sair. Bunlar misilli ziyadә mәhsulat yetirici vә meyvәcat yetirici yerlәrdә әhali elmsizlik cәhәtindәn fәqir vә zillәtdә dolanmaqdadırlar. Tәrbiyә almış vә kamali-tәhsil etmiş cavanlarımız qaranlıqda qalan qardaşlarına işıq salmağı vә onları qaranlıqdan işığa çıxartmağı özlәrinә borc hesab etmәyib, hәr bir nәhvlә çalışırlar ki, kәndlәrdәn qaçıb uzaqlaşsınlar.
 
Kәndlәrdә öz qәzalarına razı olub qalan müәllimlәrimizin әdәdi altmış-yetmişdәn ziyadә deyil. Bunlardan ancaq bir neçәsi öz vәzifәlәrini kamalınca düşünüb, cani-dildәn intişari-maarif yolunda çalışırlar vә millәtin ayılıb tәrәqqi etmәsinә sәmimidildәn xidmәt edirlәr.
 
Bunların zәhmәtlәrinin sәmәri görünmәkdәdir. Amma mәtәәssüf, müәllimlәrin çoxunda bu rәviş, bu hәrәkәt vә bu canfәşanlıq müşahidә olunmur.
 
Bunlardan әksәri iki-üç sәnә az-çox hәvәslә tәlim vә tәrbiyә işlәrinә mәşğul olub, sonralardan yavaş-yavaş öz peşәlәrinә soyuyurlar, tәlim vә tәәllümә rәğbәtlәri kәsilir, mütaliәyә hәvәslәri olmayır, ruhlarının, әql vә әxlaqlarının tәrbiyәsinә bilmәrrә mәşğul olmayıb, bilaixtiyar özlәrinin xәbәri olmaya-olmaya geri gedirlәr vә avam halına düşürlәr.
 
Belә müәllimlәrdәn neçәlәrini tanıyıram ki, bir dәfә dә әlinә qәzet alıb oxumur, övzai-zәmanәdәn fil-cümlә xәbәrdar olmağa şövq vә hәvәs göstәrmir, şkolanın adına göndәrilәn kitablar başı bağlı qalıb kәsilmir vә ruznamәlәr qurşaqdan çıxmır.
 
Bu cәnablar gündә iki saat könülsüz dәrs demәyә iktifa edib, yerdә qalan vaxtlarını öz mәxsusi işlәrinin, kәsbkarlarının üstündә keçirirlәr.
 
Amma elәlәri dә var ki, heç bir iş görmәyib, övqati-әzizәlәrini mütlәq bikarçılıqda zaye edirlәr.
 
İldә ya iki ildә bir dәfә inspektor tәftiş üçün şkolaya tәşrif gәtirir, onu da bir sayaqla razı edib yola salırlar vә yenә öz bekarçılıqlarına mәşğul olurlar. Amma çox ittifaqlarda inspektor, direktor müsәlman müәllimlәrindәn narazı qalıb, onların tәnbәlliyindәn vә karsızlığından şikayәt edirlәr. Münsif vә haqqı inkar etmәyәn müәllimlәrin bir neçәsindәn eşitmişәm ki, öz dillәri ilә iqrar ediblәr: "Bәli, doğrudur, biz iş görmürük vә cani-dildәn müәllimlik etmirik vә bizim şkolaların xali qalmağına әksәr övqat sәbәb özümüz oluruq, çünki müәllimlik dә bizә bir şey vermir".
 
İşlәr bu minval üzrә getdikdә, әlbәttә, müәllim camaatın gözündә hörmәtdәn düşür vә onun üçün qәlblәrdә bir mәhәli-etina vә mәqami-mәhәbbәt qalmır vә onun mәktәbinә uşaq verәn olmur. Elә şkolalar var ki, onda bütün il sәrasәr beş-on uşaqdan ziyadә şagird olmur.
 
