Məzmuna keç

Mən (Şair Bəşir)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mən (Şair Bəşir) (1913)
Müəllif: Şair Bəşir
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Şövq əhliyəm, əldə yoxdu fürsətim,
İstəkli dostlardan aralıyam mən.
Qəhrli aslanam qəm libasında,
Seyraqub sözündən yaralıyam mən.

Düşəndə yadıma günün keçmişi,
Mənə yer eləyir fələyin işi.
Görüm viran qalsın belə gərdişi,
Bir soruşan yoxdu haralıyam mən.

Az qanan insana pis söz kar etməz,
Namərdə yalvarma, dadına yetməz.
Mərdlər dost yolundan kənara getməz,
Dost ucundan başı bəlalıyam mən.

Alçaq dağlar başda qarı saxlamaz,
Mərd iyidlər miras varı saxlamaz.
Laçın qaynağında sarı saxlamaz,
Tərlan ovlağından aralıyam mən.

Cavanlıq vaxtından üzüm gülmədi,
Qohum-qardaş, dost yanıma gəlmədi,
Ha yana əl atdım, iş düzəlmədi,
Əzəldən iqbalı qaralıyam mən.

Mən Bəşirəm, yalan gəlməz dilimə,
Bülbül təki həsrət qaldım gülümə.
Baxtımın kitabı keçə əlimə,
Oxuyub adımı qaralıyam mən.