Mən (gəraylı, Aşıq Ələsgər)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Mən Müəllif: Aşıq Ələsgər |
Mənbə: Aşıq Ələsgər. Əsərləri. Bakı, 2004. səh.159. |
Gözəl, sana məlum olsun,
Həsrətindən yanıram mən.
Ala gözlər süzüləndə,
Canımdan usanıram mən.
Hansı dağın maralısan?
Hayıf, bizdən aralısan!
Sən də yardan yaralısan,
Dürüşündan qanıram mən.
Mənim adım Ələsgərdi,
Dərdim dillərdə dəftərdi.
Xalların dürrü gövhərdi,
Sərrafıyam, tanıram mən.