Məzmuna keç

Mən (Qurbani)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mən
Müəllif: Aşıq Qurbani
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Heç gəlmirsən bulaq üstə,
Gündə üç yol gəlirəm mən.
Üzümə soyuq baxırsan,
Ürəyini bilirəm mən.

Kaş ki gözəl olmuyaydın,
Saralıban solmuyaydın,
Mənnən aşna olmuyaydın,
Ayrılanda ölürəm mən.

Gül dibini xara qoydun,
Bülbülü ah-zara qoydun,
Qurbanini biçara qoydun,
Gedirsən get, gəlirəm mən.