Məzmuna keç

Mən (Molla Cümə)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mən
Müəllif: Molla Cümə
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13.
Şeir daş üzərində

Aşıqlıq Adəmdən icad olubdur,
Ol Adəm atanın nəvəsiyəm mən.
Nə qədər dünyaya aşıq gəlibdir,
Küllü aşıqların anasıyam mən.

Aşıq anasıyam, şairlər kökü,
Gəzərəm dünyanı divanə təki,
Mahalım Göynükdü, şəhərim Şəki,
Layiski kəndinin binasıyam mən.

Binəm Layiskiyə düşübdür mehman,
Pədərim Salahdır, madərim Reyhan,
Vələdim Həsəndir, əxim Süleyman,
Familim Mollaoruc ədnasıyam mən.

Ədnayam, kəmtərəm, dərdə dərmanam,
Hənəfi məzhəbəm, həm müsəlmanam,
Nəbim Məhəmməddir, əhli-Quranam,
Mömin qardaşların aşnasıyam mən.

Aşnayam gedərəm doğru yolunan,
Bülbüləm, söhbətim olar gülünən,
Danışsalar yetmiş iki dilinən,
Ol qədər arifəm, qanasıyam mən.

Qanıram, ustaddan almışam dərsi,
Oxumuşam ərəb, türk ilə farsi,
Fikrim seyr eyləyir ərşinən kürsi,
Dərin kitabların mənasıyam mən.

Mənada Mollayam, Molla Cumayam,
İsmi Pünhan, oduna pərvanayam,
Gəlmişəm cahana, bir gün fənayam,
Axırda Kərəmtək yanasıyam mən.

Xarici keçidlər

[redaktə]