Məzmuna keç

Mən (Çoban Məhəmməd)

Vikimənbə saytından
Mən (Çoban Məhəmməd)
Müəllif: Şair Məhəmməd

Aran çox istidi, yaylaq sərindi,
Bilmirəm qalmayım, yoxsa qalım mən?
Könül bir gözələ aşiq olubdu,
Bilmirəm almayım, yoxsa alım mən?

Çox ziba gözəldi, gözəllər xanı,
Əyninə geyibdi əlvan libası.
Görünür gözümə eşqin dəryası,
Bilmirəm dalmayım, yoxsa dalım mən?

Məhəmmədəm, ağlım başdan azalıb,
Zimistan qəhrini əldə yaz alıb.
Axmaq könlüm yaş altmışda saz alıb,
Bilmirəm çalmayım, yoxsa çalım mən?