Mən (Mücrüm Kərim)

Vikimənbə saytından
Mən
Müəllif: Mücrüm Kərim
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Rəhm et mənə gülüzlü yar,
Qəribi-binəvayam mən.
İstərəm hüsnün zəkatm,
Müstəhəqqəm, gədayəm mən.

Cövründən gəldim amana,
Gözüm yaşı döndü qana,
Səninlə oldum bigana,
Qəminlə aşinayam mən.

Başımdı yolunda fəda,
Sənə insaf versin xuda,
Çünki düşdüm səndən cida,
Dəli, həm divanayam mən.

Qurbanam ol şirin dilə,
Rəhm elə mən tək bülbülə,
Çünki düşdüm dildən-dilə,
Qəribə əfsanayam mən.

Kərim, Kərimə gəl dada,
Tez yetir könlümü şada,
Beş gün bu fani dünyada,
Misali-mehmanayam mən.