Әlbәttә, kәndlәrdә müәllimlik etmәk yüngül vә asan iş deyil. Xüsusәn, müsәlman kәndlәrindә: bir tәrәfdәn, divan әmәlәsi tutduğu xilafi-zakon işlәrin bәrәkәtindәn, digәr bir tәrәfdәn, şikәm güdәn vә fanatik mollaların xilafi-şәriәt işlәtdiyi әmәllәrin vә söylәdiyi vәzlәrin tәsirindәn vә bunlar ilә bahәm işıqdan qorxan vә millәtin ayılmağından xof vә әndişә edәn mülkәdar-bәylәrin vә ağaların mәrhәmәtindәn bir növ әxlaqsız olublar, elm vә әdәbә meyl vә rәğbәt göstәrmәyirlәr; şkolaya ayrı gözlә baxırlar vә müәllimlәrә çәndan etina vә ehtiram olmayır. Çox kәndlәrdә biçarә müәllimlәrin halı ziyadә çәtinlik ilә keçir vә bu xüsusda "Qafqaz" ruznamәsinin 25-ci nömrәsindә "İbtidai mәktәblәrin qüsuru" ünvanı ilә yazılmış mәqalәdә haq sözlәr çoxdur. Vә lakin bizim әqidәmizә görә, müәllimin ürәyindә atәş olsa bu maneәlәrin çoxuna qalib gәlә bilәr vә öz dairәsindә әvvәlinci şәxs ola bilәr....
 
Müәllim mәktәbin canı vә içindә olduğu camaatın çırağı mәqamındadır. Müәllim öz şüğlini sevsә, öz şagirdlәrini övladı kimi istәsә, onların tәlim vә tәrbiyәsinә can yandırsa, әhalinin gözünü açmağa vә xeyir yetirici biliklәr ilә cәhalәt pәrdәsini yırtmağa sәrfi-hümmәt etsә, bilaşübhә, böyük kәramәtlәr göstәrәr vә cümlәnin rәğbәt vә mәhәbbәtinә mәzhәr olar.
 
Hәr bir şey mәhәbbәtә bağlıdır. Hәr bir şeyә hәyat verәn, hәr bir şeyi tәr vә tәzә qılan, hәr bir şeyi gözәl, mәqbul vә nurani edәn mәhәbbәtdir!
 
Heyfa ki, bu ali vә pakizә hiss, bu yandırıcı atәş bizim qәlbimizdә yoxdur; heyfa ki, nә ev tәrbiyәsindә, nә mәktәblәrdә vә mәscidlәrdә vә nә dә camaatımızın içindә mәhәbbәt atәşini bizim ürәyimizdә yandıran olmayıbdır.
 
Müәllim mәktәbin canı olduğunu vә mәhәbbәt ilә çox işlәr açdığını әcnәbi qövm vә tayfaların içindә görürük. Bizim müsәlmanlar dәxi belә hәqiqi millәt xadimlәrindәn mәhrum deyillәr. Kәnd müәllimlәrinin içindә İsabәy Abakarov, Әhmәd ağa Mustafayev kimi bir neçә möhtәrәm şәxslәr var ki, hәqiqәtdә millәt xadimi olub, cani-dildәn tәlim vә tәrbiyә işlәrinә ömürlәrini sәrf ediblәr. Bunlardan hәr birisi iyirmi ildәn ziyadәdir ki, müәllimlik etmәkdәdir. Bunlar qulluq sarıdan artıq bir tәrәqqi etmәyiblәrsә dә vә tәrәqqi etmәk qeydinә dәxi düşmәyiblәrsәlәr dә, camaatın mәhәbbәtinә şayәstә olublar. Hansı kәnddә müәllimlik ediblәrsә, orada mәrifәt çırağını yandırıb, әhalinin gözlәrini açıb, mәnәvi tәrәqqilәrinә bais olublar. İsabәyin tәhti-tәrbiyәsindә yüzlәrcә rәiyyәt balaları çıxıb, kamali-tәhsil edib, çörәk sahibi olubdur. İsabәy çox fәqir şәxslәrin övladına atalıq edib, azacıq mәvacibindәn onlara xörәk vә puşak verib oxudubdur. İmtahan mövsümündә onları öz xәrci ilә Tiflisә, Gәncәyә, Qoriyә göndәrib vә çox vaxtı özü aparıb bәzisini sәnәt mәktәbinә, kimisini feldşer şkolasına, kimisini seminariyaya vә hәtta bir neçәsini gimnaziyaya qoyubdur.
 
