Məktəb nə demək? Şəmsi-şəbistani-cəhalət.
Məktəb nə demək? Gülşəni-ürfan, kəmalət,
Məktəb nə demək? Ümmətə bir babi-inayət,
Eylər qələmim sizlərə həqqilə vəsayət:
Darülədəbin bilməliyiz qədrini, millət,
Göstərməli ikmalına olduqca həmiyyət.
Məktəb nə demək? Rəhbəri-övladi-vətəndir.
İrşadına məzhər bulunan əhli-fətəndir,
Məktəb düri-adabü kəmalətə ədəndir,
Atidəki söz bizlər üçün zibi-dəhəndir:
Darülədəbin bilməliyiz qədrini, millət,
Göstərməli ikmalına olduqca həmiyyət.
Məktəb nə demək? Ruh, dilə feyzrəsandır,
Gəhvareyi-canpərvəri-rövşənnəfəsandır,
Aşiqləri darülədəbin növhəvəsandır.
Bu söz bizə hər şamü səhər zikri-lisandır:
Darülədəbin bilməliyiz qədrini, millət,
Göstərməli ikmalına olduqca həmiyyət.
Məktəblə qılar növi-bəşər dəfi-bəlaya,
Məktəblə çıxar zahirə əsrari-xəfaya,
Məktəblə yaşar rahətü məsud rəaya,
Eylər qələmim bu sözü təkrar vəsaya:
Darülədəbin bilməliyiz qədrini, millət,
Göstərməli ikmalına olduqca həmiyyət.
Azmışlar üçün elmü ədəb nuri-səhərdir,
Cəhl ilə kor olmuşlar üçün köhl bəsərdir,
İnsana şərəfbəxş fəqət elmü hünərdir.
Bimərfət adəm canı yox xüşk şəcərdir.
Darülədəbin bilməliyiz qədrini, millət,
Göstərməli ikmalına olduqca həmiyyət.