Mən (qoşma, Aşıq Musa)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mən
Müəllif: Aşıq Musa
Mənbə: Aşıq Musa, "Əsərləri" (tərtib edəni:İslam Ələsgər), Bakı, "Elm və təhsil", 2013.

 
Bilin, bu yerlərdə ədalət yoxdu,
Heç bilmirəm, kimə gedim dada mən.
Sızıldaşır yaram, təbibim yoxdu,
Bayqu kimi eyləyərəm səda mən.

El içində bəxti qara mən oldum,
Mansır tək çəkilən dara mən oldum.
Dərd əlindən hazar para mən oldum,
Səbəb nədi, heç düşmürəm yada mən?

Musanın könlünə düşübdür güman,
Pünhan qaldı sözüm, olmadı bəyan.
Dadıma çatınca ədalət divan,
Tabım yoxdu, alışacam oda mən.