İsabәyin haqqı bizim üstümüzdә çoxdur. İsabәy bizim Pestalotsimiz mәqamındadır. Vә lakin belәlәri çox azdır, beş-on nәfәr ancaq tapılar. Yerdә qalanları öz şüğllәrinә soyuyubdur, ürәklәrindә olan atәş sönübdür vә hәr şeyә hәyat verәn mәhәbbәt çeşmәsi quruyubdur.
 
Bәzilәri bizim müәllimlәrin öz şüğl vә sәnәtlәrinә nisbәtәn izhar qıldıqları soyuqluq vә kәmetinalığı onların tәlim alıb kursu tamam etdiklәri mәktәblәrin qüsuruna hәml edirlәr. Çoxları bu әqidәdәdirlәr ki, darülmüәlliminlәr elmli, lәyaqәtli vә öz işini yaxşı bilәn müәllimlәr hazırlaşdırmır.
 
Bu rәy vә әqidәlәrdә, әlbәttә, doğruluq asarı çoxdur, öz tәrәfimizdәn biz deyә bilәrik: nәinki bir kәnd müәllimlәri hazırlaşdıran, hәtta şәhәr mәktәblәri vә gimnaziyalar üçün qabil vә mahir müәllimlәr yetirәn darülmәdrәsәlәr vә ali mәktәblәr yoxdur.
 
Buna baş vә ümdә sәbәblәrdәn birisi dә budur ki, mәişәt ilә mәktәbin mabeynindә әsla ittifaq vә saziş yoxdur, mәmlәkәtimizdә qәdim zamandan bәridir ki, mәişәt öz yolu ilә, mәktәb dәxi öz çığırı ilә gedib, bir-birindәn xәbәri olmayıbdır, bir-birinin qeydinә, dәrdinә vә ehtiyacına mültәfit olmayıblar; mәktәb öz başına qalıb, yaxşı-yaman öz işinә mәşğul olubdur.
 
Mәişәt dәxi mәktәbin varlığından vә yoxluğundan xәbәrdar olmayıb, onun nәdәn ötrü, nә işin xatirәsi üçün vә hansı ehtiyacın rәfi üçün bina olduğunu әsla nәzәrә almayıb, öz yolu ilә gedibdir.
 
Rusiya dövlәti әksәr ittifaqlarda Avropa mәdәni millәtlәri arasında filan növ mәdrәsәlәr vә filan qisim mәktәblәr var, bizdә dә olsun deyib, öz millәtinin dәrәcәyi-kamalını, tәbiәt vә xasiyyәtini vә zәruri ehtiyaclarını nәzәrә almayıb, mәhz bir "moda" üçün mәişәtә uymayan vә yaramayan mәktәblәr açıbdır. Amma lazım olanların qeydinә vә fikrinә qalmayıbdır.
 
Belә ki, qәdim zamandan bәridir ki, mәktәb mәişәtin rәfi-ehtiyacı vә tәrәqqisi üçün olmayıb, ziynәt vә bәzәyi üçün xәlq olunubdur. Bu illәtdәn naşidir ki, mәktәb elmli, bilikli, mәişәtin ehtiyacatını rәf edici vә millәtin tәrәqqi vә sәadәtinә sәbәb olucu adamlar yetirә bilmәyir.
 
Belә olan surәtdә şәk yoxdur ki, darülmüәlliminlәrimiz vә darülmәdrәsәlәrimiz dәxi bu zikr olunan tәsәvvürdәn ari vә bәri deyil.
 
Bununla belә, bizim әqidәmizә görә, tamam müәllimlәrin bilümum vә kәnd müәllimlәrinin bilxüsus öz peşәlәrinә bu qәdәr süst, kәmmәhәl vә kәmetina olmaqlarına ümdә sәbәb onların hәddәn ziyadә az mәvacib almaqlarıdır.
 
Bir peşә ki, öz әrbabını hәmişә fәqir vә zillәtdә saxlaya, onun ehtiyaclarını necә ki, lazımdır ödәmәyә, aclıqdan vә susuzluqdan, istidәn vә soyuqdan özünü vә әyalını mühafizәt etmәyә, o peşәyә dәxi әrbabı tәrәfindәn artıq meyl vә rәğbәt olunmaz. O peşәnin sahibi çalışar ki, özgә bir xeyirli işin vә mәnfәәtli kәsbin dalısınca getsin.
 
