Məzmuna keç

Mən bilmirəm kimə deyim dərdimi

Vikimənbə saytından
Mən bilmirəm kimə deyim dərdimi
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Mən yazığın qəm doludu sinəsi,
Mən bilmirəm, kimə deyim dərdimi?
Hicran yeksanıyam, qəm tarümarı,
Mən bilmirəm, kimə deyim dərdimi?

Şura gəlib xoş günümüz vay olub ,
Ağlamaqdan göz yaşlarım çay olub,
İlim bir qərinə, günüm ay olub.
Mən bilmirəm, kimə deyim dərdimi?

Fələk daşım atdı çox uzaqlara,
Çıxıb Ağbabadan gör düşdük hara!?
Arif yoxdu, dərdim çəkəm bazara,
Mən bilmirəm, kimə deyim dərdimi?

Danışmağa sözüm qalmıyıb mənim,
Ağlamağa gözüm qalmıyıb mənim ,
Kül olmuşam, közüm qalmayıb mənim,
Mən bilmirəm, kimə deyim dərdimi?

Şan – şan oluf sizlar sinəmdə dağlar,
Nə cərrah sariyar, nə təbib bağlar.
Bu dərdləri yağı görüb qan ağlar!
Mən bilmirəm, kimə deyim dərdimi?

Ələnib saçıma dünyanın qarı,
Qəm üstə köklənib, könlümün tarı.
Tutub tellərimdən qəm cəlladları.
Mən bilmirəm, kimə deyim dərdimi?

Qul Heydərəm, müxənnətə yağıyam,
Hicran şəhərində, ev tustağıyam.
Bu qoca vaxtında qəm tapdağıyam,
Mən bilmirəm, kimə deyim dərdimi?