Məzmuna keç

Mən itirdim, mən araram, yar mənimdir, kimə nə

Vikimənbə saytından
Mən itirdim, mən araram, yar mənimdir, kimə nə
Müəllif: Qul Nəsimi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Mən itirdim, mən araram, yar mənimdir, kimə nə?
Gah gedərəm öz bağıma, gül dərərəm, kimə nə?

Gah gedərəm mədrəsəyə, dərs oxuram haqq üçün,
Gah gedərəm meyxanəyə dəm çəkərəm, kimə nə?

Sofilər haram demişlər bu eşqin şərabını
Mən doldurar, mən içərəm, şərab mənim, kimə nə?

Mən məlamət xirqəsini kəndim geydim eynimə
Arü namus şişəsini daşa çaldım, kimə nə?

Sofilər səcdə edərlər məscidin mehrabına
Yar eşiyi səcdəgahım, üz sürərəm kimə nə?

Gah çıxaram göy üzünə, hökmdaram kaf-bə-kaf
Gah enərəm yer üzünə, yar sevərəm, kimə nə?

Dedilər ki: Ya Nəsimi, yarın ilə xoşmusan?
Xoş olayım, olmayayım, yar mənimdir, kimə nə?