Mənə Dilbər

Vikimənbə saytından
Mənə Dilbər
Müəllif: Aşıq Musa
Mənbə: Aşıq Musa, "Əsərləri" (tərtib edəni:İslam Ələsgər), Bakı, "Elm və təhsil", 2013.

 
Qız, belə gəzməyin aşıq öldürür,
Telindən tel ayır sat mənə, Dilbər!
Sinəm nişanadı, ağrımaz bədən,
Atırsan yay-oxun at mənə, Dilbər!

Bar-ilahi belə gözəl sağ olsun,
Cilvələnsin bəxti, günü ağ olsun!
Həsrət ölsəm, qoy sinəmdə dağ olsun,
Belə tənbehləri tut mənə, Dilbər!

Musa deyər bu sözləri o dona,
Mən müştaqam o libasa, o dona.
Alışsın oymağın, düşsün od ona,
Əgər ki, sən desən “get” mənə, Dilbər!