Mәnim әhibbalarımdan institut qurtarmış bir nәfәri-qabil vә qeyrәtmәnd şәhәr mәktәblәrinin birisindә on il sәrasәr qulluq edib, ildә 4 yüz manat mәvacib almaqla bir növ güzәran edirdi. Bu şәxs nә qәdәr cani-dil ilә ibtidada qulluq әmrlәrini yerinә yetirdisә dә, bir o qәdәr dә axırlarda soyuyub, tәlim vә tәdris işlәrinә hәvәsdәn düşmüşdü. On ilin әrzindә buna müәllimlik yeri vermәdilәr, ancaq müәllimә müavin olub, dörd yüz manatdan ziyadә mәvacib ala bilmәdi. Axırda özü qulluğundan şikayәt edib, mәnә hali-dilini söylәdi ki, "filankәs, bu qәdәr zәhmәt vә әziyyәtin müqabilindә bir tәrәqqi yolu görmәmәk, әliboş, üzü qara qalmaq hәr kәsi rәğbәtdәn salar vә incidәr.
 
Bir yandan әhli-әyalın fikri, bir yandan övladın tәrbiyә әndişәsi şu ismi bu növ pәrişan edibdir ki, müәllimlik fikri vә tәlim-tәdris işlәri mәnim üçün axırkı mәsәlәlәrdәn birisi olubdur. Hәrgah doğrusunu bilmәk istәyirsәn, әrz edәyim: başımın әn bala mәrtәbәsindә bu hindә un vә buğda fikridir. Ondan aşağıdakı mәrtәbәdә yar vә düyü әndişәsidir. Ondan da aşağıda odun vә kömür dәğdәğәsidir; lap axırıncı mәrtәbәdә olanı şagirdlәrin hesab vә yazı dәftәrlәridir ki, sabaha gәrәk onları düzәldәm. Hәqiqәti-әmrdәn bizimki müәllimlik deyil, çәrçilikdir. Şeyx Sәdi әbәs demәyibdir:
 
Qәme-fәrzәndo nano camәvo qut
Baz darәd ziseyr dәr mәlәkut.
Hәme ruz ittifaq misazәm
Ke, beşәb baxuday pәrdazәm.
Şәb ki, әqde-nәmaz mi bәndәm,
Çe xurәd bamdad fәrzәndәm. [2]
 
[2] Tərcüməsi:
 
Övlad, çörək, paltar və azuqə dərdi.
Sənin aləmi-mələkutda seyr etməyinin qarşısını alar.
Bütün günü çalışıram ki, gecələr allaha ibadət edim.
Gecə ki, namazla məşğulam, bəs səhər çağı uşaqlarım nə yesin?
 
"Qarnı ac abidin ibadәti dürüst olmayan kimi, ac müәllimin müәllimliyi dәxi dürüst deyil vә ondan fayda gözlәmәk әqli-sәlimdәn bәiddir".
 
Mәzkur müәllim on ildәn ziyadәdir ki, müәllimlik peşәsini tәrk qılıb, ticarәt әmrinә mәşğuldur vә bu halda güzәranı xoş vә rahat keçir, müәllim olduğu vaxtda çәkdiyi darlığı vә ürәk sıxıntısını indi çәkmir vә mәqamı düşdükcә millәtә dәxi qövlәn vә felәn xidmәtini müzayiqә etmәyir. Bu minval müәllimlikdәn bizar vә dilgir olub qaçanların vә әli çörәyә çatanların әdәdi az deyil.
 
Tamam Rusiyada müәllimlәrin haqqında görsәnilәn hәqarәt vә әdalәtsizlik "Novoye vremya" kimi bir darmәslәk vә mühafizәkar qәzeti dәxi dilә gәtirmişdir.
 
"Novoye vremya" edadiyyә mәktәblәrindә, gimnaziyalarda qulluq edәn müәllimlәrin halına yanıb tәkid edir ki, onların zәhmәti azalıb, mәvaciblәri çoxalsın. Qәzetә gimnaziyalarda qabil vә mahir müәllimlәrin olmadığını bu illәtdәn görüb deyir: "Bu mәtlәb barәsindә dәfәat ilә yazılıbsa da, heyfәn ki, yazıçıların nalә vә fәryadı sahibi-ixtiyarların vә dadrәslәrin qulaqlarına yetişmәyibdir vә cәrәs sәdası kimi biyabanda mәhv vә nabud olubdur".
 
