Məlahət gülşənində bir güli-həmrayə həsbəndəm

Vikimənbə saytından
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəm
Müəllif: Kazım ağa Salik
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Məlahət gülşənində bir güli-həmrayə həsbəndəm,
Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,
Lətafət mədənində gövhəri-yektayə həsbəndəm,
Səbahət aləmində bir mələksimayə həsbəndəm,
Budur, xislətdə bir şuxi-qədi-rənayə həsbəndəm.

Alıbdır aqlimi məndən, edib Məcnunü divanə,
Salıbdır tazədən rəxnə bu gün həm dinü imanə,
Tərəhhüm eyləməz zalim məni-bisəbrü səmanə,
Ləbi-ləlin həvasindən dönübdür bağrımız qanə,
Əcəb şuxi-qəmərtələt, cahanarayə həsbəndəm.

Tərəhhüm et, məni qılma cahan mülkündə avarə,
Məni məcnun edən sənsən, kim etsin dərdimə çarə?
Ləbi-nuşin dəvasindən tələttüf eylə bimarə,
Xədəngi-tiri-müjganın edibdir sinəmi yarə,
Billuri-safü simin gərdəni-minayə həsbəndəm.

Qaşın qövsi-qüzehdir, ya hilali-eydi-əzhadır?
Dü zülfün türreyi-Leyla və ya zülfı-çəlipadır?
Üzün gündür və ya atəş və ya nuri-təcəlladır?
Ləbin yaquti-biqiymət və ya ləli-Mosihadir?
Mən an çeşmani-məftun, nərgisi-şəhlayə həsbəndəm.

Olubdur mürği-dil məhbus daim zülf damanında,
Edər ləlin təmənnasın həmişə şövqi-canında,
Əgər küstaxlıq etsəm, zərafatlıq məqamında,
Hərəc yoxdur mərizə, həq buyurmuş öz kəlamında,
Mərizi-eşqəm əvvəldən, ruxi-zibayə həsbəndəm.

Sərasər cüstcu etsən, əgər şövq ilə dünyani,
Tapılmaz mən kimi aşiq sana, ey Yusifi-sani,
Mənə bihudə cövr etmə ki, tərk etməm bu sövdani,
Olur ya mətləbim hasü və ya ömrüm olur fani,
Riza ver, ya ki, cəng eylə ki, mən dəvayə həsbəndəm.

Qələm divanəyə yoxdur, mənəm Məcnuni-bipərva,
Edib əşkim məni aləmdə həm bibakü həm rüsva,
Alıbdır dinü imanım, edibdir ömrümü yəğma,
Bu yolda Salikəm, billah, vurubdur başıma sövda,
Nə bakim var bu aləmdən ki, mən üqbayə həsbəndəm.