Gimnaziyalarda mahir vә öz işlәrinә bәlәd olan müәllimlәrin yoxluğuna ümdә sәbәb, necә ki, yuxarıda işarә etmişdik, bunları hazırlaşdıran vә kamil müәllim yetirәn darülmüәlliminlәrin yoxluğudur, o institutlar vә darülülumlar ki, ondan müәllimlәr hasilә gәlir, qayda üzrә tәsis olunmamışdır. Onlarda pedaqogiya elminә dair vә tәlimat işlәrinә mәnsub mәlumat verilmәyib. Gimnaziya müәllimlәrindәn çoxlarını tanıyıram ki, pedaqogiya fәnn vә elminin babası sayılan Amos Komenskinin vә Pestalotsinin adların da eşitmiş olsunlar.
 
Bu qüsurun illәtini "Novoye vremya" açıq yazır. O illәt budur: Sabiqdәki maarif nazirlәrinin ümdә fikri yaxşı müәllimlәr vә qabil müdәrrislәr yetirmәk olmayıb. Onların fikir vә xәyalı saldatlar kimi naçalniklәrin, rәislәrin hökmünә tabe vә әmrinә müti çinovniklәr hasilә gәtirmәk olubdur. Onlardan mәşhuru qraf Tolstoy müәllimlәr yetirmәk üçün cavan tәlәbәlәrә saldat kimi tәlim verdirib, onların bәdәnlәrindәn müәllimlik ruhunu çıxardıb, çinovniklik ruhu daxil etmәyә müvәffәq oldu. Delyanov bu yolda özündәn tәzә bir şey ixtira edә bilmәdisә dә, Tolstoy qoyduğu pürmәşәqqәt, sәrt vә müәllimlik vәzifәsinә müğayir qaydaları mühafizәt etmәyә cani-dildәn çalışdı.
 
Tolstoy vә Delyanov kimi pedaqogiya elmindәn bisәmәr vә insaniyyәt alәmindәn bixәbәr şәxslәr maarif vәziri olduğu halda, Piraqov kimi rәhmdil vә mәşhur pedaqoq kәnarda qalıb unuduldu.
 
Qәzetә nәticәyi-kәlamda bunu yazır ki, hәrgah gimnaziyalarda qulluq edәn müәllimlәrin zәruri ehtiyacları rәf olunsa, mәvaciblәri artsa vә zәhmәtlәri azalsa, onda hәr bir müәllim bilaşübhә çalışıb sәy edәcәkdir ki, öz vәzifәsini layiqincә әda etsin, mәnsәbi xatirәsi üçün qulluğunda bir qüsur qoymasın.
 
Söz yoxdur ki, gimnaziya müәllimlәri az mәvacib alır vә әmri-maaşda qeyri çinovniklәrә görә bir növ üsrәt çәkirlәr vә lakin onlardan da artıq üsrәt vә zillәt çәkәn kәndlәrdә vә qorodskoy şkolalarda qulluq edәn müәllimlәrdir. Bu biçarәlәr ağır vә pürmәşәqqәt zәhmәtlәri әvәzindә bu bahalıq әsrindә o qәdәr az mәvacib alırlar ki, çoxusu tәngә gәlib müәllimlikdәn qaçır vә qaça bilmәyәnlәri dә dilәnçilik halında ömürlәrini zaye edir. Bәs hәr şeydәn әvvәl vә cümlәdәn müqәddәm gәrәkdir bu binәvaların dәrdinә çarә etmәk vә halına yanmaq. Yәqindir ki, maaş sarıdan bunların da ehtiyacı rәf olunsa vә zәhmәtlәrinә görә bunlara da mәvacib tәyin olunsa, bunlar da çalışacaqlar ki, öz öhdәlәrinә götürdüklәri tәlim vә tәrbiyәyi-әtfal kimi mühüm әmri layiqincә ifa elәsinlәr. O vaxt cavanlarımız nәinki müәllimlikdәn qaçarlar, bәlkә çoxları sair qulluqdan müәllimliyә keçmәyә meyl vә rәğbәt göstәrәrlәr vә camaat nәzәrindә dәxi müәllimlәrin şan vә hörmәti artar.